Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pərvin Kərimzadə: Müasir Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini yazan Mehriban xanım Əliyeva

Pərvin Kərimzadə: Müasir Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsini yazan Mehriban xanım Əliyeva

25.08.2021 [14:06]

Zamanın bütün dövrlərində zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı, ən əsası isə sədaqəti ilə dünyaya nümunə olub”. Bunu millət vəkili Pərvin Kərimzadə deyib.

“Azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şuşada ilk ədəbi məclis yaratmış Xurşudbanu Natəvan və neçə-neçə fəallıqları, mərdlikləri ilə tariximizi zənginləşdirən qadınlarımız əfsanəyə çevrilərək Azərbaycan qadınının rəngarəng palitrasını yaradıblar. Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olub. Qadınlarımızın missiyası bu gün də davam edir. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər.

Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə Başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.

Cəmiyyətimizdə ictimai-siyasi və sosial-mədəni yaşam tərzinin formalaşmasında, dövlət quruculuğunda yorulmadan çalışan qadınların fəaliyyəti göz qabağındadır. Müasir Azərbaycan tarixində zəngin təcrübəsi, böyük humanizmi, xeyirxahlığı, nəcibliyi ilə XXI əsrın ən görkəmli Azərbaycan xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Məsuliyyətli missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır. Həyatının mənasını Vətəninə və xalqına xidmətdə görən ölkənin birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Hər bir azərbaycanlı qadınına nümunə olan ölkəmizin birinci xanımı sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Anar Ələkbərovun “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsində deyildiyi kimi “O, yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, dogma Mehribanıdır”.

Mehriban xanım Əliyevanın ölkə Prezidenti cənab İlham Əliyevlə regionlara səfər edərkən vətəndaşlara göstərdiyi diqqət, qayğı, onlara müraciət edən hər kəslə çox mehriban davranmağı, xüsusən yaşlılara, körpələrə olan münasibəti bunun əyani sübutudur. Valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlarla görüşlərində bu nəcib xanımın səmimiyyəti, içdən gələn rəftarı insanı heyran etməyə bilməz. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman ana nəvazişi ilə yanaşmışdır

Ölkədə Birinci vitse prezidentinin diqqət və qayğısı nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sözün əsl mənasında ailə mühiti, onların maddi-rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Talassemiyalı uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.Bu da bir daha Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasının Mehriban xanım Əliyeva tərəfindən qoyulduğunun təsdiqidir.

Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açıb. O, UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Azərbaycan mədəniyyətini bütün dünyada tanınmasına nail olub. Mehriban Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı Azərbaycan qadınının modern tələblərə uyğun obrazı bu nəcib xanımın timsalında dünyaya nümayiş etdirilib. Mehriban xanım Əliyevanın beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil etməsi, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırması, təltif olunduğu beynəlxalq mükafatlar Azərbaycan qadınının dünyadakı böyük nüfuzunun daha bir təsdiqidir.

Birinci vitse-prezident təyin olunmasından keçən müddət ərzində Mehriban xanım Əliyevanın Vətən və xalqı qarşısında xidmətləri daha da artıb, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, dünya xalqlarının mədəniyyətinə inteqrasiyası istiqamətində gördüyü işlər, atdığı addımlar xalq tərəfindən daim böyük razılıqla, rəğbətlə qarşılanıb. Tutuduğu mövqedən, statusdan asılı olmayaraq hər bir azərbaycanlının taleyinə biganə qalmayan Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınının fədakar, humanist obrazını bütün dünyaya nümayiş etdirdi. Doğma Azərbaycanı, müdrik xalqını hədsiz dərəcədə sevən Mehriban xanım Əliyevanın timsalında mərdlik, sədaqət, ucalıq mücəssəməsi Azərbaycan qadınının obrazı dünyada ləyaqətlə təmsil edilərək bəşəri idealların təntənəsinə xidmət edir.

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31