Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Deputat: Ermənistan Azərbaycana qarşı törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq

Deputat: Ermənistan Azərbaycana qarşı törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq

27.08.2021 [15:10]

Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır

Uzun illərdir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü yalnız torpaqların işğalı ilə məhdudlaşmayıb. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində insanlığa sığmayan vəhşiliklər törədiblər. İşğaldan əvvəl və işğal dövründə əllərinə fürsət düşdüyü hər məqamda xalqımıza qarşı terrorçuluq, soyqırımı aktları həyata keçirərək, insanlarımıza ən vəhşi formada işgəncələr veriblər. 44 günlük Vətən müharibəsi ilə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasına baxmayaraq, münaqişə dövründə Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızdan 3890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Rəyasət Heyətinin üzvü Cavid Osmanovun “Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və əksər hallarda qətlə yetirilib. Əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra, onlar öldürülmüş və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların cəsədləri belə Azərbaycan tərəfinə təqdim edilməmişdir.

Ermənistan tərəfi əsir-girovlara qarşı barbarcasına davranmış, əsir-girovları antitürk, antiazərbaycan ideoloji-təbliğat vasitəsinə çevirmiş, nifrət hissinin artırılması məqsədilə onları mülki əhalinin ixtiyarına verərək meydanlarda nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsinə şərait yaradılıb. Eyni zamanda, əsirlikdə olan vətəndaşlarımız təhqir edilərək yaşayış məntəqələrində gəzdirilib və müxtəlif telekanallara çıxarılaraq öz ölkəsinin əleyhinə müsahibələr verməsinə məcbur ediliblər.

Ermənistan əsir və girovları qul kimi istifadə edərək, onların əməyindən işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə vandalizm aktlarında istifadə edib. Bundan başqa, ermənilər əsirlikdə olan Azərbaycan vətəndaşlarına işgəncələr verərək onları zərərli istehsal sahələrində işlətməyə məcbur ediblər.

Ermənistan tərəfinin törətdiyi cinayətlər bu illər ərzində sərhəd tanımayıb. Əsir və girov götürülmüş şəxslərdən bəziləri Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb olunmuş və ölkəmizdə terror-təxribat aktlarının törədilməsinə məcbur ediliblər. Ermənilər hətta əsir və girovları biri-birinin əleyhinə ifadələr verməyə, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı və təhqiredici əməllər törətməyə məcbur ediblər. Yaş və cinsinə məhəl qoyulmadan əsirlərimiz qeyri-insani şəraitdə saxlanılıblar.

Cenevrə Konvensiyalarına zidd olaraq Ermənistan tərəfi girovluqda olan azərbaycanlılardan müxtəlif məlumatların əldə olunması üçün dəhşətli işgəncələr belə verməkdən çəkinməyiblər. Bundan əlavə əsir və girovlar müxtəlif tibbi və digər eksperiment obyektinə çevrilmiş, bədənlərinə şüalar verilmiş və erməni cəlladları tərəfindən tərkibi məlum olmayan maddələr onların damarlarına, bədənlərinə yeridilib.

İtkin düşmüş vətəndaşlarımızın əksər hallarda işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq azadlıq və toxunulmazlıq, yaşamaq kimi hüquqları kobud şəkildə pozulub. Eyni zamanda, insanlarımızın əsirlikdə olan və itkin düşmüş qohumları haqqında məlumat alması təmin olunmayıb. Bütün bunların səbəbkarı məhz o dövrdə hakimiyyət başında olan Ermənistan siyasi rəhbərliyidir.

Bu gün də Ermənistan tərəfi itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıqdan qaçır. Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır.

1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Azərbaycanın aidiyyəti dövlət qurumlarının radio əks-kəşfiyyat xidməti tərəfindən Ermənistanın Azərbaycan xalqına qarşı belə hərbi cinayətlərindən biri ifşa edilib. Əldə edilmiş materialda Ermənistanın Basarkeçər rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya bölgədəki bütün səyyar radiostansiyalara təcili əmr verilib ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları, o cümlədən qocalar, qadınlar və uşaqlar təcili məhv edilib, basdırılsın. Məqsəd isə törətdikləri cinayətlərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən gizlətmək olub.

Beynəlxalq Qırmızı Xaç Komitəsində əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülüb ya da gizlədilib. Məsələn, 1998 və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən, hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən Azərbaycanın əsir-girov götürülmüş 54 vətəndaşına Ermənistan Respublikasında və keçmiş işğal edilmiş ərazilərimizdə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən saxlanma yerlərində baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Lakin, sonradan Ermənistan həmin 54 nəfərdən 17 nəfərini öldürərək, onların cəsədlərini qaytarmış, digərlərinin isə taleyi naməlum qalıb.

Faktlar var ki, öz yaxınlarını axtaran qohumlar aldadılaraq girov götürülüb və ya öldürülüblər. 1992-ci il dekabrın 31-də Qazax rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş İsayev Əsgər İsmayıl oğlunun axtarışı ilə məşğul olan qardaşı İsayev Cahangir İsmayıl oğlu və bacısının həyat yoldaşı Məmmədov Məmməd Qərib oğlu 1993-cü il 7 noyabr tarixdə Ermənistanın Gürcüstanla sərhəd ərazisinə gedərək orada ermənilərlə danışığa giriblər. Nəticədə Əsgər İsayevlə görüşdürəcəkləri və onu azad edəcəkləri adı altında aldadılaraq Ermənistana aparılıblar. Hazırda onların hər üçünün taleyi naməlumdur.

Bundan əlavə, 1993-cü ilin fevral ayında Azərbaycanın Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Quliyev Xaqanı Nurəddin oğlunun axtarışı ilə məşğul olmuş doğmaları öz təşəbbüsləri ilə Rusiyada yaşayan ermənilərlə əlaqə yaradıblar. Onları Xaqani Quliyevin sağ olduğuna inandırmış ermənilər 25 min ABŞ dolları müqabilində onu azad edəcəklərini bildiriblər. Yaxın qohumlarının köməkliyi ilə həmin vəsaiti toplamış Xaqani Quliyevin qardaşı Mahir Quliyev 1996-cı ilin yayında Rusiyaya gedib. Lakin ermənilər göstərilən məbləği gətirmiş Mahir Quliyevin özünü də orada qətlə yetirərək pulu götürərək qaçıblar.

Əsir-girovların hədə-qorxu və şantaj vasitəsi ilə erməni xüsusi xidmət orqanları tərəfindən məcburi əməkdaşlığa cəlb edilməsi və Azərbaycan Respublikasına qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur.

Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alaraq yerlə yeksan edilmiş, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur.

Bu kontekstdə, Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.

Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır.

Uzun illərdir Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürüdən, azərbaycanlılara qarşı soyqırımı, terror aktları, olmazın vəhşiliklər törədən Ermənistan bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. İnsan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlar, dünya ölkələri bu cinayətlərinə görə Ermənistana təsir və təzyiqlər etməlidir. Təəssüf ki, beynəlxalq aləmdən yetərincə belə reaksiyaları görmürük.

Düzdür, Azərbaycan Ermənistan tərəfinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də 44 günlük hərbi əməliyyatlara başlamalı oldu və bu əməliyyatlar zamanı Azərbaycan Ermənistana döyüş meydanında lazimi dərsi verdi. Torpaqlarımız işğaldan azad edildi, əsir və girov götürülərək işgəncələr məruz qalaraq həyatını itirmiş soydaşlarımızın, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş igid oğullarımızın qisası alındı. Yaxşı bir deyim var. Heç kim, heç nə unudulmur. Ermənistan tərəfi bu müddət ərzində Azərbaycana qarşı törətmiş olduğu hərbi və insanlıq cinayətlərinə görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaqdır. İtkin düşmüş, girov və əsir götürülmüş hər bir azərbaycanlının taleyinə Ermənistan aydınlıq gətirməli, onları geri qaytarmalıdır. Ermənistan unutmasın ki, gec-tez bu cinayətlərdə əli olanların hər biri Azərbaycan dövləti tərəfindən mühakimə ediləcək.

Paylaş
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31