Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarına əsaslanan çoxşaxəli fəaliyyəti Azərbaycanın milli gücünün artmasında mühüm rol oynayır

Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarına əsaslanan çoxşaxəli fəaliyyəti Azərbaycanın milli gücünün artmasında mühüm rol oynayır

26.08.2021 [09:57]

Öz fəaliyyətində milli maraqları əsas tutan hər bir siyasətçinin ən vacib missiyası və ən böyük uğuru bilavasitə onun təmsil etdiyi ölkəsi və xalqı ilə bağlı olur. Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də məhz bu rakursdan xüsusi diqqət çəkir. Mehriban xanım Əliyeva həmişə cəmiyyəti narahat edən, dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət daşıyan məsələlərin həlli üçün çalışır və buna nail olur. Mehriban Əliyeva başladığı və gördüyü bütün işlərdə qətiyyət, prinsipiallıq, xalqına və Vətəninə sonsuz  məhəbbət nümayiş etdirir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər xalqa və dövlətə layiqli xidmət nümunəsidir

Mehriban xanım Əliyeva xəlqi və praqmatik siyasətçi olduğunu ona həvalə olunan bütün vəzifələrdə yüksək səviyyədə təsdiqləyib. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Dövlət başçımızın Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin etməsi isə heç də təsadüfi deyildi. Bu təyinatın arxasında Mehriban xanım Əliyevanın dövlətçilik və xalqın mənafeyi naminə uzun illər boyu göstərdiyi səmərəli, məqsədyönlü fəaliyyət dayanırdı.

Mehriban xanım Əliyeva hələ millət vəkili kimi fəaliyyət göstərərkən xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Məhz buna görə də seçicilər Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini rəğbətlə qarşılayaraq yüksək qiymətləndiriblər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayında Mehriban xanım Əliyevanın partiyanın Sədr müavini seçilməsi partiya və cəmiyyət üçün əlamətdar olmaqla yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsi baxımından mühüm əhəmiyyətə malik olub. Vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyeva YAP-ın VII Qurultayında partiya Sədrinin birinci müavini seçilib.

Bundan başqa, Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri ilə yüksək səviyyədə reallaşdırılan çoxlu sayda layihələr Azərbaycan cəmiyyəti tərəfindən təqdirlə qarşılanıb. Onun diqqət və qayğısı sayəsində həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinə dəstək” layihələri Azərbaycanda müasir təhsil infrastrukturunun yaradılmasında mühüm rol oynayır. “Xocalıya ədalət!” kampaniyası da məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlayıb. Sonradan dövlət orqanları, ictimai qurumlar bu təşəbbüsə qoşulublar və nəticə etibarilə, qısa müddət ərzində 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Mehriban xanım Əliyeva həm də mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük hamisi və təbliğatçısıdır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, eyni zamanda, milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə çatdırılır. Eyni zamanda, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində ölkəmiz “Eurovision-2012” mahnı müsabiqəsinə, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib ki, bu da respublikamızın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından böyük önəm daşıyıb.

Mehriban xanım Əliyeva xalqa və dövlətə xidmət fəlsəfəsinə söykənən fəaliyyətini Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsində də inamla davam etdirir. Ötən müddət ərzində Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısının və xalqın etimadını layiqincə doğruldub. Məhz onun çoxşaxəli, səmərəli fəaliyyətinin nəticəsidir ki, birinci vitse-prezidentlik institutu artıq ölkəmizin dövlət idarəçiliyində özünü funksional vahid kimi təsdiqləyib. Ümumiyyətlə, Birinci vitse-prezidentlik institutunun yaradılması, idarəetmənin təkmilləşdirilməsi və Azərbaycanın inkişafının sürətləndirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Onu da vurğulayaq ki, hazırda Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətənpərvərlik, xeyirxahlıq və humanizm prinsiplərinə əsaslanır

Mehriban xanım Əliyevanı görkəmli ictimai-siyasi xadim və bir şəxsiyyət kimi fərqləndirən portret cizgilərindən biri onun sərhəd tanımayan xeyirxahlığıdır. Humanizm Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən qırmızı xətt kimi keçir. O, məhz qəlbindəki xeyirxahlıq duyğularından güc alaraq çoxşaxəli fəaliyyətini, ilk növbədə, çətinliyə düşən, qayğıya, köməyə ehtiyacı olan insanlara, ələlxüsus da həssas qrupların nümayəndələrinə - qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, qazilərə, sağlamlıq imkanları məhdud olanlara kömək əli uzatmaq, onlara hansısa bir formada yardımçı olmaq istiqamətində qurub. O, Azərbaycan qadınının fədakarlığını və xeyirxahlığını müstəqil Azərbaycanın qüdrətinin artması, insanların rifah halının yaxşılaşması naminə fəaliyyətində daim təcəssüm etdirir. Deyə bilərik ki, Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə əsaslanan fəaliyyəti onu Azərbaycan xalqının sevimlisinə çevirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Əlbəttə, əsas diqqətini sosial məsələlərin, xüsusilə də əhalinin həssas qruplarının problemlərinin həlli üzərində cəmləşdirən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bəhs olunan müşavirədə müvafiq qurumlar qarşısında bu sahədə görüləcək işlərlə bağlı konkret vəzifələr qoyan Mehriban xanım Əliyeva yeni mənzillərin, yeni binaların tikilməsi və inşa olunan binaların keyfiyyət standartlarına tam cavab verməsi ilə bağlı göstəriş verdi. İlkin mərhələdə dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək vəzifəsi qarşıya qoyuldu. Qısa zaman ərzində Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməlinin qoyulması, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, iş adamlarının yardımı ilə bir çox ailənin yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi, eyni zamanda, digər rayon və qəsəbələrdə yeni binaların istifadəyə verilməsi ilə məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra edildiyini, görülən işlərin əhəmiyyətini göstərir.

Mehriban xanım Əliyeva, həmçinin mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami və Abşeron rayonlarında bir neçə çoxmərtəbəli yaşayış evi tikilib. İndiyədək Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində onlarca internat məktəbi və uşaq evi yenidən qurulub.

İndiyədək Mehriban xanım Əliyevanın 4 dəfə - 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış etməsi də onun humanizm dəyərlərinə böyük önəm verdiyini bir daha təsdiqləyir. Vurğulamaq yerinə düşər ki, onun irəli sürdüyü amnistiya təşəbbüsləri ölkəmizdə böyük ictimai dəstək qazanıb və yüksək qiymətləndirilib.

Mehriban xanım Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksəktexnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi də xüsusi qeyd edilməlidir. Əlbəttə, sadalananlar Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil, amma bütün bunlar Mehriban xanım Əliyevanın cəmiyyətin həssas təbəqəsinin problemlərinin həllini daim diqqət mərkəzində saxladığını göstərməklə yanaşı, onun fəaliyyətinin humanizm və vətənpərvərlik prinsiplərinə söykəndiyini əks etdirir.

Pandemiya dövründə Heydər Əliyev Fondunun keçirdiyi “Biz birlikdə güclüyük” aksiyası

çərçivəsində 100 mindən çox insana yardım paylanılıb

Məlum olduğu kimi, bir sıra çətinliklərlə müşayiət olunan pandemiya dövründə ölkə vətəndaşlarının sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Vurğulamaq yerinə düşər ki, pandemiyanın başladığı ilk günlərdən etibarən respublikamızda bu istiqamətdə zəruri tədbirlər görülüb. Azərbaycan dövləti pandemiya dövründə də öz vətəndaşlarının yanında olmaq ənənəsinə sadiqlik nümayiş etdirir. Bunun təsdiqi olaraq qeyd edə bilərik ki, pandemiya dövründə respublikamızda böyük sosial paket reallaşdırılıb və təxminən 5 milyon insan - ölkə əhalisinin yarısı bu sosial paketdən bəhrələnib.

Diqqətəlayiq haldır ki, respublikamızda pandemiyaya qarşı mübarizədə dövlət və cəmiyyət yüksək həmrəylik nümayiş etdirir. Respublikamızda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Dövlət ilk olaraq fonda 20 milyon manat vəsait ayırıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva birillik əməkhaqlarını fonda ianə ediblər. Sonradan bu təşəbbüs genişlənərək xalqımızın xeyirxahlıq ənənələrinə yeni nəfəs verdi. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da pandemiya dövründə insanlara yardım göstərilməsində, onların ərzaq və digər məhsullara ehtiyaclarının ödənilməsində yüksək fəallıq göstərir. Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” aksiyasına başlayıb. Aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini gücləndirməkdir. Aksiyanın uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri böyük fəallıq göstəriblər. Aksiya çərçivəsində ölkə üzrə ehtiyacı olan insanlara 100 mindən çox yardım paylanılıb. Birinci vitse-prezident Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində yenə də humanizm prinsiplərini önə çəkərək vurğulayıb: “Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir”.

Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə görülən bərpa işlərinə öz töhfəsini verir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsinə həmişə xüsusi diqqət göstərib və bununla bağlı yüksək həssaslıq nümayiş etdirib. O, hələ Vətən müharibəsinədək olan dövrdə müxtəlif tədbirlərdə, o cümlədən xarici auditoriyalar qarşısında Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini qətiyyətlə pisləyən fikirlər səsləndirir, Azərbaycanın mövqeyinin tarixi ədalətə və beynəlxalq hüquqa söykəndiyini diqqətə çatdırırdı. Mehriban xanım Əliyeva qaçqınlarla, məcburi köçkünlərlə görüşlərində əminliklə bildirirdi ki, Azərbaycanın ərazi bütövlüyü mütləq təmin olunacaq və ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğal altına düşən ərazilərdə ev-eşiklərini itirən insanlar geri qayıdacaqlar. Bəli, Azərbaycan Vətən müharibəsində şanlı Qələbəyə imza ataraq özünün ərazi bütövlüyünü təmin etdi. Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Məlum olduğu kimi, Prezident İlham Əliyev müharibədən sonra tez-tez işğaldan azad olunmuş ərazilərə səfərlərə gedərək burada reallaşdırılan layihələrlə şəxsən tanış olur və Özünün tövsiyələrini verir. Əlamətdar haldır ki, bu səfərlərin əksəriyyətində birinci xanım Mehriban Əliyeva dövlətimizin başçısı ilə bir yerdə olub. Onun şəxsi “İnstagram” səhifəsində işğaldan azad olunmuş ərazilərimizdən etdiyi paylaşımlar böyük maraqla izlənilir.

Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə görülən bərpa işlərinə öz töhfəsini verir. Bəhs olunan ərazilərdəki bütün dini abidələrin bərpasını Fond öz üzərinə götürüb. Artıq Fond qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəsmi “İnstagram” səhifəsindəki paylaşımında bildirilib. Paylaşımda vurğulanıb: “Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!”.

Yeri gəlmişkən, cari il iyunun 30-da isə Qarabağ Dirçəliş Fondunun “Karabakh. Center” (“Qarabağ. Mərkəz”) layihəsinin təqdimatı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qurumun həyata keçirdiyi “Qarabağ. Mərkəz” layihəsi üç onilliyi əhatə edən işğal illərində müxtəlif sahələrdə ölkəmizə dəyən zərərin miqyasını dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Yuxarıda da vurğulandığı kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həllini həmişə diqqət mərkəzində saxlayır. Bir qədər bundan əvvəl Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycanlı Həkimlərdən Təhsilə Dəstək Dərnəyinin birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən Tibbi Reabilitasiya Xəstəxanasında Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə müayinə aksiyası keçirilib. Tədbirdə Türkiyədə fəaliyyət göstərən və hazırda ölkəmizdə səfərdə olan 4 azərbaycanlı həkim-psixiatr tərəfindən Vətən müharibəsi qaziləri müharibə iştirakçılarında sonradan tez-tez müşahidə olunan psixi pozğunluqlarla bağlı müayinə olunublar. Müayinələr zamanı, əsasən postravmatik stress pozğunluqları, depressiya, panika halı, ürək çırpıntıları, müəyyən fobiyalar və halüsinasiya ilə müşayiət edilən psixoloji pozuntular nəzərdən keçirilib, müvafiq müalicələr təyin edilib və lazımi məsləhətlər verilib.

Mehriban xanım Əliyevanın milli və ümumbəşəri dəyərlərə əsaslanan fəaliyyəti dünya miqyasında yüksək qiymətləndirilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalqımızın milli dəyərlərinə, humanizm prinsipinə əsaslanan çoxşaxəli fəaliyyəti həm respublikamızda, həm də beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. O, Azərbaycanın ən yüksək təltiflərinə - “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb. Mehriban xanım Əliyeva dünyada yeganə şəxsiyyətdir ki, həm UNESCO-nun, həm də ISESCO-nun xoşməramlı səfiridir. Bundan başqa, onun xoşməramlı fəaliyyəti Fransanın, Pakistanın, Rusiyanın, Küveytin, Serbiyanın və digər ölkələrin yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. Bundan başqa, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib. Əlbəttə, bütün bunlar Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə layiq görüldüyü nüfuzlu mükafatların heç də hamısı deyil.

Beləliklə, Mehriban xanım Əliyevanın milli maraqlara, ümumbəşəri dəyərlərə əsaslanan ardıcıl, məqsədyönlü, xoşməramlı və çoxşaxəli fəaliyyəti dünya miqyasında böyük rəğbətlə qarşılanır və olduqca yüksək qiymətləndirilir.

“Yeni Azərbaycan”ın Analitik qrupu

Paylaş
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31