Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiyanın mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər

Rusiyanın mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər

26.08.2021 [14:22]

Rusiyanın tanınmış mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.

AZƏRTAC xəbər verir ki, “Vestnik Kavkaza” müxbirləri ilə söhbətində məşhur Rusiya teatr və kino rejissoru, “Nika” mükafatının bədii rəhbəri Yuli Qusman Mehriban Əliyevanın simasında qadın gözəlliyi və təşkilatçılıq istedadının birləşdiyini qeyd edib.

"O, ilk gündən olduğu kimi, dahi qadın olaraq qalır. İnsanın mahiyyəti, Allahın, təbiətin, valideynlərin və ya genetikanın, necə istəyirsiniz, ona bəxş etdiyi qanadlardır və bu qanadlar, əlbəttə, Mehriban Əliyevada var. O, Azərbaycanda mədəniyyətin, incəsənətin, Olimpiya hərəkatının, ümumiyyətlə idmanın inkişafında və həmçinin Rusiya-Azərbaycan münasibətlərində çox böyük rol oynayır, çünki biz yaxın qonşuyuq və bizim hər zaman gözəl münasibətlərimiz olmalıdır", - deyə o bildirib.

"Ən əsası, o bunu, diplomatik səylər və çox vaxt müxtəlif səviyyələrdə aparılan danışıqlara xas saxtakarlıq olmadan asanlıqla edir. O, taleyin və xalqın iradəsi ilə onun liderlərindən biri olan təbii, sadə insandır. O, bu böyük və çətin yükü ləyaqətlə, məhəbbət və anlayışla daşıyır. Mən ona xoşbəxtlik, sağlamlıq və malik olduğu böyük iş qabiliyyətinin yalnız doğum günündə deyil, daim qorunmasını diləyirəm. Onu sevən milyonlarla insan mənim kimi düşünür", - deyə Yuli Qusman vurğulayıb.

Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski qeyd edib ki, Mehriban Əliyeva Rusiya ilə Azərbaycan arasında əməkdaşlıqda mühüm rol oynayır. "O, mədəniyyətə və münasibətlərə heç vaxt biganə yanaşmır. Biz çox gözəl başa düşürük ki, bu gün artıq fərqli dövlətlərdə yaşadığımız zaman dövlətlərarası təmaslardakı mədəni əlaqələr bizim yaxın qalmağımız və bir-birimizi anlamağımız üçün çox böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Qriqori Zaslavski deyib: “Mehriban xanımın bir çox teatr, muzey və sərgi layihələrində fəal, ilhamlı, şəxsi iştirakı bu gün Azərbaycanı təkcə sevimli və möhtəşəm mətbəxi ilə deyil, eyni zamanda, himayəçisi Azərbaycanın Birinci vitse-prezidenti olan müxtəlif mədəni hadisələrlə bizə yaxın olan dövlət kimi hiss etməyə imkan verir”.

Dövlət Teatr Sənəti İnstitutunun rektoru vurğulayıb ki, Mehriban Əliyeva dəfələrlə Azərbaycanda Rusiya teatrlarının qastrol səfərlərini və digər irimiqyaslı layihələrini dəstəkləyib. “Onun mədəni əməkdaşlıq məsələlərinə qayğıkeş münasibəti bu gün də Azərbaycanla mütəmadi əlaqə saxlamağımıza kömək edir. Hətta indi, pandemiya dövründə də bu əməkdaşlıq davam edir. Məsələn, yazda Şərq Muzeyində "Nizaminin süjetləri və obrazları" sərgisi keçirildi. Yəni, hər şeyin asan olmadığı bu gün də Mehriban Əliyevanın diqqəti sayəsində ölkələrimiz arasında mədəni dialoq davam edir”.

"Kinolestnitsa" yaradıcılıq birliyinin baş prodüseri Yelena Tverdoxleb bütün kollektivi adından Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. "Azərbaycanın Birinci vitse-prezidentinə, Heydər Əliyev Fondunun prezidentinə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, yüksək vəzifədə uğurlar arzulayıram", - deyə o bildirib.

“Mehriban Əliyeva Rusiyada tanınır və dəyərləndirilir, ölkələrimizi mədəniyyət və incəsənət də daxil olmaqla, möhkəm dostluq, mehriban qonşuluq və müxtəlif sahələrdə əməkdaşlıq ənənələri birləşdirir. Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir, humanitar sahədə isə nümunəvi xarakter daşıyır və bu işdə Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük rol oynayır”, - deyə Yelena Tverdoxleb vurğulayıb.

“Kinolestnitsa”nın baş prodüseri deyib: “Mənə Mehriban Əliyeva ilə görüşmək nəsib olub. Onun cazibədarlığını, səmimiliyini, erudisiyasını, problemlərin optimal həllini tapmaq bacarığını qeyd etmək istəyirəm. Böyük bir yaradıcı kollektivin baş prodüseri olaraq, mənim üçün, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva insanlararası ünsiyyətin xüsusilə vacib olduğu sahədə məqsədyönlü və nümunəvi lider, qadın olaraq isə gözəllik və zəriflik nümunəsidir".

Yelena Tverdoxleb söhbətini belə yekunlaşdırıb: “Mehriban Əliyevanın adı görkəmli şəxsiyyət kimi artıq müasir tarixə yazılıb. O, təbiətin, cəmiyyətin və mənəvi ehtiyacların əvvəlcədən müəyyən edildiyi bütün sahələrdə özünü reallaşdırmağı bacaran bütün ahəngdar, məqsədyönlü və güclü qadınlar üçün bir nümunə oldu”.

Tarixçi və yazıçı Nataliya Zazulina-Muzıkantskaya Mehriban Əliyevanın ən parlaq qadın siyasətçilərdən biri olduğunu bildirib. “O, postsovet məkanında son 30 ilin ən parlaq birinci xanımdır. Həm nüfuzuna, həm də apardığı humanitar missiyaya görə dünya miqyasında da diqqəti cəlb edir. Azərbaycanın müasir mədəniyyətinə və Rusiya-Azərbaycan münasibətlərinə verdiyi töhfəyə görə mənim ona çox dərin hörmətim var”, -deyə o bildirib.

“Mehriban Əliyevanın Rusiya mədəniyyət xadimlərinə necə münasibət bəslədiyi çox vacibdir. Mən, məsələn, Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın həm Rusiya, həm də Azərbaycan üçün son dərəcə əhəmiyyətli şəxsiyyət olan Müslüm Maqomayevin xanımına və ya dahi Azərbaycan yazıçısı, ortaq mədəniyyətimizdə böyük bir sütun olan Maqsud İbrahimbəyovun həyat yoldaşına necə hörmətlə yanaşdığını görmüşəm. Dünya incəsənətində ayrıca üslubun yaradıcılarından sonuncusu, bu yaxınlarda vəfat edən dahi sənətkar Tahir Salahovun xatirəsinə Azərbaycanın necə münasibət bəslədiyini də qeyd etməmək olmaz. Bütün bunlar, əlbəttə, hörmətə layiqdir", - deyə Nataliya Zazulina -Muzıkantskaya vurğulayıb.

Paylaş
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31