Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / QMİ sədri: Narkomaniya təhlükəsinin qarşısının alınması cəmiyyətin bütün birgə səyləri vasitəsilə mümkündür

QMİ sədri: Narkomaniya təhlükəsinin qarşısının alınması cəmiyyətin bütün birgə səyləri vasitəsilə mümkündür

02.09.2021 [14:28]

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə çoxsaylı sorğuları, ictimai-sosial sifarişi nəzərə alaraq milli genofondumuz, ailə institutu, demoqrafik inkişaf, ictimai asayiş və dövlətçilik maraqları üçün ciddi təhlükə - zəmanəmizin qorxunc bəlasına çevrilmiş narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin həyəcanlı durumu ilə əlaqədar Azərbaycan ictimaiyyətinə müraciət edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə gələcək nəslin sağlam təməllər üzərində milli, dini-mənəvi dəyərlərə istinadən formalaşdırılmasının cəmiyyətimiz üçün bütün dövrlərdə mühüm istiqamətlərdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, gənc nəslin həm fiziki, həm ruhi sağlamlığı, ictimai fəallığı və sosial faydalılığı kimi məqamların reallaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti danılmazdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası, Elmi-Dini Şurası zamanında bu mühüm məsələlərə dair sanballı konfrans və tədbirlər təşkil edib, yerlərdəki din xadimlərinə bu mövzuları öz moizə və xütbələrində mütəmadi olaraq şərh etmək barədə müvafiq tapşırıq və tövsiyələrini verib. Cəmiyyətin tərkib hissəsi olan din xadimlərinin vəzifəsi Uca Allahın müqəddəs kitabımız “Qurani-Kərim”də buyurduğu həqiqətləri, dinimiz İslamın dəyərlərini daha israrlı maarifləndirmə işi vasitəsilə cəmiyyətimiz üçün kamil insan tərbiyəsi prosesinə öz töhfələrini verməkdir.

Diqqətə çatdırılıb ki, narkomaniya cəmiyyətin fiziki və mənəvi məhvinə yol açır, imanı zəiflədir, onun olduğu yerdə həmişə dağılmış ailələr və valideyn himayəsindən məhrum qalan uşaqlar olur, oğurluq, qətl, intiharlara yol açılır. Narkotik asılılıq həm insan orqanizminə, həm də cəmiyyətin bel sütunu olan ailə institutuna dağıdıcı zərbə vurur. Gənc nəslin narkotik asılılıq kimi bəşəri bəla ilə üz-üzə qalması bu günümüz və gələcəyimiz üçün çox böyük təhlükədir. Narkotik vasitələrin satışı, istifadəsinə dair statistikanı, bu bəlaya düçar olmuş insanların sayını, bu qorxunc kabusun gəncləri, qadınları, hətta məktəb yaşlı uşaqları ehtiva etdiyini nəzərə alsaq, təəssüf hissi ilə deməliyik ki, bu gün narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi təhlükəli fəlakət həddinə yüksəlib.

Müraciətdə, həmçinin qeyd olunub ki, narkotik vasitələr və onlara aludəçilik sağlamlıq, iqtisadi, siyasi, ictimai və əxlaqi zəmində çox böyük dağıdıcı, məhvedici təsirlərə malikdir, insanın təfəkkür, düşüncə, istedad, idrak, qüdrət, çalışmaq və quruculuq səylərini əllərindən alır, iman və əqidəsini zədələyir, Uca Allahı dərk etməkdən uzaqlaşdırır, ailələrin əsasını dağıdaraq məhv edir. Məstedici maddələr fərdin və cəmiyyətin ruhu və cisminə təsir edən fəsadlı nəticələri baxımından, bütün pisliklərin mənbəyi olduğuna görə İslamda haram buyurulmuşdur. İnsan əqlini əlindən alan, şüurunu pozan, iradəsini məhv edən, zehnini zəiflədən belə maddələrdən istifadə hər il milyonlarla insanın məhvinə səbəb olur.

Eyni zamanda, din xadimləri aidiyyəti dövlət qurumları və ictimaiyyətin müxtəlif təbəqələri ilə bərabər, bu ictimai bəla ilə mübarizədə daha çox səfərbər olmağa, məscidlərdə oxunan, habelə onlayn moizə və xütbələrdə insanları bu sosial fəlakət barədə ətraflı məlumatlandırmağa, onun fəsad və acı nəticələrini geniş şərh etməyə, dini maarifləndirmə müstəvisində günah və haram olduğu mətləbini daha dərindən təlqin etməyə çağırılıb.

Vurğulanıb ki, Azərbaycan dövləti gəncliyin sağlam inkişafı işini hər zaman prioritetlər sırasında nəzərdən keçirir, onların fiziki, mənəvi sağlamlığı üçün dövlət səviyyəsində proqramlar işlənib hazırlanır. Dövlətimizin başçısı və Birinci vitse-prezidenti səviyyəsində gəncliyin qayğı ilə əhatə olunması üçün sanballı və genişmiqyaslı tədbir və layihələr həyata keçirilir. Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin satışına, onların qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır, ölkə səviyyəsində maarifləndirici və reabilitasiya məqsədli layihələr həyata keçirilir. Lakin bəzi xarici və daxili qüvvələr cəmiyyətimizi zəiflətmək, gələcəyimizi şikəst etmək üçün ən qorxulu və zərərli vərdişlərdən olan narkomaniyadan, narkotik vasitələrin qanunsuz dövriyyəsindən öz mənfəətləri üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Bu durumda biz din xadimlərinin vəzifəsi bu istiqamətdə dövlət proqramlarına dəstək olmaq, hökumətimizin səylərinə yardım edərək daha artıq maarifləndirmə və bütün mümkün vasitələrlə sabahkı gündə övladlarımızın gələcəyinə etibarla baxa biləcəyimiz bir mühitin yaradılması üçün çalışmaqdır.

Şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, narkomaniya təhlükəsinin qarşısının alınması cəmiyyətin bütün təbəqələrinin - dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, sosial institutların sıx əməkdaşlığı şəraitində birgə səyləri vasitəsilə mümkündür. Zərərli vərdişlərə qarşı mübarizədə aktiv olmaq, 44 günlük Vətən müharibəsində xalqımıza mübarək Zəfər yaşatmış qəhrəman oğullarımızın ruhuna sadiq və layiq gəncliyin yetişdirilməsi dövlət, millət olaraq bundan sonrakı qələbələrimiz üçün Vətənə, millətə xeyirli olan, dövlətçiliyimizə sadiq, mətin, iradəli, ruhən kamil, imanlı, təqvalı, əməlisaleh, vətənpərvər, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən nəslin yetişməsinə yardım etmək həm Allah, həm də dövlətimiz qarşısında hamımızın mənəvi borcudur!

Paylaş
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31