Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin hər bir müsahibəsi həqiqətlərimizin təbliği üçün zəngin mənbədir

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin hər bir müsahibəsi həqiqətlərimizin təbliği üçün zəngin mənbədir

16.08.2021 [09:50]

Dövlətimizin başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərəm Prezidentimizin avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Azərbaycan Prezidenti müsahibədə telekanalın müxbirinin suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırdı. Digər mühüm məqam isə odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezidentin əldə olunan nailiyyətlərdən, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrindən, postmüharibə dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədilə möhkəm hüquqi bazanın mövcudluğundan məmnunluğunun aydın ifadəsini yaradır. Əsas olan budur ki, Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində ərazi bütövlüyü təmin olunan, işğaldan azad edilən torpaqlarında üçrəngli bayrağı dalğalanan, 30 ilin işğalına 44 gündə son qoyan qalib ölkə kimi qeyd edəcək. Sözügedən müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin güclü, öz xalqını dərindən sevən, bütün qüvvə və bacarığını Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütöv bir millətin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir. Möhtərəm Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirməklə, ərazi bütövlüyümüzü bərpa edib ümummilli lider Heydər Əliyevin vəsiyyətini, Azərbaycan xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb. Prezident İlham Əliyevin müsahibədə “Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik” fikri bütün bu dediklərimizin ümumiləşdirilmiş ifadəsi, dövlət başçısının xarakterini, şəxsi keyfiyyətlərini, qətiyyətini, cəsarətini, vətənpərvərlik nümunəsini təqdim edən tezisdir.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan işğalın davam etdiyi 30 ilə yaxın müddətdə sülh siyasətinə sadiqlik nümayiş etdirərək bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların nəticə verməsi üçün ciddi səylər göstərdi. Amma dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınması, həlledici məqamlarda təxribatlar törətmək cəhdləri diqqətdən kənarda qalmadı. Açıq-aydın göründü ki, Ermənistan münaqişənin həllində maraqlı deyil, yeni müharibə planları hazırlayır. 44 günlük Vətən müharibəsində Ermənistanın işğal altında olan ərazilərimizdə qurduğu istehkamları, havadarları tərəfindən, necə deyərlər, təpədən-dırnağadək silahlandırılmasını gördükdə bunu bir daha təsdiqlədik. Himayədarlarının dəstəyi ilə danışıqları imitasiya naminə aparan, özü üçün vaxt qazanıb istehkamlar quran, silahlanan Ermənistan sonda Azərbaycan Ordusu tərəfindən necə diz çökdürüldüyünün şahidi oldu.

Dövlətimizin başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində də diqqəti bu məqamlara, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsizliyinə yönəldərək bildirmişdir ki, son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu: “Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü bərpa etdi.

Baş redaktor vurğulayıb ki, dünya 30 ilə yaxın müddətdə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, BMT-nin məlum qətnamələrini necə kobud şəkildə pozmasına göz yumduğu kimi, 44 günlük İkinci Qarabağ müharibəsində də erməni vəhşiliklərini görməzdən gəldi, işğalçıların dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri vandalizm aktlarına münasibətdə seyrçi mövqedə dayanmağa üstünlük verdi. “Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən xeyli uzaqda yerləşən ərazilərimizi raketlə atəşə tutmaları, mülki şəxslərin ölümünə, yaralanmasına, böyük dağıntılara səbəb olan təxribatlarına biganə yanaşan dünya birliyi bununla 30 illik dövrdə ədaləti hansı meyarlarla qoruduğunu nümayiş etdirdi. Şəhər və kəndləri intensiv surətdə atəşə tutması, müharibə cinayətləri törətməsi Ermənistanın təcavüzkar dövlət olduğunu, onun hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüquqa sayğısız yanaşdığını, müharibə cinayətləri törətməsini işğalçılıq siyasətinin tərkib hissəsinə çevirdiyini təsdiqlədi”, - deyə o qeyd edib.

Artıq bütün bunların tarixə qovuşduğunu vurğulayan Vüqar Rəhimzadə bildirib: “Azərbaycan özünün çağdaş tarixində yeni səhifə açıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Bu torpaqlarda ermənilər tərəfindən bütün infrastrukturun dağıdılması və talan edilməsi, hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı gərgin iş aparılması, bu işlərin planlı şəkildə, maksimal sürətlə həyata keçirilməsi göz önündədir. Reallıqlar Ermənistanın dağıdıcı, Azərbaycanın isə qurucu, yaradıcı olduğunu təsdiq edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bərpa və yenidənqurma işlərinin başa çatdırılmasında əsas rəqib zamandır. Qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Lakin vətəndaşlarımızın ən qısa müddətdə qayıtmalarını təmin etmək üçün sistemli işlər həyata keçirilir. Birinci pilot layihə artıq gerçəkləşir. Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, gələn ilin əvvəlinə hazır olacaq”.

Baş redaktor qeyd edib ki, müsahibədə dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas məsələlərdən biri bu oldu ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur koridoru başda olmaqla kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə və digər məsələlərin həllinə maneə törədən yeganə səbəb Ermənistanın ya buna hazır olmaması, ya da bunun əleyhinə olmasıdır. Dövlətimizin başçısının da vurğuladığı kimi, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Çünki onların otuz il ərzindəki ideoloji sütunları, mifologiya darmadağın edildi. Erməni ordusunun "müzəffər ordu" olması 44 gün ərzində yerlə-yeksan edildi. 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular. Dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların “müzəffər, yenilməz ordusu” var, erməni xalqı döyüşkən xalqdır. Bəs nə oldu? Bütün bu miflər darmadağın edildi.

Hazırkı dövrün çağırışlarına, Azərbaycanın gözləntilərinə gəldikdə isə V.Rəhimzadə bildirib ki, üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsi üçün Rusiyadan gözləntilər böyükdür. Çünki bu üçtərəfli Bəyanatın imzalanmasında Rusiya vasitəçi olmaqla yanaşı, iştirakçı tərəfdir. İstər 10 noyabr Bəyanatının, istərsə də 11 yanvar razılaşmasının icrası istiqamətində Rusiya konstruktiv addımlar atmalıdır. Rusiyanın Ermənistanı silahlandırmaması da gözləntilər sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin məhv edilmiş və yaxud qənimət kimi götürülmüş hərbi texnikası, silah-sursatı bu kasıb ölkənin himayədarları tərəfindən silahlanmasına aydınlıq gətirdi. Prezident İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır.

Baş redaktor problemlərin yaşanmasında dünyanın ikili siyasətinin əsas rol oynadığını önə çəkərək, hazırkı postmünaqişə dövründə də bunun şahidi olduğumuzu diqqətə çatdıraraq qeyd edib: “Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara hazır olduqlarını, bununla yanaşı, ATƏT-in Minsk qrupundan təkliflər gözlədiklərini xüsusi vurğulamaqla məsələyə üçüncü dövlətin müdaxiləsinin hələ də gündəmdə olmasına aydınlıq gətirir. Sual olunur: 30 ildə konkret təklif ortaya qoymayan, hər zaman işğalçıya dəstək missiyasını yerinə yetirən, Azərbaycanın tarixi Zəfəri ilə vasitəçilik missiyası bitmiş hesab olunan ATƏT-in Minsk qrupu sülh müqaviləsinin imzalanması ilə bağlı hansı təkliflə çıxış edə bilər? Yenə Ermənistan üçün vaxt qazanıb onun silahlandırılmasına şərait yaratmaqmı istəyirlər? Görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Azərbaycan belələrinə bu dərsi yenidən verməyə hazırdır”.

Vüqar Rəhimzadə diqqəti bir daha dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillərdən geniş bəhs edilməsinə yönəltmişdir. Bildirmişdir ki, bu gün dünyaya səs salan, Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik münasibətlərimizi Qarabağımızdan dünyaya bir mesaj kimi ünvanlayan Azərbaycan-Türkiyə dostluğu əbədidir, iki qardaş ölkə ən çətin məqamlarda daim bir-birinin yanındadır.

“İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı gördü ki, onun əsl dostu, qardaşı kimdir. Azərbaycanın yanında olan ölkələr Türkiyə və Pakistan idi. Birliyimiz əbədidir. Yeni nəsil, gənc nəsil bu yolu davam etdirməlidir. Bu yol əbədi olmalıdır. Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi, Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya ünvanladığı “Azərbaycan tək deyil” mesajı Zəfərimizə gedən yola işıq saldı. Bu gün isə Azərbaycan bütün varlığı ilə təbii fəlakətlərlə üz-üzə qalan qardaş Türkiyənin yanındadır. Hazırda dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir”, - söyləyən baş redaktor bu ümumiləşdirməni aparıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir müsahibəsi istər 30 illik işğal, istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını öyrənmək üçün zəngin mənbədir.

Paylaş
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31