Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Laçın hava limanının inşası işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir

Laçın hava limanının inşası işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir

18.08.2021 [15:18]

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, ölkə Prezidenti cənab İlham Əliyev və onun ən yaxın, ən sadiq silahdaşı-ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qarabağa, işğaldan azad olunmuş yurd yerlərimizə, Kəlbəcər və Lacına növbəti dəfə səfər etdilər.

Qələbəmizdən, Zəfərimizdən ötən cəmi 9 ay ərzində artıq sayını-hesabını itirdiyimiz növbəti səfər, həm də Kəlbəcərimizə ilk ziyarət gerçəkləşdirildi.

Tam məsuliyyətimlə qeyd etmək istərdim ki, bunlar səfər deyil, həm də 8 və 10 noyabrların davamıdır, Zəfərdir, Qələbədir.

Çünki hər bir səfərdə Qələbəyə, Zəfərə bərabər tarixi anlar, hadisələr, məqamlar yaşanır.

Məhz bu dəfə də belə oldu.

Cəmi bir günlük, bir neçə saatlıq səfər ərzində həm bu bölgələrin, həm də bütövlükdə Azərbaycanın inkişafına təsir edəcək və töhfə verəcək tarixi açılışlar, təməlatmalar yaşandı.

Belə ki, səfər zamanı ilk öncə dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdi.

Qeyd edək ki, tarixi, strateji əhəmiyyətə malik olan, yəni, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib.

Sonra ölkə Prezidenti Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu. Qeyd edək ki, hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində yerləşən 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu 1,3 kilometr məsafədə metal borularla əvəz edilir. Stansiyanın maşın zalı və 110/6 kilovoltluq yarımstansiyasında isə işlər tamamlanıb. Beləliklə, ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tam yenidən tikilir və işlərin qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır. Bunun özü isə Azərbaycanın iki-üç ən böyük rayonundan biri və zəngin təbii ehtiyatlara malik olan Kəlbəcərimizin yenidən ayağa qaldırılması, dirçəldilməsi deməkdir.

Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva həmçinin 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər. Bununla yanaşı, ölkə Prezidenti Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoydu. Onu da xatırladaq ki, məhz Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Bu tunel bu bölgənin, bütövlükdə Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır ki, bunun da geniş izahata ehtiyacı qalmır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva eyni zamanda, daha bir strateji əhəmiyyətə malik olan Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Bir sözlə, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

Təbii ki, hər bir səfərdə ölkə Prezidenti mütləq şəkildə geniş tarixi çıxış edir, nitq söyləyir, xəbərdarlıqlarını çatdırır, mesajlarını ötütür. Bu dəfə də istisna təşkil etmədi. Ölkə Prezidenti yenə geniş və dərin məzminlu çıxış etdi, yenə də hər kəsə yetəcək cavablar verdi, mesajlar ötürdü.

Müzəffər Ali Baş Komandan bir daha İkinci Qarabağ Müharibəsini tarixi Zəfər adlandırdı. Qeyd etdi ki, Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır.

“Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar”-deyən Qalib Sərkərdənin bəyan etdiyi kimi, bir çoxları hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər.

Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!

Biz, eyni zamanda, Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi. Biz bu ilin may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir.

Dövlət başçımız “Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik”-deyərək, hər gün dövlət sərhəddində, xüsusilə, Kəlbəcər istiqamətində yenidən təxribatlara cəhd edən, rəzil və miskin durumda olan Ermənistana və ona dəstək olanlara öz sərt xəbərdarlığını bildirdi, “Dəmir Yumruğu”nu göstərdi, hər kəsi bir daha yerini tanımağa çağırdı.

Bəli, bu gün Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik. Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq.

Müzəffər, Qalib Azərbaycanın Liderinin dediyi kimi, biz harada lazım bilmişiksə, orada da durmuşuq və əgər bu kimisə narahat edirsə, əgər kimsə əsəbləşirsə, necə deyərlər, getsinlər, su içsinlər.

Beləliklə, biz bundan sonrakı əsas hədəfləri düzgün müəyyən edərək, bu hədəflərə çatmağa da nail olacağıq.

Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Laçındayıq, digər yurd yerlərindəyik və biz bundan sonra da burada əbədi yaşayacağıq.

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31