Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kəlbəcər və Laçında infrastrukturun qurulması və iqtisadiyyatın inkişafı regionun tərəqqisini sürətləndirəcək

Kəlbəcər və Laçında infrastrukturun qurulması və iqtisadiyyatın inkişafı regionun tərəqqisini sürətləndirəcək

20.08.2021 [15:29]

27 sentyabr 2020-ci il tarixi böyük tarixi keçmişə malik olan müasir Azərbaycanımızın şanlı zəfər səhifəsinin başlanğıcıdır. Qələbəmiz təkcə torpaqlarımızın işğaldan azad olunması demək deyil. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı bir xalq kimi formalaşdı, tarix boyu özünün həmrəyliyinin ən yüksək həddini nümayiş etdirdi. Bu həmrəylikdən, inam və dəstəkdən güc alan Azərbaycan əsgəri qısa zaman ərzində ağlasığmaz dərəcədə rəşadət, hünər, döyüş ruhu, əzmkarlıq nümayiş etdirərək güclü beynəlxalq dəstəyə sahib olan, məkrli düşməni darmadağın etdi.

Əldə olunan Qələbə Azərbaycanın qarşıya qoyduğu digər vəzifələri həyata keçirmək üçün böyük imkanlar yaratdı. 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımız azad olunduqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səfərləri tarixi ata-baba yurdumuz olan torpaqlarımızda geniş quruculuq-abadlıq işlərinin başlanması üçün ilk addımlar oldu.

İtirilən torpaqlarımız, həmin torpaqlarda məhv edilən, vəhşicəsinə dağıdılan tarixi, mədəniyyət abidələri xalqımız üçün önəmli idi. Lakin bundan sonra qazanacaqlarımız olduqca vacibdir. Vətəndaşın rifah halının yaxşılaşdırılması, ölkənin bütün bölgələrinin inkişaf etdirilməsi daim dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biri olub. Qələbədən dərhal sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlara səfərləri, artıq başlanmış infrastruktur layihələr və bərpa işləri ilə tanışlıqları nəzərdə tutulan layihələrin daha sürətlə həyata keçirilməsinə stimul verir. Qısa zaman ərzində azad edilmiş ərazilərə 10 dəfədən artıq səfərlər dövlət başçısının ən qısa vaxtda bu torpaqların Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşmasının əyani sübutudur. Məhz bu yanaşmanın nəticəsidir ki, azad edilmiş rayonların əksəriyyətində elektrik enerjisinin yüksək keyfiyyətli təminatı məqsədilə genişmiqyaslı işlər görülmüşdür. Görülən işlər çərçivəsində hal-hazırda  Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının tamamilə yenidən qurulması, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorlarının yenilənməsini vurğulamaq lazımdır.

Görüləcək işlərin, həyata keçiriləcək layihələrin icrasının sürətlə aparılması və rahatlığı məqsədilə yol və nəqliyyat infrastrukturunun qurulması da böyük əhəmiyyət daşıyan məsələlərdəndir. Məhz Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 72,8 km olan və üzərindən ümumi uzunluğu 9450 metr olan 3 tunel keçən Kəlbəcər-Laçın yolunun tikintisi çətin relyefə malik Kəlbəcər və Laçın rayonlarında həyata keçirilən enerji və digər layihələrin icrasını sürətləndirəcək.

Kəlbəcər rayonunun bərpası və inkişaf etdirilməsindən danışarkən dünya şöhrətli müalicəvi “İstisu”nu qeyd etməmək mümkün deyil. Bu sanatoriyanın öz əvvəlki şöhrətinin qaytarılması isə qarşıya qoyulan vəzifələrdəndir.

Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start verilməsini vurğulayan Prezident İlham Əliyev  vaxtilə rəsmi İrəvanın Ermənistanı Şərqi Zəngəzur və Qarabağla üç yolla birləşdirəcək yolun çəkilişi barədə də qeyd etdi. Həmin dövrdə Azərbaycanın rəsmi etirazına göz yuman dünya birliyi və xüsusən ATƏT-in Minsk qrupunun laqeyd yanaşması beynəlxalq hüquq norma və qanunların pozulması olsa da bu gün bu yoldan istifadə etməyimiz bizim siyasi uğurumuz və əldə olunan hərbi qənimət kimi qiymətləndirilə bilər.

İqtisadi cəhətdən düşməndən qat-qat güclü olduğumuzu hərbi üstünlüyümüzdə göstərdikdən sonra müharibədən sonrakı dövrdə həyata keçirilən bərpa və quruculuq işlərində də nümayiş etdirdik. İnşa olunan avtomobil yolları ilə yanaşı azad edilmiş torpaqlarda hava limanlarının, xüsusilə Laçın hava limanının inşası  ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, turizm potensialının artırılmasına, logistik mərkəzlərin yaradılmasına da töhfə verir və  işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.  6 təyyarə dayanacağından ibarət və uçuş-enmə zolağının uzunluğu 3 kilometr olan Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.

 Həyata keçirilən bütün layihələrdə qardaş Türkiyə şirkətlərinin iştirakını xüsusi vurğulayan Prezident İlham Əliyev işğal altına düşməsini böyük faciə adlandıraraq Kəlbəcərin azad edilməsini xalqımız üçün tarixi hadisə olduğunu qeyd etmişdir.. Məhz AXC-Müsavat cütlüyünün hakimiyyəti ələ keçirmək üçün Şuşa və Laçını ermənilərə təhvil verməsini xalqımıza qarşı xəyanət adlandıran ölkə başçısının o dövrki hakimiyyətin başında duranları haqlı olaraq fərari, satqın, qorxaq adlandırması əsl həqiqətdir.

Tariximizin şanlı səhifəsi olan Qələbəmiz, ümumilikdə Qarabağ münaqişəsi, xalqımıza qarşı baş verən tarixi ədalətsizlik barədə gələcək nəsillərə düzgün, müfəssəl məlumatların çatdırılması üçün elm, media və təhsil işçilərinin bu günədək olan bəzi etinasızlıqlarına etirazını bildirən Prezident  İlham Əliyev tarixi həqiqətlərin dərsliklər, elmi əsərlər, məqalələr və kitablarda öz əksini tapmasını elm adamları, media və təhsil işçilərinin vəzifəsi olduğunu vurğuladı. Ümumilikdə bütün türk dünyasının qürur tarixi olan İkinci Qarabağ müharibəsinin təkcə torpaqlarımızın işğaldan azad edilməsi deyil, on illər ərzində ermənilərin uydurduqları bir sıra mifləri, xüsusilə “məğlubedilməz ordu”ya malik olmaları barədə miflərin məhv olunmasında, bir sıra həqiqətlərin, reallıqların meydana çıxmasına, beynəlxalq ictimaiyyətə erməni faşizmi və vandalizminin çatdırılmasında xüsusi rol oynamasını faktlarla sadalayan dövlət başçısı bu həqiqətlərin hətta ermənilər tərəfindən etiraf olunduğunu da qeyd etdi.

İstər yerlı, istər xarici mətbuat və media nümayəndələrinə müsahibələri zamanı Ermənistana və onun hamilərinə açıq mesajlarla yadda qalan Prezident İlham Əliyev görüləcək işlər, həyata keçiriləcək layihələrlə Azərbaycanın regionda söz sahibi olduğunu, 30 il müddətində işğal altında olan tarixi yurd torpaqlarımızın, şəhər, kənd  və qəsəbələrimizin yenidən qurularaq öz doğma sakinləri olan soydaşlarımızı qəbul etmələrini Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələ olduğnu vurğuladı. Qısa zaman ərzində dünyanı heyrətləndirərək 30 illik münaqişəyə son qoyan Azərbaycan xalqının bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəyi heç kimdə şübhə yaratmır.

Loğman Müslümov,

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini ( Dini qurumlarla işin təşkilatçısı)

Paylaş
Baxılıb: 283 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31