Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tokio XVI Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib

Tokio XVI Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib

24.08.2021 [18:27]

Avqustun 24-də Tokiodakı Milli Olimpiya Stadionunda XVI Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, XVI Yay Paralimpiya Oyunlarında 160 milli komandadan, o cümlədən qaçqınlar yığmasından təqribən 4400 idmançı mübarizə aparacaq. Butan, Qrenada, Maldiv, Paraqvay, Sent-Vinsent və Qrenadin komandaları Oyunlarda ilk dəfə iştirak edir.

Açılış mərasimində əvvəlcə Yaponiyanın dövlət bayrağı tanınmış yerli paralimpiyaçılar tərəfindən meydana gətirilib. Özünümüdafiə qüvvələrinin qoşun növlərinin nümayəndələri dövlət himninin müşayiəti ilə dövlət bayrağını qaldırıblar.

Meydanda rəngarəng detalları və müasir texnologiyaları əks etdirən kompozisiya çoxsaylı iştirakçılar tərəfindən təqdim olunub. İlkin kompozisiya atəşfəşanlıqla baş çatıb. Tokionun Paralimpiya Oyunlarına hazırlığını, paralimpiyaçıların müxtəlif idman növləri üzrə yarışlarda iştirakını əks etdirən videoçarx nümayiş olunub.

Sonra yığma komandaların təntənəli keçidi başlayıb. İlk olaraq qaçqın atletlər komandası arenaya daxil olub.

Açılış mərasimində Azərbaycanın Paralimpiya yığmasının keçidi zamanı bayrağımızı Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev aparıb. Ölkəmizin heyəti parada yaxalarında 44 günlük Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbül nişanı ilə çıxıb.

İdmançıların paradı ev sahibi ölkənin – Yaponiya paralimpiyaçılarının keçidi ilə başa çatıb.

Komandaların paradından sonra fiziki məhdudiyyətlərə baxmayaraq, insan ruhunun qarşılaşdığı bütün çətinlikləri aradan qaldırmağa qadir olduğunu əks etdirən kompozisiya nümayiş olunub.

“Tokio-2020”nin Təşkilat Komitəsinin sədri xanım Haşimoto Seyko çıxış edərək Yaponiya paytaxtının daha bir möhtəşəm tarix yazmağa – XVI Paralimpiya Oyunlarına ev sahibliyi etməyə tam hazır olduğunu bildirib. O, paralimpiyaçıları təbrik edib, onlara uğurlar arzulayıb. Bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası şəraitində Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarına minnətdarlığını bildirən Haşimoto Seyko bu yarışların insanlığın qarşılaşdığı bütün çətinlikləri aradan qaldırmağa qadir olduğunu nümayiş etdirəcəyini bildirib.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons çıxışında paralimpiyaçıların tükənməz qələbə əzmi ilə bütün maneələri, o cümlədən fiziki imkanlarının məhdudluğunu aşaraq parlaq nailiyyətlər qazanacaqlarına əminliyini bildirib. Yaponiyaya səmimi qəlbdən minnətdarlıq edən Endrü Parsons bu yarışların yapon xalqının qəlbində silinməz izlər qoyacağına əminliyini bildirib.

Çıxışlardan sonra Yaponiya İmperatoru Naruhito XVI Paralimpiya Oyunlarını açıq elan edib.

Sonra səhnəyə Paralimpiya bayrağı gətirilib və Paralimpiya Oyunlarının himninin müşayiəti ilə ucaldılıb. İdmançılar, hakimlər və məşqçilər Paralimpiya andı içiblər.

Nəhayət, uzun səyahətdən sonra Böyük Britaniyadan gətirilən və Yaponiyanın müxtəlif prefekturalarından toplanan Paralimpiya məşəli Tokio Milli Olimpiya stadionuna gətirilib. Üç istiqamətdən günəş formasında yaradılmış məşələ yaxınlaşan Yaponiyanın tanınmış paralimpiyaçıları XVI Yay Paralimpiya Oyunlarının məşəlini alovlandırıblar. Açılış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, XVI Paralimpiadanın proqramında idmanın 22 növü yer alıb. Proqrama parabadminton və parataekvondo ilk dəfə salınıb. İdmançılar ümumilikdə 539 dəst medal uğrunda mübarizə aparacaqlar.

Azərbaycan XVI Yay Paralimpiya Oyunlarında 35 idmançı ilə təmsil olunur. “Rio-2016”nın qızıl mükafatçısı Ramil Qasımov koronavirusa yoluxduğuna görə yarışlardan kənarlaşdırılaraq karantinə alınıb. Paralimpiyaçılarımız “Tokio-2020”yə idmanın 6 növü üzrə 47 lisenziya qazanıblar. Atletlərimizin 23-ü kişi, 12-si qadındır.

İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar. Yarışlara komandamızdan ilk olaraq avqustun 26-da pauerliftinq üzrə milli komandanın üzvü Pərvin Məmmədov qoşulacaq.

XVI Yay Paralimpiya Oyunlarına sentyabrın 5-də yekun vurulacaq.

Paylaş
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31