Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa Qarabağın tacıdır

Şuşa Qarabağın tacıdır

01.09.2021 [08:58]

Prezident İlham Əliyev: Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var
Şuşa bütün azərbaycanlılar üçün son dərəcə əziz olan və hər birimizin qırılmaz mənəvi tellərlə sıx bağlı olduğumuz şəhərdir. Üç onillik idi ki, biz bu yerlərə ayaq basa bilmirdik, çünki Şuşa işğal altında idi. Ancaq daxilən, fikrən heç vaxt Şuşadan ayrı düşməmişdik, xəyallarımız həmişə bu yerlərdə gəzib dolaşırdı. 44 günlük Vətən müharibəsində işğaldan azad olunandan sonra aydın şəkildə görünür ki, elə Şuşa da eyni həsrət və yanğı ilə öz doğmalarına qovuşacağı günləri gözləyib. İşğalın davam etdiyi üç onillik ərzində mənfur düşmən Şuşamızın sinəsinə yaralar vurub, burada ağlasığmaz vandalizm əməlləri törədib, şəhəri erməniləşdirməyə çalışıb. Lakin bütün bunlar heç bir nəticə verməyib. “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Şuşaya səfəri çərçivəsində keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində etdiyi çıxışında deyib. Şuşanın tariximizdə, milli mədəniyyətimizdə əvəzolunmaz yerini dəyərləndirən dövlətimizin başçısı vurğulayıb: “Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır”.
Azərbaycan xalqı Şuşaya müzəffər xalq kimi qayıdıb
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində - 1992-ci il 8 may tarixində Şuşanın işğalı digər rayonların da işğal altına düşməsinə bir növ təkan verdi. Belə ki, məkrli düşmən yaranmış vəziyyətdən istifadə edərək bir neçə gün sonra Laçını da işğal altına aldı. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu. Beləliklə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yarandı.
Azərbaycan xalqı ötən üç onillik ərzində heç vaxt Şuşanın və digər ərazilərimizin işğal altında qalması faktı ilə barışmadı. Ötən müddət ərzində işğala son qoyulması, ölkənin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayanan əsas məsələ oldu. “İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik”, - deyə Prezident İlham Əliyev bəhs olunan çıxışında xatırladıb.
Azərbaycan düşmənin işğalçılıq siyasətinə öz milli gücü ilə son qoydu. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirərək işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratdı. 44 günlük müharibədə Ordumuzun qazandığı şanlı qələbə sayəsində tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Vətən müharibəsində Silahlı Qüvvələrimiz 300-dən çox şəhər və kəndi bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşa əməliyyatı zamanı düşmən Ordumuzu başqa istiqamətdən - şəhərə əsas giriş tərəfdən gözləyirdi. Lakin doğma şəhərimizin geri qaytarılması üçün xüsusi əməliyyat hazırlanmışdı. Əsgər və zabitlərimiz erməni hərbi birləşmələrinin istehkamlar qurduğu tərəfdən deyil, qayalara, yamaclara dırmaşaraq şəhərə daxil oldular və düşməni tam məğlubiyyətə uğratdılar. Ertəsi gün Azərbaycanın Silahlı Qüvvələri daha 70-dən çox yaşayış məntəqəsini, bir sıra strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etdi. Artıq aydın görünürdü ki, işğalçı Ermənistanın hərbi resursları tamam tükənib və müharibəni davam etdirmək iqtidarında deyil. Beləliklə, döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üzləşən düşmən noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın şərtlərinə əsasən formalaşdırılıb. Bəhs olunan sənədlə üzərinə bir sıra öhdəliklər götürən işğalçı Ermənistan sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz geri qaytardı. Vətən müharibəsində qazanılan şanlı qələbə xalqımızın tarixində əbədi qalacaq. “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Hazırda Şuşanın dirçəldilməsi üçün əməli addımlar atılır
Hazırda Şuşada erməni vandallarının törətdikləri dağıntıların aradan qaldırılması, şəhərin tarixi-mədəni simasının bərpa olunması məqsədilə həm dövlət qurumları, həm də Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”, - deyə bildirib.
Tarixi Azərbaycan şəhəri olan Şuşanın bərpasına Prezident İlham Əliyevin cari il yanvarın 14-də etdiyi səfərdən sonra start verilib. Bu, dövlət başçımızın müharibədən sonra Şuşaya ilk səfəri idi və həmin tarix heç də təsadüfən seçilməmişdi. 39 il bundan əvvəl yanvarın 14-də xalqımızın Ümummilli Lideri Heydər Əliyev Şuşaya gələrək Vaqifin məqbərəsinin açılışını edib. Beləliklə, Prezident İlham Əliyevin cari il yanvarın 14-də Şuşaya səfərə gəlməsi böyük rəmzi məna daşıyırdı. Dövlətimizin başçısı müharibədən sonra Şuşaya etdiyi ilk səfərində şəhərin, o cümlədən də Vaqifin məqbərəsinin bərpası ilə bağlı Öz göstərişlərini verdi. Ötən dövrdə görülən işlərdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “İlk səfərim çərçivəsində Şuşanın bərpası ilə bağlı bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər - 7 ay ərzində artıq çox böyük işlər görülüb”.
Qısa müddətdə qədim Şuşada görülən bərpa işləri müxtəlif istiqamətləri əhatə edir. Hazırda Füzulidən Şuşaya iki yolun çəkilişi uğurla davam etdirilir. Müharibə zamanı əsgər və zabitlərimizin keçərək Şuşa istiqamətinə getdikləri yerdən çəkilən Zəfər yolunda artıq asfaltlama işləri həyata keçirilir. Şəhərin elektrik təsərrüfatı bərpa edilib. Düşmən Şuşanı tərk edərkən şəhərin su xətlərini partlatmışdı. Artıq şəhərə suyun verilməsi də bərpa olunub.
Şuşanın tarixi-mədəni simasının bərpa olunması və şəhərin mədəni həyatının canlandırılması istiqamətində görülən işlərin miqyası da kifayət qədər böyükdür. Məlum olduğu kimi, dövlət başçımız 7 may 2021-ci il tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Hazırda şəhərdə işğal dövründə ermənilər tərəfindən dağıdılmış üç məsciddə - Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidlərində Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işləri aparılır. Yuxarı Gövhərağa məscidinin təmiri bitmək üzrədir. Artıq bərpa olunan Natəvan bulağına su gəlir. İşğal zamanı ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri şəhərə gətirilərək tarixi yerlərinə qoyulub. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya son səfərləri çərçivəsində Vaqifin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məqbərəsinin və büstünün yenidən açılışı baş tutub. Eyni zamanda, şəhərdə Üzeyir Hacıbəylinin abidəsi yenidən ucaldılıb. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir Hacıbəylinin ev-muzeyində görüləcək işlərlə tanış olublar. Səfər çərçivəsində Polad Bülbüloğlu və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə dahi Bülbülün ev-muzeyinin bərpasından sonra açılış mərasimi keçirilib. Vaqif Poeziya Günlərinin, bundan əvvəl isə “Xarıbülbül” festivalının bərpası da şəhərin həyatında əlamətdar hadisələrdir. Bu günlərdə Şuşanın mədəni həyatında daha bir əlamətdar hadisə yaşanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.
Bəhs olunan səfər çərçivəsində Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin Baş planı təqdim olunub. Hazırda Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri aparılır. Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva inzibati binada aparılan bərpa işləri ilə tanış olublar. Həmçinin dövlət başçısının və birinci xanımın iştirakı ilə “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açıb. Bundan başqa, Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.
Şuşanın bərpası istiqamətində işlərin miqyasının ötən hər gün daha da genişlənməsi ona dəlalət edir ki, şəhərin yeni növrağı başlayıb. Biz bundan sonra Şuşanı əbədi olaraq qoruyacaq və buraya bir daha mənfur düşmənin ayağının dəyməsinə imkan verməyəcəyik.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31