Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai və siyasi fəaliyyəti Azərbaycanın dinamik inkişafına misilsiz töhfələr verir

Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai və siyasi fəaliyyəti Azərbaycanın dinamik inkişafına misilsiz töhfələr verir

25.08.2021 [10:58]

Kamaləddin QAFAROV,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Azərbaycanın tarixində xalqın və dövlətin taleyində müstəsna rol oynamış, öz doğru qərarları və atdıqları müdrik addımları ilə xalqımızı xoşbəxt gələcəyə aparan görkəmli qadınlarımız bütün dövrlərdə olub. Azərbaycan xanımları tarixən öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşamasında müstəsna xidmətlər göstəriblər. Azərbaycan qadını bütün dövrlərdə öz mərdliyi, mətanəti, yüksək mənəviyyatı və bacarığı ilə fərqlənərək, kişilərlə çiyin-çiyinə çalışmış, lazım gələndə onlara arxa durmuş, birgə döyüşə girmiş, əmək və yaradıcılıq, diplomatiya və hərb meydanlarında misilsiz qəhrəmanlıqlar göstərmişlər. Bu gün isə Azərbaycanın birinci xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bu baxımdan bariz bir örnək kimi dəyərləndirilə bilər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Mehriban xanım Əliyeva 2017-ci il fevralın 21-dən bu məsul və yüksək dövlət vəzifəsində çalışır. Bu illər ərzində onun bu sahədə çoxşaxəli fəaliyyəti ilə bağlı hətta qısa hesabat belə, cild-cild sənədlər toplusu deməkdir. Ölkədə son illərdə iri layihələrin, dövlət proqramlarının, iqtisadi, siyasi,sosial və kadr islahatlarının uğurla həyata keçirilməsi, COVİD 19 pandemiyasına qarşı mübarizə tədbirləri, 44 günlük Vətən müharibəsində misilsiz Qələbə və zəfərdən sonrakı möhtəşəm quruculuq prosesində dövlətimizin başçısı İlham Əliyevlə yanaşı, onunla qətiyyətlə, çiyin-çiyinə addımlayan Birinci vitse-prezidentimizin də öz dəsti-xətti və danılmaz zəhməti vardır.

Cənubi Qafqazda ən böyük siyasi partiya sədrinin birinci müavini

Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, partiyaya ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Danılmaz həqiqətdir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti həm ölkəmizdə,  həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir, dərin rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva ötən müddət ərzində xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Bunlarla yanaşı, fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr verib.

Mehriban xanım Əliyeva hələ millət vəkili kimi fəaliyyət göstərərkən daim  milli maraqları daim üstün tutub, sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Məhz buna görə də seçicilər Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini hər zaman rəğbətlə qarşılayaraq yüksək qiymətləndiriblər. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr uğurla həyata keçirilib. Mehriban xanım Əliyeva, eyni zamanda, Milli Məclisdə Amnistiya aktlarının qəbul olunması təşəbbüsü ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub, yenidən cəmiyyətə inteqrasiya olunub. Yeni Azərbaycan Partiyasının VII Qurultayında Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi partiya və cəmiyyət üçün əlamətdar olmaqla yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Mehriban xanım Əliyeva sıralarında 700 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi bu gün də əhəmiyyətli siyasi proseslərin fəal iştirakçısıdır. Onun partiyanın ali rəhbərliyində təmsilçiliyi bu qurumun gücünü daha da artırıb, cəmiyyətin ictimai-siyasi həyatında qadın fəallığı ənənələrinin inkişafına möhkəm stimul yaradıb.

Heydər Əliyev Fondunun prezidenti

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələr, sərgilədiyi çoxşaxəli fəaliyyətin əks-sədası ölkəmizin bütün bölgələrində, həmçinin bir çox Avropa ölkələrində məşhurdur.

2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoymuşdur. Bu gün tam əminliklə demək olar ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.

Həmçinin belə bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, torpaqlarımızın işğal altında saxlandığı 30 ilə yaxın müddət ərzində üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparmışdır. Heç də təsadüfi deyil ki, Fondun həmin dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında obyektiv məlumatlaın çatdırılmasında müsəsna rol oynayıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilib, bu istiqamətdə xüsusi təbliğat aparılıb. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunub.

Mehriban xanım Əliyevanın fəaliyyətində ölkənin təhsil və səhiyyə sistemlərinin inkişafı istiqamətində görülən işlər xüsusi yer tutur. Ölkəmizdə Birinici xanımın bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində, səhiyyəmizin inkişafı və təkmilləşdirilməsi istiqamətində hər il möhtəşəm layihələr həyata keçirilir. Mehriban xanım Əliyeva daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.

Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq Ulu Öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsində gördüyü işlər konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə geniş rezonansa səbəb olmuş, böyük rəğbət və etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizin təhsil sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır.

Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı çox önəmli layihə və proqramlar arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur.

Heydər Əliyev Fondu səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır. Onlardan biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi idi. 2004-cü il dekabrın 4-də Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilib, bu xəstəliyə tutulmuş 14 yaşadək 310 uşağın dərmanlarla təmin olunması sahəsində çətinliklər aradan qaldırılıb. Bu iş indi də davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, qlükometr və dərmanlar sarıdan korluq çəkmirlər.

Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də talassemiya xəstəliyinin müalicəsi ilə bağlıdır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Layihə çərçivəsində İtaliya, Türkiyə, Yunanıstan və İsrailin talassemiya ilə mübarizə sahəsində təcrübəsi öyrənilib. Bir sıra ölkələrin talassemiya sahəsində tanınmış mütəxəssislərinin ölkəmizə səfərləri təşkil edilərək müzakirələr, təcrübə mübadiləsi aparılıb. Bütün bunlar yerli mütəxəssislərin hazırlanmasında mühüm rol oynayıb. Həmçinin, müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzinin yaradılması həmin layihənin Azərbaycan səhiyyəsinə sanballı töhfəsi olub.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu onkoloji xəstəliklərlə mübarizə sahəsində də çox böyük uğurlara imza atmışdır. Fondun “Regionların İnkişafı” İctimai Birliyi ilə Milli Onkologiya Mərkəzi neçə illərdir Azərbaycanın bölgələrində onkoloji xəstəliklərin monitorinqi məqsədi ilə skrininq proqramlarını müvəffəqiyyətlə həyata keçirir. Ən əsası, Mehriban xanımın şəxsi təşəbbüsü və himayəsi ilə Azərbaycanda 2012-ci ildə Uşaq Onkoloji Klinikası tikilib istifadəyə vertilmişdir. Hazırda Cənubi Qafqaz bölgəsində analoqu olmayan bu klinikanın xidmətindən təkcə Azərbaycanın deyil, bir sıra xarici dövlətlərdən olan uşaqlar müayinə və müalicə kursu keçirlər.

Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu hər zaman həssas əhali qruplarına qayğıkeş münasibətilə seçilib. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. O cümlədən bu gün qazilərimizin və şəhid ailələrinin problemlərinin həlli hər zaman olduğu kimi xüsusi diqqətdə saxlanılır. Qəhrəman şəhidlərimizin övladlarına, valideynlərinə və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı hər zaman özünü yüksək həssaslıqla büruzə verir.

Heydər Əliyev Fondunun fəaliyyəti həqiqətən də çox unikaldır. Bir çox mütəxəssislərin rəyinə görə, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun sayca elə də böyük olmayan, lakin son dərəcə bacarıqlı, yaradıcı və öz işini sevən insanlardan təşkil olunmuş kollektivi bəzən bir neçə  dövlət qurumlarının işini yerinə yetirir.  Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirib, hətta fəaliyyət göstərdiyi bütün bu illər ərzində ölkənin həm daxildə, həm də xaricdə vüsətli inkişafına, böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə öz fəaliyyətilə güclü dəstək olmuşdur.

UNESCO və ISESCO-nun xoşməramlı səfiri

Mehriban xanım Əliyeva artıq uzun müddətdir ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və  sivilizasiyalararası dialoqun bəraqərar olması işinə misilsiz töhfələr verir. M. Əliyevanın bu mötəbər məramlarda Azərbaycanın şifahi milli-mədəni və ədəbi-musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliği, xarici ölkələrdə xalqımızın müsbət mədəni imicinin möhkəmlənməsi üçün gördüyü işlər,  yorulmadan və davamlı olaraq göstərdiyi səylər bu gün öz müsbət nəticələrini verir. Məhz bu səylərin nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri siyahısına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında  əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdir. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Məhz Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirildi. Bu da ölkəmizin, bütövlükdə, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması işinə xüsusi töhfələr vermiş oldu.

Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə də özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Məhz Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə sahib olduğu nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A" kateqoriyalı mərhələsinin, Dünya kubokunun, XXVII Dünya çempionatının, XXIII, XXV və XXX Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. 2004-cü ildə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2012-ci ildə Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdi. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradıldı və  Mehriban xanım Əliyeva onun sədri  təyin olundu. İlk Avropa Oyunlarının yüksək, güclü və peşəkar səviyyədə təşkil olunması və həyata keçirilməsində  Təşkilat Komitəsinin rəhbəri kimi, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük və əvəzolunmaz əməyi vardır. Onun yüksək bacarığı, məharəti, açılış və bağlanış mərasimindəki təsirli çıxışı  bütün dünyaya nümayiş olundu. Azərbaycanın Birincı xanımı, öz timsalında Azərbaycan qadını obrazını yaradaraq qadınlarımızın nələrə qadir olduğunu hər kəsə göstərdi. Bütün dünya bir daha şahid oldu ki, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Azərbaycan qadını beynəlxalq səviyyəli tədbirləri təşkil etməyə və keçirməyə qadirdir. 21 yanvar 2016-cı ildə, "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edildi.

Azərbaycanın birinci xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, insanpərvərlik, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyəti hər zaman olduğu kimi, bu gün də doğma Azərbaycanımızın çiçəklənməsinə və inkişafına, xalqın rifahının yüksəlməsinə misilsiz töhfələr verməkdədir. Qürurverici haldır ki, Mehriban xanım Əliyevanın fəaliyyəti, onun tərəfindən irəli sürülən təşəbbüslər və reallaşdırılan layihələrin nəticələri həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

Paylaş
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31