Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

31.08.2021 [11:24]

Baş Dövlət Yol Polisi İdarəsi yollarda, dəmir yolu keçidlərində, küçə və meydanlarda nəqliyyat vasitələrinin hərəkəti zamanı heyvanların vurulması halları ilə bağlı sürücülərə müraciət edib.

İdarədən AZƏRTAC-a daxil olan müraciətdə bildirilir ki, yollarda, dəmir yolu keçidlərində, küçə və meydanlarda nəqliyyat vasitələrinin hərəkəti zamanı heyvanların vurulması yol-nəqliyyat hadisəsi hesab olunur və məsuliyyət yaradır. Təsadüfi deyil ki, “Yol hərəkəti haqqında” qanunun bir neçə müddəası məhz bu sahədə hüquq və vəzifələrin müəyyənləşdirilməsinə həsr olunub. Məsələn, qanunun 39-cu maddəsi mal-qara ötürənlərin vəzifələrini, 47-ci maddəsi isə bu sahədə mövcud olan tələbləri özündə ehtiva edir. Göründüyü kimi, sadalanan hallarda əsasən ev heyvanlarına münasibətdə yaranan hüquq və vəzifələrdən bəhs edilir. Bu da təbiidir, çünki onların sahibləri, başqa sözlə desək, cavabdeh şəxslər və ya subyektlər var.

Müraciət qeyd edilib ki, diqqət edilməsi əsas məqam məhz hüquq norma və qaydaları ilə tənzimlənməsi müşkül, lakin təhlükə ehtimalı yüksək olan reallıq - yollarda sahibsiz ev və ya vəhşi heyvanların yaratdığı təhlükədir. Burada məsuliyyət birtərəflidir. Qəfil yola çıxan sahibsiz ev və ya vəhşi heyvanın yaratdığı təhlükədən yayınmaq heç də asan olmur. Əksər hallarda belə vəziyyət sürücünün, sərnişinlərin, yol kənarındakı piyadaların həyat və sağlamlıqlarının təhlükə altında qalması, ciddi maddi ziyan və hətta bəzən ölümlə nəticələnir.

Təkcə cari ilin aprel-avqust aylarında respublikanın Quba, Göygöl, Şabran, Kürdəmir, Masallı və Qəbələ rayonları ərazisində sürücülər tərəfindən sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində bir neçə şəxs xəsarət alıb. Balakəndə isə yolun hərəkət hissəsinə çıxmış atı vuran sürücünün idarəetməni itirərək çaya düşməsi onun həyatı bahasına başa gəlib. Avqustun 25-də Quba rayonunda 5 gəncin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin də sahibsiz itin qəfil yola çıxması səbəbindən baş verdiyi ehtimal edildi.

Müşahidə və təhlillər deməyə əsas verir ki, sürücülük təcrübəsinə, idarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına güvənən istənilən intizamlı sürücü belə, sahibsiz ev və ya vəhşi heyvanın qəfil yola çıxdığı anda təlaş hissi keçirir, hadisələrin sürətli axınında vəziyyəti dərk edənədək vaxt itkisinə məruz qalır və qəzadan yayınmaq çətin olur.

Hava şəraitini nəzərə almayan, yolda nəzərdə tutulmuş sürət həddini aşan və idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyəti qənaətbəxş olmayan, eləcə də təcrübəsiz sürücülərdə belə məqamlar adətən faciə ilə müşahidə olunur. Ələlxüsus gecə vaxtı, işıqlandırılmayan ərazilərdə, habelə məhdudiyyətli görünmə və əlverişsiz hava şəraitində qəzadan qaçmaq, demək olar ki, mümkün olmur.

“Yaz-yay aylarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan hallar arasında sahibsiz ev və ya vəhşi heyvanın qəfil yolun hərəkət hissəsinə çıxması amilinin tez-tez səslənməsi mövzunun aktuallığından xəbər verir. Eyni zamanda, sadalanan şərtlər sürücülərdən son dərəcə diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağı tələb edir.

Bununla yanaşı, yollarda qayda pozuntularını qeydə alan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (radarların) mövcudluğundan, yaxud ərazidə dövlət yol polisi əməkdaşlarının xidmət aparıb-aparmamasından asılı olmayaraq, sürücülər bütün hallarda yol hərəkəti qaydalarına, xüsusən də müəyyən olunmuş sürət rejiminə dəqiqliklə əməl etməlidirlər ki, təhlükəsizlik təmin olunsun”, - deyə müraciətdə bildirilib.

Paylaş
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31