Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanın müharibə cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hər bir azərbaycanlı fəal olmalıdır

Ermənistanın müharibə cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hər bir azərbaycanlı fəal olmalıdır

02.09.2021 [08:48]

Minəvvər Vahabova: Səfər iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən törədilən dağıntıları öz gözləri ilə gördülər

 

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük müharibə zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi Zəfər qazandı. Məhz bu Zəfər nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və ərazi bütövlüyümüz bərpa edildi. Bu müharibədən sonra, eyni zamanda, beynəlxalq aləm işğalçı Ermənistanın 30 il ərzində həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin, vəhşiliklərin əyani şəkildə şahidi oldu.
Daha dəqiq desək, müharibədən sonra işğaldan azad olunmuş ərazilərə səfər edən xarici ölkələrin təmsilçiləri, diplomatlar, mətbuat nümayəndələri bədnam qonşularımızın törətdikləri vəhşiliklərin nəticələrini öz gözləri ilə gördülər. Lakin təbii ki, Ermənistanın bu cinayətləri barədə daha çox ölkələrin və xalqların məlumatlı olması üçün işlər davamlı xarakter daşımalıdır. Ötən yazılarımızda vurğuladığımız kimi, heç şübhəsiz, bu işdə xarici ölkələrdəki diaspor təmsilçilərimizin də üzərinə mühüm vəzifə düşür. Bunu nəzərə alan Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təmsilçilərimizin Şuşaya səfərini təşkil edir.
Məlumat üçün bildirək ki, avqust ayında Şuşaya səfər edən diaspor təmsilçilərimiz arasında Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin yaradıcısı və rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Minəvvər Vahabova da olub.
Qəzetimizə açıqlamasında M.Vahabova öncə “səfər iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən törədilən dağıntıları, vandalizm aktlarını öz gözləri ilə gördülər. Bir daha bildirildi ki, mənfur düşmən üç onillik ərzində öz nəzarətində saxladığı ərazilərimizdə böyük dağıntılar törətməklə yanaşı, həm də şəhər və kəndlərimizi, yolları kütləvi şəkildə minalayıb. Təbii ki, dünya birliyi bu cinayətlər barədə məlumatlı olmalıdır. Bu baxımdan, hesab edirəm ki, Ermənistanın müharibə cinayətləri barədə həqiqətlərin dünya birliyinə çatdırılması üçün hər bir azərbaycanlı fəal olmalıdır”, - deyib.
Onun sözlərinə görə, bu məsələdə xaricdəki diaspor təmsilçilərinin də üzərinə mühüm vəzifə düşür: “Elə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyul və avqust aylarında Azərbaycanın diaspor nümayəndələrinin Şuşaya səfərinin təşkil olunmasında da məqsədlərdən biri bu idi. Yəni Ermənistanın müharibə cinayətləri barədə həqiqətlərin yaşadıqları ölkələrin cəmiyyətinə çatdırılması diaspor təmsilçilərimizin yeni dövrdə əsas vəzifələrindən biri olmalıdır”.
Açıqlamasında avqustun 17-də Şuşaya səfəri barədə təəssüratlarını da bölüşən M.Vahabova bildirib ki, Şuşa işğaldan azad olunandan bəri bu gözəl diyara səfər etmək arzusu olub: “Planlaşdırılmamış halda Azərbaycana gəlməli oldum və təsadüf nəticəsində Diasporla İş üzrə Dövlət Komitəsi həmin ərəfədə Şuşaya gözəl bir səfər təşkil etdi. Beləliklə, möcüzə baş tutdu və mən avqust ayının 17-də dillərə dastan olan, cəsur əsgərlərimizin qanı bahasına azad olunan Şuşada olmaq xoşbəxtliyini yaşadım. Bu səfərin mənim üçün ikinci bir önəmi də vardı. Belə ki, qardaşım Nəsib Kaşiyev 1992-ci ildə Şuşada şəhid olub və artıq onun ruhu şaddır”.
Qeyd edək ki, 1965-ci ildə Şəkidə anadan olan Minəvvər Vahabova 2007-ci ildə ABŞ-ın Nyu-York ştatına köçüb. Hazırda Nyu-Cersi ştatında yaşayan M.Vahabova Nyu-York Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin yaradıcısı və rəhbəri, həmçinin Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvüdür. Artıq 14 ildir diaspor fəaliyyəti ilə məşğul olan müsahibimiz deyib ki, Nyu-York Azərbaycan Amerika Qadın Cəmiyyəti 2013-cü ildə Nyu-York ştatında rəsmi olaraq qeydiyyatdan keçib: “ABŞ-da 6 il yaşadıqdan sonra bir qadın və ana olaraq hiss etdim ki, qadınların bir cəmiyyətdə toplanmasına ehtiyac var. Bu təşkilatda biz, Vətəndən uzaqda yaşayan qadınlar toplaşaraq ümumi problemlərimizi həll edə, yeni gələn ailələrin inteqrasiyası üçün müvafiq köməklik göstərə bilərik. Onu da deyim ki, Cəmiyyətimizdə azərbaycanlı qadınlarla yanaşı, müxtəlif millətlərdən olan qadınlar da var”.
“Bizə bu tarixi Zəfəri yaşatdıqları üçün Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza minnətdarlıq edirəm”, - deyən M.Vahabova daha sonra bildirib: “Torpaqlarımız işğal altında olan zamanlar biz mütəmadi olaraq haqq səsimizi dünyaya çatdırmağa çalışırdıq. Hər il Xocalı faciəsinin ildönümündə Ermənistanın BMT-də nümayəndəliyi və BMT-nin Baş Qərargahı qarşısında mitinqlər təşkil edir, məktublar, “email”lər, görüşlər vasitəsilə Azərbaycanın başına gətirilən müsibətləri dünya ictimaiyyətinə çatdırırdıq. Vətən müharibəsi zamanı da xaricdə yaşayan həmvətənlərimiz bir can, bir ürək oldular. Amerikadakı diaspor təşkilatları da bir gün belə usanmadan Vətənin haqq səsini, həqiqətləri Amerika ictimaiyyətinə, konqresmenlərə, senatorlara, yerli icra nümayəndələrinə, həqiqətləri təkzib edən media nümayəndələrinə çatdırdılar. Vətən müharibəsi günlərində sosial mediada: “facebook”, “Instagram”, “Twitter” səhifələrindən əsl savaşa başlamışdıq. Ali Baş Komandanımızın çıxışlarını səbirsizliklə ğözləyir və baş verənlərə uyğun birlikdə fəaliyyət göstərirdik. Onu da deyim ki, 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsində tətbiq edilən yeniliklər, xarici ölkələrdə, o cümlədən Amerikada diaspor təşkilatlarımızın fəaliyyətinə əlavə stimul verib. 2018-ci ildə komitə sədri Fuad Muradov Nyu-York şəhərinə səfər edərək Amerikada fəaliyyət göstərən diaspor fəallarını bir yerə topladı və böyük səs çoxluğu ilə Amerika Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı. Elə müharibə dövründə Amerikadakı azərbaycanlıların daha fəal olmasında da bu səfərin və yaradılan Şuranın mühüm rolu oldu. Postmüharibə dövründə isə qarşımızda yeni vəzifələr dayanır. Yuxarıda vurğulandığı kimi, Ermənistanın müharibə cinayətləri barədə həqiqətlərin dünya birliyinə çatdırılması da bu vəzifələr sırasındadır. Bu baxımdan, dövlətimizin diaspor quruculuğu siyasətinə verdiyi dəstəkdən güc alaraq yenə ön sıralardayıq. Yəni bundan sonra da yeni dövrün tələblərinə uyğun olaraq fəaliyyətimizi uğurla davam etdirəcəyik”.
Nadir AZƏRİ

Paylaş
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31