Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsini gözləyir

Azərbaycan üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsini gözləyir

17.08.2021 [16:37]

Azərbaycan artıq Qarabağ münaqişəsi adlı bir problemin olmadığını, onun tarixdə qaldığını dəfələrlə bəyan edib. Prezident İlham Əliyev özünün ayrı-ayrı müsahibə və çıxışlarında dönə-dönə deyib ki, artıq bu münaqişəni Azərbaycan öz gücü ilə, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi və beynəlxalq hüquq normaları əsasında nizamlayıb, özünün ərazi bü­tövlüyünü bərpa edib. 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə üçtərəfli bəyanat imzalanıb. İndi isə Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və de­markasiyası, eləcə də sülh müqaviləsinin imzalanması proseslərinin həllini gözləyir. Problemin həllində Rusiya da ciddi rol oynamalıdır. Bu günlərdə Türkiyənin “CNN-Türk” telekanalına müsahibə verən Prezident İlham Əliyev bu məsələ ilə bağlı da özünün prinspial möv­qeyini bir daha ortaya qoyub.

Azərbaycan üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsini gözləyir. Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi Rusiyanın bu bölgədə xüsusi rolu nəzərə alınaraq sülhün bərqərar olunması üçün Mosk­vanın səylərini daha da artırması gərəkdir. Ermənistan cəmiyyəti artıq müharibənin nəticələrini qəbul edib, ona görə də Rusiyanın Ermənistanı silahlandırmaqdan çəkinməsi zəruridir.

Amma təəssüf ki, bunun əvəzində son zamanlar Ermənistandan Qara­bağa Laçın dəhlizi ilə hərbi texnika və canlı qüvvə daşınır. Azərbaycanın Müdafiə Nazirliyi rəsmi açıqlama verib ki, buna son qoyulsun. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli bəyanatına ziddir. Prezident İlham Əliyev deyib: “Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik... Laçın dəhlizi bizim gözümüzün önündədir, yuxarıdan bütün avtomobillər görünür. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik”.

Buna görə də Azərbaycanın Rusiyadan gözləntisi odur ki, üçtərəfli bəyanatın bütün müddəaları yerinə yetirilsin. Eyni zamanda, gözlənti on­dan ibarətdir ki, Rusiya Ermənistanı silahlandırmasın. Bu, Azərbaycanı, təbii ki, narahat edir. Çünki müharibə başa çatıb. Erməni xalqı da, erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərib. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Bununla yanaşı, Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verib ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o za­man onlar atəş açacaqlar. Prezident bildirib: “Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.

Dövlət başçısının sözlərinə görə, Rusiyanın Ermənistana nə qədər silahlar verməsindən asılı olmayaraq, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi Bakıdakı Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir. Bir qismi də Ermənistan ordusu ilə birgə tamamilə darmadağın edilib. Azərbaycan isə öz ordusu üçün nə qədər lazımdırsa, vəsait ayırır. Sadəcə, artıq müharibə bitdiyindən əlavə silahlanmaya ehtiyac yoxdur. Odur ki, bölgənin yenidən silahlan­dırılması prosesinin təşəbbüskarı Azərbaycan deyil. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun ad­dımlar atacaqlar.

“CNN-Türk” müxbirinin İranla bağlı sualına cavabında isə Prezident İlham Əliyev qeyd edib ki, bu ölkədə indi yeni rəhbərlik hakimiyyətə gəlib. Onların bölgə ilə bağlı siyasəti forma­laşmaqdadır. Hələ ki, təyinatlar olma­yıb. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Azərbaycan bunu gözləyir.

Seymur Əsgərov,

Göygöl Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi YAP Göygöl rayon təşkilatının fəal üzvü

Paylaş
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31