Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bütün şəhidlərimizin ruhu şaddır

Bütün şəhidlərimizin ruhu şaddır

03.09.2021 [09:05]

Yazı şəhid Elçin Məhərrəmovun xatirəsinə həsr edilir

 

Döyüş meydanında
can versə insan
Xoşdur, namərdliklə
qoyub qaçmaqdan.
Basdığın yerlərə “torpaq”
deyərək keçmə, tanı:
Düşün altında
minlərcə kəfənsiz yatanı.

 

1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 mindən çox azərbaycanlı deportasiyaya məruz qalır. Deportasiyaya məruz qalan ailələrdən biri də Məhərrəmovlar ailəsi olur. Böyük şəcərəyə malik Məhərrəmovlar əsasən Gəncə şəhərində məskunlaşmağa başlayaraq digər həmvətənləri ilə həmin illərin ən çətin günlərini yaşayırlar. Lakin erməni separatçılarının məqsədi yalnız Ermənistan daxilində etnik təmizlənmə ilə məhdudlaşmadı... Onlar çoxdan və mütəşəkkil şəkildə Azərbaycanın ərazi bütövlüyünə yeni qəsdlərlə bağlı tədbirlər planı hazırlamışdılar.
1989-cu ildə ermənilər daha da irəli gedərək Sovet Ordusunun hərbi dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə ardıcıl hücumlara başlayırlar.
Həmin çətin illərdə könüllü olaraq torpaqların müdafiəsinə qoşulan gənclərdən biri də az əvvəl erməni vandalizmini öz gözləri ilə görmüş və dədə-baba yurdundan qaçqın düşmüş 26 yaşlı Elçin Məhərrəmov idi. Onun üçün düşmənlə döyüş meydanında üzbəüz vuruşmaq çox önəmli idi. O, məhz döyüş meydanında azğın erməni daşnakları ilə vuruşaraq onlardan vətənin qisasını almaq istəyirdi. Onun gözəl arzuları var idi: ali təhsil alsın, karyerasını qursun və ailəsinə layiq övlad olaraq Azərbaycana başucalığı gətirsin.
Qeyd edək ki, Məhərrəmovlar ailəsinin bir çox gəncləri həmin dövrdə istər respublikada, istərsə də xaricdə təhsil alaraq müxtəlif sahələrdə öz bilik və bacarıqlarını Azərbaycanın inkişafına həsr edən ziyalılar oldular.
Elçinin də istəyi müharibədən sonra arzularını bir-bir reallaşdırmaq idi... Amma dəhşətli müharibə onun kimi minlərlə gəncin arzularını yarımçıq qoydu.
Elçin münaqişənin ilk vaxtlarında Gəncə şəhərində nizamlama-quraşdırma idarəsində əvvəlcə sürücü kimi işləməyə başlayır. Daha sonra idarənin nəqliyyat idarəsində inzibati işlərə cəlb olunaraq müxtəlif rayonlarda təchizatın logistika işinin təşkilində çalışır.
1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır. İlk döyüş yolu Çaykənddən başlayır. İstər hərbi texnikanın idarə olunması, istərsə də təchizatın idarəolunması və logistika işlərində öz bilik və bacarığını məharətlə istifadə edir. Daha sonra Todan kəndindən keçən döyüş yolu Qarabağın müxtəlif yaşayış məntəqələrini əhatə edir. Mahir Hüseynovun başçılıq etdiyi batalyonda Elçin Məhərrəmov Çıldıran, Qaçaqot, Drombon, Mehmana kimi neçə kənd və qəsəbələrin işğaldan azad olunmasında yaxından iştirak edir. O, təkcə əsgər kimi döyüşmürdü, həmçinin idarə etdiyi “ZİL-131” markalı maşınla qonşu ərazilərdə döyüşən digər batalyonlara hərbi sursat və ərzaq məhsullarını da çatdıraraq batalyonlararası təchizata və yardıma önəmli dəstək verirdi. Bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirdi. 1991-ci ilin payızında, noyabrın 12-də Drombon ərazisində Qozlu körpü tərəfdə qəhrəmancasına həlak olur. Hərbi sursatları və digər ləvazimatları tükənmiş batalyona lazımi yardımı çatdırarkən pusquya düşür və sona qədər döyüşərək şəhid olur.
Həmin ayın 29-da Elçinin toyu olmalı idi... Amma o, ön cəbhədə həm döyüşçü, həm təchizatçı, həm də logistika mütəxəssisi kimi bütün məharətini ortaya qoyaraq həyatda ən qiymətli neməti olan canını göz qırpmadan vətənə fəda etdi.
....30 ilə yaxın işğal 44 günlük müharibə ilə 2020-ci ildə sona yetdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu erməni faşistlərini məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi. Artıq tarixi Zəngəzur torpağına qayıdış da reallaşmaq üzrədir.
Elçin Məhərrəmov kimi igid Azərbaycan oğullarının, bütün şəhidlərimizin ruhu artıq şaddır. Qisas alındı, düşmən məhv edildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Paylaş
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31