Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cəlil Xəlilov: Ermənistanın itkin düşən Azərbaycan vətəndaşları haqqında məlumatları gizlətməsi onun cinayətkar mahiyyətindən xəbər verir

Cəlil Xəlilov: Ermənistanın itkin düşən Azərbaycan vətəndaşları haqqında məlumatları gizlətməsi onun cinayətkar mahiyyətindən xəbər verir

02.09.2021 [17:32]

Ermənistanın girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızla bağlı məlumatları ölkəmizlə bölüşməkdən, Azərbaycan tərəfini məlumatlandırmaqdan məqsədli şəkildə imtina etməsi beynəlxalq hüququn norma və prinsiplərinin rəsmi İrəvan tərəfindən növbəti dəfə pozulmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Birinci Qarabağ müharibəsində Ermənistanın hərbi cinayətləri nəticəsində dörd minə yaxın soydaşımız itkin düşüb. Onların taleyindən bu günədək xəbər yoxdur. Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası tərəfindən 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İtkin düşmüş mülki şəxslərdən 20-si qız olmaqla 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 154 nəfəri ahıl olmaqla 267 nəfəri qadındır. 3890 nəfərdən 872-sinin, o cümlədən 29 uşağın, 98 qadının, 112 ahıl şəxsin əsir-girov götürülməsi uzun illərdir Azərbaycanı narahat edən məsələdir.

“Təəssüf ki, Ermənistan həmin vətəndaşlarımızın aqibətinə bu günədək aydınlıq gətirmir, onlarla bağlı məlumatları gizlədir. Halbuki bu, beynəlxalq hüquqla cinayətdir və Ermənistan üçün məsuliyyət yaradır. Qarşı tərəfin bu davranışları aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən də qınanmalı, rəsmi İrəvana təzyiq göstərilməlidir. Ermənistanın hüquqdan və insanlıqdan uzaq olan bu davranışına beynəlxalq təşkilatlar da biganə qalmamalı, rəsmi İrəvana təzyiqlər göstərməli, onu vaxti ilə əsir və girov götürdüyü soydaşlarımız haqqında məlumat verməyə məcbur etməlidir. Unutmaq olmaz ki, baş verənlər insan hüquqları ilə bilavasitə bağlıdır və bu hüquqların təmin edilməsində, itkin və əsir düşən soydaşlarımızın aqibətinə aydınlıq gətirməkdə bütün bəşəriyyət, bütün insanlıq maraqlı olmalıdır”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Polkovnik bildirib ki, Respublika Veteranlar Təşkilatı İkinci Dünya müharibəsində itkin düşən azərbaycanlılar haqqında məlumatların əldə edilməsi istiqamətində mühüm işlər həyata keçirir. Təşkilat bu günə qədər İkinci Dünya müharibəsində iştirak edən, müharibə zamanı itkin düşən yüzlərlə soydaşımızın aqibətinin müəyyən olunması istiqamətində mütəmadi addımlar atıb. Məhz görülən işlərin sayəsində Rusiya, Ukrayna, Belarus, Moldova, Serbiya və digər ölkələrin ərazisində döyüşlərdə iştirak edən xeyli sayda soydaşımız haqqında konkret məlumatlar əldə edilib, onların dəfn olunduğu yerlər müəyyənləşib. Kalininqradın müdafiəsində iştirak edən 400 soydaşımızın kimliyi müəyyən olunub, habelə Moldovada, Moskva ətrafında döyüşlərdə həlak olan soydaşlarımızın xatirəsinə abidələr ucaldılıb. Bu baxımdan Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın aqibətinin müəyyənləşdirilməsi ən aktual məsələlərdən biridir. Birinci Qarabağ müharibəsində əsir və itkin düşən soydaşlarımızla bağlı məlumatların əldə olunmasında Ermənistanda fəaliyyət göstərın beynəlxalq qeyri-hökumət təşkilatlarının, habelə ikinci, üçüncü dövlətlərin də imkanlarından istifadə edilməlidir.

Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi nəticəsində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən şəhid edilən bir sıra hərbçilərimizin dəfn olunduğu yerlərin də müəyyənləşdirildiyini xatırladıb, bu istiqamətdə daha əhatəli addımların atılmasının zəruriliyini vurğulayıb: “Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) kimi günlərin qeyd edilməsinin çox mühüm əhəmiyyəti var. Bu, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, öz mövqeyini bir daha ortaya qoyması deməkdir. Bu, həm də dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara öz məsuliyyətlərini xatırladan bir addımdır. Ümid edirəm ki, bundan sonra dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın bu narahatlığını anlayacaq, minlərlə soydaşımızın taleyinə münasibətdə biganəlik sərgiləməyəcək”.

Paylaş
Baxılıb: 224 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31