Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nigar Arpadarai: Erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb olunması üçün işləri davam etdirmək lazımdır

Nigar Arpadarai: Erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb olunması üçün işləri davam etdirmək lazımdır

19.08.2021 [19:04]

Ardıcıl bir neçə gündür ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutması barədə xəbərlər gəlir. Əgər əvvəllər hadisələrin çoxu Azərbaycan-Ermənistan sərhədində baş verirdisə, indi atışmalar Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa müvəqqəti yerləşdiyi zonada baş verir. Bir neçə ay əvvəl, istər yerli, istərsə də beynəlxalq miqyasda ictimai rəydə (ən azından müəyyən bir qismində) belə bir fikir var idi ki, Ermənistandakı seçkilərdən sonra Paşinyanın qalib gələcəyi təqdirdə, o, üçtərəfli Bəyanatın bəndlərinin həyata keçirilməsi ilə bağlı işləri davam etdirəcək, ona görə ki, Ermənistanın sadəcə olaraq başqa yolu yoxdur. Çünki, Azərbaycan və Türkiyə ilə sülhün bağlanılması Ermənistan üçün 30 illik ekspansionizm və qonşularına qarşı iddiaları ilə özünü saldığı dərin siyasi və sosial böhrandan çıxmağın yeganə yoludur. Bu sülh Ermənistana və erməni xalqına hərbi məğlubiyyətin acısını bir qədər yumşaldar, yeni iqtisadi imkanlar, inkişaf etmək fürsəti verə bilər. Bu şans olmadan Ermənistan batmağa davam edəcək. Bu aşkar həqiqətlər bəzi mütəxəssislərə ümid verirdi ki, məhz sağlam düşüncə dəyişiklik küləyinə çevrilib dağıdıcı zərbəyə məruz qalmış erməni gəmisini düzgün istiqamətə yönəldəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Nigar Arpadarai məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ancaq bu baş vermədi və çətin ki, baş versin, ən azından bu, gözlənilən tərzdə reallaşmadı. Ermənistanın siyasi sistemi, onun konstitusiya quruluşu, diaspora ilə Ermənistan hakimiyyəti arasındakı münasibətlər, eləcə də Paşinyanın şəxsiyyəti və siyasi yolu buna imkan verməyəcək.

Paşinyan müharibə günlərində olduğu kimi boyun qaçırmaq və yalan danışmağa davam edəcək. O, özünün, hər dəfə yeni xarici işlər və müdafiə nazirlərinin dili ilə davakar çağırışlar səsləndirəcək. Əvvəl həmin çağırışları xarici siyasət gündəminə gətirəcək və sonra isə onları özünün "kompromis" təklifləri ilə qismən etibarsız hesab etməklə "yumşaltmağa" çalışacaq. Bütün bunlar sadəcə barışmaz cəmiyyət fonunda "ağıllı" bir siyasətçi təəssüratı yaratmaq və "qərbli dostlarını" sevindirmək üçündür. Çox güman ki, şəxsi söhbətlərdə onlar ona güzəştə getməyi, reallığı qəbul etməyi tövsiyə edirlər. Onlar həmişə belə edirlər.

Məqsəd Moskvaya onun danışıqlar apara biləcəyini göstərməkdir və onun Fransaya doğru dreyfi taktiki manevrdən, blefdən başqa bir şey deyil və sairə və ilaxır.

Başqa sözlə, Paşinyan ümidsizcəsinə manevr etməyə davam edəcək. Bunların hamısı bir məqsəd uğrunda edilir - vaxt qazanmaq. Baş nazir kürsüsündə bir qədər də uzun müddətə qala bilmək üçün. Bəyanatın bəndlərinin icrasını təxirə salmaq üçün elə onun tabeçiliyində olanlar tərəfindən təşkil edilən sərhəddə törədilən təxribatlara istinad edəcək, məsuliyyəti parlamentə, orduya, sülhməramlılara, Minsk qrupuna, Roma Papasına və sairəyə (doğrusu, istənilən tərəfə) həvalə etməklə üzərindən atmağa çalışacaq.

Paşinyan strateji planlaşdırma qabiliyyətinə malik deyil və bu, yəqin ki, bu gün Ermənistanın ən böyük faciəsidir. Həqiqətən də, strateji planlaşdırma olmadan, imperializmin bu yan məhsulu (və ya layihəsi) olan erməni dövlətinin mövcudluğu özü böyük bir sual altındadır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistanla Azərbaycan arasındakı münaqişənin bitdiyini bəyan etmişdir. Ən yüksək səviyyəli siyasətçi və diplomat olan dövlətimizin başçısının dediyi hər bir söz əsaslandırılır, ölçülüb biçilir və məntiqə söykənir. Prezident məhz bu sözləri işlətdikdə, mənim anlayışımda, o, Azərbaycanın 30 illik münaqişəni və işğaldan irəli gələn strateji vəzifələri yerinə yetirdiyini söyləyir. Eyni zamanda, qarşımızda bir sıra taktiki vəzifələr dura bilər: azərbaycanlıların Xankəndinə və Xocalıya qayıtması, Qarabağdakı erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası, sülhməramlıların müvəqqəti məsuliyyət zonasında silahlı birləşmələrin qalıqlarının tərksilah edilməsi.

Ancaq vəziyyət kökündən dəyişdi. Əgər Vətən müharibəsi nəticəsində torpaqlarımız azad edilməsindən əvvəl hər yeni gün işğal müddətinə əlavə olunan daha bir ağrılı gün idisə, işğalçılar torpaqlarımızı apokaliptik bir səhraya çevirərək qarət etməyə və viran etməyə davam edirdilərsə, bu gün hər yeni gün suveren ərazimizə nəzarətin gücləndirildiyi, inşaat, mina təmizləmə və bərpa işlərinin aparıldığı bir gündür. Eyni şəkildə, hər keçən gün Xankəndindəki oyuncaq rejimin qalıqları zəifləyir və mənasızlaşır. Hayastan fondundan heç bir maliyyə dəstəyi və ya Moskva və Parisdəki ermənipərəst lobbiçilərin dəstəyi bu dinamikanı dəyişdirə bilməyəcək. Oyuncaq rejim vaxtaşırı kənardan gələn sifarişlə hərəkət etsə belə artıq cəsəddən başqa bir şey deyil.

Prezidentimizin dedikləri də məhz budur.

Həm də ki, Azərbaycan artıq bu məsələdə xarici oyunçulardan və onların "vasitəçilik" cəhdlərindən asılı deyil. İşğal olunmuş torpaqlar məsələsi artıq bizim üçün "zəif halqa" deyil. Artıq bizi "status" və ya dərin eşelonlaşdırılmış erməni müdafiəsi və problemin hərbi yolla həllinin mümkünsüzlüyü haqqında hekayələrlə şantaj edə bilməyəcəklər.

Azərbaycan, hər zaman olduğu kimi, danışıqlara, kompromislərə və ağlabatan həllər axtarışına hazırdır. Ancaq indi Azərbaycana hər hansı bir şey təklif etmək istəyən hər kəs bunu son 30 il ərzində edildiyi kimi, vəziyyətin mürəkkəbliyinə və ya "reallığa" istinad etmədən, heç bir ön şərt irəli sürmədən "sıfırdan" etməlidir.

Bu mövqe tamamilə haqlı mövqedir və hər şeydən əlavə, o deməkdir ki, məhz Ermənistan mövcud imkanlar arasında ən yaxşısı kimi üçtərəfli Bəyanatın tam və qeyd-şərtsiz yerinə yetirilməsində ən çox maraqlı olan tərəf olmalıdır. Bizim üçün bu baxımdan tələsməyə heç lüzum yoxdur. Tarixi proses işə salınmışdır və zaman indi Azərbaycanın xeyrinə və Ermənistana qarşı işləyir. Ermənistan Azərbaycanla hərtərəfli sülh müqaviləsinin imzalanmasını nə qədər gecikdirərsə, onun itirəcəkləri də bir o qədər çox olacaq. Əgər nəticədə Ermənistanda müasir Ermənistan Respublikasının ksenofob və faşist siyasi sistemini aşaraq düzgün qərar verməyə qadir olan hər hansı bir siyasi qüvvə və ya lider tapılmasa, Ermənistanın özü üçün daha pis olacaq.

Prezidentimizin bu prosesi sona çatdıra biləcəyinə heç kimin şübhəsi olmasın. O, artıq bütün dünyaya və öz xalqına sözünün çox dəyərli olduğunu sübut etmişdir.

Yuxarıda göstərilənlər ilə birlikdə hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin yekun olaraq tarixə çevrilməsi üçün son dərəcə vacib olan bir məsələ var. Bu istiqamətdə artıq ilk addımlar atılıb. Ötən əsrin sonunda Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı törətdikləri cinayətlərə görə iki erməni terrorçu - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan tutularaq məhkum olunmuşlar. Bir sıra faşistlər, Birinci Qarabağ müharibəsinin erməni "qəhrəmanları" işğal olunmuş ərazilərdə gedən döyüşlərdə iştirak etmək üçün Azərbaycan sərhədini qanunsuz keçən zaman ordumuz tərəfindən məhv edilmişdir. Ancaq bir çoxları hələ də sağdır və hələ də azadlıqdadır. Baxmayaraq ki, onların cinayətləri sənədləşdirilmiş və sübut olunmuşdur. Onların bəziləri hətta Qarabağdakı "qəhrəmanlıqları" haqqında mətbuata müsahibələr veriblər.

Bu gün, uzun müddətdir davam edən "Xocalıya Ədalət" şüarını beynəlxalq ictimaiyyətə işğal və qətllər barədə xatırlatma kimi istifadə edilməsi ilə kifayətlənməməli, onu hüquq-mühafizə və diplomatik orqanların da iştirak etdiyi açıq və aydın bir proses vasitəsilə cinayətkarların məsuliyyətə cəlb olunması üçün bir fəaliyyət proqramına çevirməliyik. Davamlı sülhə nail olmaq üçün vasitəçilik səylərinə hələ də ehtiyac olduğunu düşünən beynəlxalq qüvvələrə Azərbaycanın mövqeyi və məqsədləri açıq şəkildə bildirilməlidir. Erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb edilməsi uzunmüddətli və əhatəli həll prosesinin bir hissəsi olmalıdır.

Ermənistan və Azərbaycan sülh şəraitində yaşaya bilər. Prezidentimiz bunun mümkün olduğu barədə inamla danışanda özünün dərin siyasi təcrübəsinə, dünya tarixi və insan təbiəti haqqında biliklərinə əsaslanır. Xalqlar sülh içində yaşamaq üçün bir yol tapmalıdırlar və onlar gec-tez onu tapacaqlar.

Lakin Xocalı soyqırımını, Azərbaycana və onun xalqına qarşı digər müharibə cinayətlərini təşkil etmiş erməni siyasi və hərbi liderlərinin şəxsi məsuliyyəti güzəşt mövzusu ola bilməz. Biz bu işi sona çatdırmalıyıq.

Paylaş
Baxılıb: 283 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31