Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa yenidən dirçəlir

Şuşa yenidən dirçəlir

02.09.2021 [09:01]

Prezident İlham Əliyev: Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar

 

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbə qazanaraq işğalçı Ermənistanı diz çökdürdü və özünün ərazi bütövlüyünü təmin etdi. 44 gün davam edən Vətən müharibəsində Ordumuz 300-dən çox şəhər və kəndi bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Hər bir azərbaycanlı üçün son dərəcə əziz olan Şuşa uğrunda gedən döyüşlər adi döyüşlər deyildi. Təxminən otuz ilə yaxın bir dövr ərzində Azərbaycan xalqı bu qədim şəhərimizin işğal altında qalması faktı ilə heç vaxt barışmamışdı və gec-tez oraya qayıdacağına sonsuz ümid bəsləmişdi. Nəhayət, xalqımızın ümidi 44 günlük Vətən müharibəsində doğruldu. Şuşa uğrunda döyüşlər Azərbaycan hərbçilərinin, gənclərimizin Vətənə və Şuşaya bağlılığını bütün cəhətləri ilə dünyaya nümayiş etdirdi. Şuşa əməliyyatı zamanı düşmən Ordumuzu başqa istiqamətdən - şəhərə əsas giriş tərəfdən gözləyirdi. Lakin doğma şəhərimizin geri qaytarılması üçün xüsusi əməliyyat hazırlanmışdı. Əsgər və zabitlərimiz erməni hərbi birləşmələrinin istehkamlar qurduğu tərəfdən deyil, qayalara, yamaclara dırmaşaraq şəhərə daxil oldular və düşməni tam məğlubiyyətə uğratdılar. Şuşa əməliyyatından çəkilən bir foto uzun müddət müxtəlif yerli və xarici KİV-in səhifələrini bəzədi. Fotoda yaralı silahdaşını çiyinlərinə alan hərbçimiz əlində silah qayalıqlarla Şuşaya doğru irəliləyir. Budur, Azərbaycan hərbçisinin və gəncinin qəlbindəki Vətən, doğma torpaq və Şuşa sevgisi. Bu sevgi, bu yenilməz ruh bizi Şuşaya və üç onillik ərzində işğal altında qalan digər şəhər və kəndlərimizə qovuşdurdu.

 

Şuşa qədim Azərbaycan şəhəridir

 

Qarabağın tacı sayılan Şuşa bir gözəllik simvolu, qürur rəmzi olmaqla yanaşı, həm də bir milli kimlik məsələsidir. Alınmaz qala olan Şuşa ötən əsrin doxsanıncı illərinin əvvəllərində - 1992-ci il 8 may tarixində AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində süqut etdi və 28 il ermənilərin işğalı altında qaldı. Ermənilər üç onilliyi əhatə edən bir dövrdə Şuşada daşı-daş üstünə qoymayıblar, əllərinə keçən hər şeyi dağıdıblar. Ermənilərin bəhs olunan zaman kəsiyində həyata keçirməyə çalışdığı yeganə əməl heç vaxt onlara məxsus olmayanları - Azərbaycan xalqının tarixi-mədəni irsini mənimsəmək və özününküləşdirmək cəhdləri olub. Məlumdur ki, dünyanın müxtəlif yerlərində özlərinin izlərini qoymaq, bununla da “qədim mədəniyyətə malik xalq” mifi yaratmaq ermənilərin köhnə xəstəliyidir. Onlar gecələr torpağı qazar, oraya özlərinin xaçlarını, baş daşlarını basdırar və sonra da “arxeoloji tədqiqatlar” aparıb həmin dəmir-dümürü, daş-kəsəyi üzə çıxarıb buranın onlara məxsus olduğunu aləmə car çəkərlər. Oxşar əməllər gözəgəlimli binaların divarlarına bəlli erməni izlərini yamaq etməklə də təkrarlanır. Erməni xisləti deyəndə bütün bu kimi bəd əməllərin məcmusu nəzərdə tutulur. Erməni xislətinə, həmçinin gözəl Şuşamız da tuş gəldi. Üç onillik ərzində mənfur düşmən şəhərdə hər şeyi dağıdaraq özündən sonra kədərli mənzərə qoyub. Ermənilər Şuşaya iddia edirlər. Sual olunur: Əgər Şuşa erməni şəhəridirsə, onda ermənilərin şəhərdəki dağıntıları törətməyə əlləri necə gedib? Mədəni irsə qəsd etmək müharibə cinayətidir. Ermənilər isə Şuşadakı abidələri gülləbaran ediblər, muzey eksponatlarını oğurlayıblar, bulaqları qurudublar, dini abidələri təhqirə məruz qoyublar. Budurmu ermənilərin “mədəniyyət”i və yaxud Şuşaya bağlılıqları?
Ermənilərin üç onillik ərzində Şuşanın aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib. Üç onillik davam edən işğala, məqsədli şəkildə törədilən dağıntılara baxmayaraq, Şuşa azərbaycanlı ruhunu qoruyub saxlayıb. Bunu müharibədən sonra Şuşaya gələn hər kəs görür və duyur. Şuşamız indi azad bir şəhər kimi nəfəs alır. “Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Şuşaya səfəri çərçivəsində keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimindəki çıxışında deyib. Sonsuz iftixar hissi ilə “Şuşa Azərbaycan şəhəridir” deyən dövlətimizin başçısı vurğulayıb ki, işğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür.
Qeyd etmək yerinə düşər ki, Şuşanın təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub. Gələn il xalqımız Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcək. Bununla bağlı Prezident İlham Əliyev Özünün müvafiq tapşırıqlarını verib və artıq hazırlıq işlərinə də başlanılıb.
Postmüharibə mərhələsində biz Şuşanın timsalında əks-qütblərdə dayanan iki nümunənin şahidi oluruq. Bir tərəfdə dağıdıcı erməni vandalizminin izlərini görürük. Digər tərəfdə isə biz şəhərin əsl sahiblərinin - başda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva olmaqla bütün xalqımızın Şuşaya rəğbətinin, məhəbbətinin şahidi oluruq. Biz işğal dövründə Şuşanın simasına vurulan yaralara görə təəssüflənirik, eyni zamanda, doğma şəhərimizi dirçəltmək, ona daha bəxtəvər günlər yaşatmaq istəyimiz çox böyükdür. Prezident İlham Əliyev bir neçə dəfə bu fikiri ifadə edib: Şuşaya gələndə adam heç buradan getmək istəmir. Bax, budur, Şuşaya bağlılıq! Budur, Şuşanın əsl qədir-qiymətini bilmək!


Vaqif Poeziya Günlərinin keçirilməsi Şuşanın həyatında böyük mədəni hadisəyə çevrildi

 

Postmüharibə mərhələsində Prezident İlham Əliyevin göstərişləri əsasında Şuşanın bərpasına başlanıb. “Şəhərin tarixi simasının bərpa olunması” konseptinə uyğun reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir. Qısa müddətdə şəhərin su, elektrik enerjisi təminatı bərpa edilib. Hazırda Şuşaya Füzuli istiqamətindən yeni yollar çəkilir. Artıq Şuşada “Xarıbülbül”, “Qarabağ” hotelləri istifadəyə verilib. Bundan başqa, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya son səfərləri çərçivəsində yeni təməlqoyma mərasimləri keçirilib. Şəhərdə yeni yaşayış kompleksinin təməlinin qoyulması da çox əlamətdar hadisədir. Bildirildiyi kimi, bu yaşayış kompleksi Şuşanın Baş planı əsasında inşa ediləcək. Burada 25 yaşayış binasının inşası nəzərdə tutulur. Prezident İlham Əliyev bildirib ki, Şuşanın Baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Şuşanın tariximizdəki mühüm yeri həm də bu şəhərin milli mədəniyyətimizin inkişafına verdiyi böyük töhfələrlə ölçülür. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada yetişən musiqiçilər, həmçinin şairlər, xalça ustaları milli mədəniyyətimizin və ədəbiyyatımızın inkişafında mühüm rol oynayıblar. Şuşanın mədəniyyətimizin inkişafındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var”.
Şuşanın mədəni mühitində formalaşan simalardan biri də görkəmli söz ustası Molla Pənah Vaqifdir. Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Keçmiş ittifaqda sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində Şuşada Vaqifin məqbərəsi ucaldıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və poeziya evinin təntənəli açılışı Onun milli ədəbiyyata, tarixə, mədəniyyətə böyük önəm verməsinin təzahürü idi. Məhz bu səfər çərçivəsində Ulu Öndər Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi. Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırdı.
Postmüharibə dövründə 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilməsi Şuşanın həyatında böyük mədəni hadisəyə çevrildi. Qeyd edək, dahi şairin ermənilər tərəfindən dağıdılmış məqbərəsi və büstü də Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən bərpa edilib. Vaqif Poeziya Günlərinin açılışı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə avqustun 30-da nəfis tərtibatla bərpa olunan məqbərənin önündə baş tutdu. Açılış mərasimində çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra muğam triosunun ifasında “Qarabağ” şikəstəsi səslənib. Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da maraqlı məqamlarla yadda qalıb. Belə ki, tədbir çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edilib. Azad Şuşada ilk dəfə keçirilən Vaqif Poeziya Günlərinə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vurulub.
Mübariz Abdullayev

Paylaş
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31