Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı Dövlət Universiteti Pakistanın Lahor Universiteti ilə əməkdaşlığa başladı

Bakı Dövlət Universiteti Pakistanın Lahor Universiteti ilə əməkdaşlığa başladı

01.09.2021 [17:59]

Bakı Dövlət Universiteti (BDU) və Pakistanın Lahor Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, onlayn tədbirdə tələbə və müəllim mübadiləsi, tədris prosesinin təşkili və elmi araşdırmalar sahəsində əməkdaşlıq, ikili diplom proqramının yaradılması ilə bağlı müzakirələr aparılıb.

BDU-nun rektoru Elçin Babayev 2020-ci ilin Azərbaycan üçün ən əlamətdar tarixlərdən biri olduğunu vurğulayıb. Rektor Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən və işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq və bərpa işlərindən danışıb. O, 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb. E.Babayev iki ölkə arasında yüksək səviyyədə münasibətlər olduğunu diqqətə çatdırıb.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən E.Babayev imzalanacaq memorandumun əhəmiyyətini vurğulayıb.

Tədbir iştirakçılarına bu ilin oktyabrında Bakı Dövlət Universitetində keçiriləcək “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları üzrə 1-ci ICESCO seminarı” və Pakistandan olan əsas məruzəçi-iştirakçılar haqqında məlumat verilib.

Lahor Universiteti İdarə Heyətinin sədri Üveys Rauf universitetlər arasında əməkdaşlığın elm və təhsil sahəsində əlaqələrə töhfə verəcəyini bildirib. O, müəllimlərə və tələbələrə təqaüdlərin verilməsi, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə ikili diplom proqramlarının, kursların və tədris proqramlarının, elmi-tədqiqat və texnoloji inkişaf proqramlarının hazırlanması, tələbə, müəllim və elmi işçi mübadiləsi, birgə tədqiqat layihələrində əməkdaşlıq, onlayn kitabxana və digər informasiya resurs mərkəzlərindən istifadə məsələlərinə toxunub, müxtəlif mövzularda seminarlar, simpoziumlar, tematik müzakirələr, konfranslar təşkil etmək və s. istiqamətdə gələcək fəaliyyətin gücləndirilməsinə yönəlmiş birgə səylərin zəruriliyini qeyd edib.

Lahor Universitetinin rektoru Məhəmməd Əşrəf iki ali məktəb arasında əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iki dövlət arasında təhsil əlaqələrinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan Pakistan üçün əsas strateji tərəfdaş ölkələrdəndir.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Vətən müharibəsi zamanı Pakistanın ölkəmizə dəstək nümayiş etdirdiyini vurğulayıb.

Elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmli məsələ olduğunu bildirən səfir qeyd edib ki, BDU Azərbaycanın ilk və ən böyük ali məktəbidir, ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunudur.

Səfir universitetlər arasında əməkdaşlığın inkişafına töhfə vermək üçün lazımi dəstək göstərəcəklərini deyib.

Sonra Bakı Dövlət Universiteti ilə Lahor Universiteti arasında memorandum imzalanıb.

Qeyd edək ki, Lahor Universiteti Pakistanın ən böyük ali məktəblərindəndir. Universitetin 5 filialı, 11 fakültəsi və 40 mindən çox tələbəsi var.

Paylaş
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31