Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan xalqının məğlubedilməzlik simvolu olan Əlincəqala ilə tanışlıq ABŞ səfirində xoş təəssüratlar yaradıb

Azərbaycan xalqının məğlubedilməzlik simvolu olan Əlincəqala ilə tanışlıq ABŞ səfirində xoş təəssüratlar yaradıb

19.08.2021 [12:51]

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer muxtar respublikaya səfərinin son günündə Azərbaycan xalqının yenilməzlik simvolu Əlincəqala ilə tanış olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, burada diplomata “Əlincəqala” tarixi abidəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa olunub və muzeyi yaradılıb. Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində nümayiş olunması isə qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradır.

Diqqətə çatdırılıb ki, Əlincəqala Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əlincəçayın sağ sahilində yerləşir. Qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq” və sair kimi qeyd olunur. Əlincəqalanın adını bəzi tədqiqatçılar və jurnalistlər qədim türk dilində “düzənlik” mənasında işlədilən “alan” sözü ilə bağlayırlar. Bu, qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə əlaqədardır. Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif versiyalar var. İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincəqalanı belə təsvir edib: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunub. Divarların daxilində dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır”. Qədim tarixi mənbələrə görə isə qala 2 min il əvvəl tikilib. Digər tarixçilər sübut edir ki, qala III-IV əsrlərdə Sasani dövlətinin vaxtında tikilib. Orta əsr qaynaqlarında Əlincəqala möhkəm istehkam, dağ, çay kimi nəzərdə tutulub. Əlincəqala haqqında tarixçilərdən Asogik (928-1019), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat veriblər.

Əlincəqalanın qeyri-adi mənzərəsi çoxlu əcnəbi qonaqları buraya cəlb edir. Bu qala güc və hərbi strategiya rəmzi olaraq əsrlərboyu geosiyasi əhəmiyyətli qala olub. O dövrdə dünyanın ən qüdrətli ordusu hesab edilən Əmir Teymurun ordularına qarşı 14 il müqavimət göstərib, müdafiə olunub. Ona görə də qala bu gün Azərbaycan xalqının məğlubedilməzlik simvolu hesab edilir.

Əlinəcəqala ilə tanışlıq ABŞ səfirində xoş təəssüratlar yaradıb.

Avqustun 18-də diplomatın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Paylaş
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31