Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sentyabrın 1-dən pilot layihə olaraq 6 rayonda özəl baytarlıq sistemi tətbiq ediləcək

Sentyabrın 1-dən pilot layihə olaraq 6 rayonda özəl baytarlıq sistemi tətbiq ediləcək

31.08.2021 [15:59]

Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir. Bununla əlaqədar avqustun 31-də Bakıda “Fermerlərə təkmil, rəqabətli və keyfiyyətli xidmət” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda son illər davamlı olaraq aqrar siyasət sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, bu çərçivədə ölkəmizdə sentyabrın 1-dən özəl baytarlıq sisteminin tətbiq ediləcəyini bildirib.

Nazir qeyd edib ki, aqrar sahədə görülən işlərin əsas məqsədi fermerlərin rəqabət qabiliyyətinin artırılmasıdır. Bununla da, fermerlərə göstərilən xidmətlərin keyfiyyəti yüksəlmiş olacaq: “Daha keyfiyyətli baytarlıq xidmətinin təşkili həm də ölkəmizin qida təhlükəsizliyinin təmin olunmasını səciyyələndirir. Özəl xidmətə keçdikdən sonra baytarlıq mütəxəssisləri sağlam rəqabət mühitində çalışacaqlar. Sağlam rəqabət mühiti onlara öz bilik və bacarıqlarını daha da inkişaf etdirmək, müasir standartlara uyğun xidmət keyfiyyətlərinə sahib olmaq zərurəti yaradacaq. Özəl baytarlıq xidmətinə keçid ümumilikdə dövlət büdcəsindən maliyyələşən, 798 baytarlıq məntəqəsində çalışan 1624 baytarlıq mütəxəssisini əhatə edir”.

İnam Kərimov, həmçinin vurğulayıb ki, bu sahədə aparılan islahatlar beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir. Ümumdünya Heyvan Sağlamlıq təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilən dövlət siyasəti heyvanlar arasında xəstəliklərin azaldılmasına imkan verəcək. Bundan başqa, baytarlıq mütəxəssisləri daha yüksək gəlir əldə edəcək, gənc mütəxəssislərin işlə təminatı daha da yaxşılaşacaq.

Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, özəl baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə reyestrdən çıxarışlar təqdim ediləcək: “İnanıram ki, özəl baytarlıq xidməti müəssisələri bu mühüm prosesdə yaxından iştirak etməklə, heyvandarlıq məhsullarının ixrac potensialının artırılmasına, bu sahədə azad rəqabət mühitinin formalaşmasına, bununla da xidmətlərin təkmilləşməsinə və nəticə etibarilə ölkədə ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verəcəklər”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında dövlət başçımızın aqrar sektora göstərdiyi qayğıdan söz açıb. Komitə sədri qeyd edib ki, son illər ölkə rəhbərinin təşəbbüsü ilə qəbul olunan bir sıra dövlət proqramları, layihələr və həyata keçirilən tədbirlər respublikada kənd təsərrüfatının inkişafına əsaslı zəmin yaradıb və bu istiqamətdə yaxşı nəticələr əldə edilib. O, heyvandarlığın inkişaf etdirilməsinin bilavasitə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün başlıca vəzifə olduğunu deyib.

Komitə sədri özəl baytarlıq xidmətinin heyvandarlığın inkişafı üçün mühüm şərt olduğunu vurğulayaraq bildirib ki, belə bir xidmət olmadığı halda heyvanların sağlamlığından danışmaq mümkün deyil. Səriştəli mütəxəssislərimiz olmazsa, heyvandarlıq inkişaf edə bilməz.

Konfransda çıxış edən Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev özəl baytarlıq xidmətinə keçidin əhəmiyyəti və məqsədi barədə tədbir iştirakçılarına məlumat veriblər.

Daha sonra özəl baytarlıq xidmətinə keçidlə bağlı məlumatlandırıcı video-çarx nümayiş olunub, pilot kimi seçilmiş 6 rayon - Qəbələ, Qax, Balakən, Zaqatala, Oğuz və Şəki üzrə baytar həkimlərlə xidməti müqavilələrin imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, baytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar. Özəl xidmətə keçiddən sonra Aqrar Xidmətləri Agentliyi profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirlərin icrasını (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) xidməti müqavilə əsasında özəl baytar həkimlərə həvalə edəcək. Bundan başqa, özəl xidmətə başlamış baytarlar xidməti müqavilə əsasında ət və ət məhsullarının, süd və süd məhsullarının inspeksiyasını, xəstəliklərə qarşı aktiv və passiv müşahidələri, heyvanların identifikasiyasını və s. tapşırıqları da icra edəcəklər.

Fermerlərin vəsaiti hesabına maliyyələşən digər xəstəliklər isə özəl baytarlarla fermerlər arasında müqavilə və ya razılaşma əsasında ödənişli şəkildə həyata keçiriləcək. Özəl xidmət fermerə də istədiyi baytarın işini seçmək və səmərəli, sərfəli, keyfiyyətli xidmət almaq imkanı verəcək. Bundan əlavə, gələcəkdə ölkədə baytarlıq təcrübəsinin effektiv idarə edilməsi, baytarlıq sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, baytar həkimlərin və feldşerlərin peşəkar fəaliyyətinin tənzimlənməsi, heyvandarlıq məhsullarının xarici bazarlara çıxışının təmin olunması məqsədilə qeyri-kommersiya qurumu - Baytarlıq Statuar Orqanının (BSO) yaradılması da nəzərdə tutulur.

Dövlət və özəl sektorda baytarlıq xidmətlərinin tənzimlənməsinə dəstək olmaq, baytar həkimlərinin qeydiyyatı və reyestrinin aparılması, özəl baytar həkimlərinin ortaq maraqlarını dövlət və qeyri-dövlət orqanlarında təmsil və müdafiə etmək bu quruma həvalə olunacaq.

Paylaş
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31