Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir

03.09.2021 [09:15]

Prezident İlham Əliyev: Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir


Azərbaycanın Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Şuşaya səfəri çərçivəsində keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimindəki çıxışında Vətən müharibəsində əldə olunan Zəfərin önəminə bir daha diqqət çəkərək deyib: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik”.


Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmadı


İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi. Mənfur düşmən beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizi zor tətbiq etməklə işğal altına alanda və sonrakı mərhələdə ağır müharibə cinayətlərinə əl atdı. Belə ki, bu işğal nəticəsində soydaşlarımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötmüşdü və bu, ölkəmiz üçün böyük humanitar fəlakət idi. Erməni hərbi birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsini törətdilər və uşaqlara, qadınlara, yaşlı insanlara belə aman vermədən şəhəri bir gecənin içində yerlə-yeksan etdilər. Bir vaxtlar çiçəklənən, ahəngdar inkişaf edən şəhər və kəndlərimiz işğal dövründə, sözün əsl mənasında, erməni vəhşiliyinə tuş gəldi. Belə ki, işğal altına düşən ərazilərimizin bütün sərvətləri talandı, tikililər dağıdıldı, meşələrimiz qırıldı, mədəni irsimiz təhqirlərə məruz qaldı. İşğaldan azad olunan ərazilərdən təqdim edilən foto və video materiallar kədərli təəssüratlar oyadır - sanki, bu yerlərdən sivilizasiyadan tamam bixəbər olan vəhşi tayfa sürüləri gəlib keçib. Tarixi Azərbaycan ərazilərində törədilən bu kimi vəhşiliklər ermənilərin özləri barədə uydurduqları “qədim və mədəni xalq” mifinin üstündən birdəfəlik xətt çəkir. Sivilizasiyadan az-çox xəbəri olan bir xalq heç vaxt qonşularının yaratdığı mədəniyyətə sahiblik iddiaları irəli sürməz və onu dağıtmağa cəhd etməz. Beynəlxalq təşkilatların, ayrı-ayrı böyük dövlətlərin, o cümlədən də artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun loyallığı, işğalçılıq siyasətinə görə Ermənistanın cəzalandırılmaması mənfur düşməni daha da ruhlandırırdı. Ermənistan işğal məhsulu olan status-kvonu sonsuzluğadək saxlamaq niyyəti güdürdü və bundan ötrü müxtəlif təxribatlara əl atırdı. Hətta müharibədən əvvəl keçmiş təmas xətti boyunca və iki ölkə arasındakı sərhəddə təxribatları daha da intensivləşdirən işğalçı ölkədən “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları eşidilirdi.
Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Son 18 ildə Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Dövlətimizin başçısı yuxarıda bəhs etdiyimiz çıxışında bunu xatırladaraq deyib: “Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq”.
Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu. Qürurverici haldır ki, nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrinə görə, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.


Azərbaycan tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpasına hərbi-siyasi yolla nail oldu


Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Verilən məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə belə hal aşkarlanmayıb.
Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə vurğulayıb. Xatırladaq ki, Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31