Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda sahibkarlara dövlət dəstəyi mexanizmlərinin əhatə dairəsi kifayət qədər genişdir

Azərbaycanda sahibkarlara dövlət dəstəyi mexanizmlərinin əhatə dairəsi kifayət qədər genişdir

04.09.2021 [08:20]

Dünyanın ayrı-ayrı qabaqcıl ölkələri yüksək inkişaf səviyyəsinə liberal iqtisadiyyatın davamlı olaraq dəstəklənməsi sayəsində çatıblar. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan da məhz bu təcrübədən bəhrələnməklə ölkədə azad sahibkarlıq mühitinin daha da optimallaşdırılmasına nail olmağa çalışır. Respublikamızda sıraları getdikcə genişlənən sahibkarlar ordusu dövlət tərəfindən dəstəklənirlər. Son illərdə dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan islahatların böyük qismi sosial-iqtisadi məzmunludur. Həyata keçirilən islahatlar sayəsində ölkəmizdə şəffaflıq artıb, ixracın və investisiyaların səmərəli təşviq mexanizmləri işə salınıb, vergitutma bazasının genişləndirilməsi yolu ilə vergi yükü azaldılıb, daxili istehsalın dəstəklənməsinə hədəflənən çoxsaylı tədbirlər görülüb ki, bütün bunlar da sahibkarların marağında olan məsələlərdir.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması hədəflənib. Yeni strateji dövr üçün müəyyənləşdirilən prioritetlərdən biri də ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğu ilə bağlıdır. Sənəddə bildirilir ki, iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl sektor əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Sənəddə vurğulanıb: “Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir”.

Bəhs olunan sənədlə müəyyənləşdirilən dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat prioriteti ilə ölkəmizdə liberal iqtisadiyyatın təşviq edilməsinə və sahibkarlıq mühitinin daha da optimallaşdırılmasına hesablanaraq ardıcıl şəkildə reallaşdırılan tədbirlər bir-birini tamamlayır. Bunu son vaxtlarda sahibkarlara praktiki müstəvidə göstərilən dəstək tədbirlərinin əhatə dairəsinin genişlənməsi bir daha təsdiqləyir. Qeyd edək ki, indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən respublika üzrə 38320 sahibkara ümumi dəyəri 5990732000 manat olan layihələrin maliyyələşdirilməsinə 2571638000 manat məbləğində dövlət güzəştli krediti ayrılıb.

Bütövlükdə, Azərbaycanda sahibkarlara dövlət dəstəyi mexanizmlərinin əhatə dairəsi kifayət qədər genişdir.  Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 9 avqust 2021-ci il tarixində “e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə  Fərman imzalayıb. Sənəddə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müvafiq qurumlarla birlikdə portalın formalaşdırılması, Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası, “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb. Ekspertlərin də bildirdikləri kimi, “e-KOB evi” portalının formalaşdırılması ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına yeni təkan verəcək. Portal, ilk növbədə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların mərkəzləşdirilmiş qaydada əldə olunmasını asanlaşdıracaq və sahibkarlıq subyektlərinə digər xidmətlərin göstərilməsini təmin edəcək. Bəhs olunan platforma üzərindən sahibkarlar “elektron hökumət” portalına inteqrasiya olunmuş dövlət qurumlarına müraciət ünvanlamaq imkanı qazanacaqlar. Eyni zamanda, “e-KOB evi” vasitəsilə bizneslərarası münasibətlər qurmaq mümkün olacaq. Bütün bunlar isə ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması və şəffaflığın artırılması, neqativ halların aradan qaldırılması istiqamətində atılan çox mühüm addımlardır.

Respublikamızda liberal iqtisadiyyatın inkişafının ardıcıl şəkildə təşviq edilməsi və özəl sektorun qeyri-neft iqtisadiyyatının drayverinə çevrilməsini hədəfləyən siyasətin həyata keçirilməsi öz müsbət nəticələrini verir. Hazırda ölkəmizdə ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 80 faizədək artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Eyni zamanda, bu gün sahibkarlıq subyektləri ölkə vətəndaşlarının əmək bazarına inteqrasiyasının genişlənməsinə mühüm töhfələr verir. Yeri gəlmişkən, sahibkarlıq subyektləri Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə keçirilən “Məşğulluq marafonu”na məmnuniyyətlə qoşulublar. İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri təklif olunub. Artıq 28 sahibkarlıq subyekti tərəfindən 60 nəfər işlə təmin edilib. Qeyd edək ki, KOBİA-nın ölkənin 20-dən çox şəhər və rayonunda fəaliyyət göstərən “KOB dostları” tərəfindən “Məşğulluq marafonu”na qoşulmaq istəyən sahibkarlıq subyektlərinə müvafiq vakant iş yerlərinin elektron sistemə daxil edilməsi üçün də dəstək göstərilir.

Göstərilən davamlı dövlət dəstəyinin məntiqi nəticəsi olaraq sahibkarlıq subyektlərinin rəqabət imkanlarının artması da mühüm əhəmiyyətə malikdir. Sevindirici haldır ki, son vaxtlarda milli şirkətlərimiz beynəlxalq sərgilərdə uğurla təmsil olunurlar və öz məhsullarını sərbəst şəkildə xarici bazarlara çıxardırlar. Təkcə 2021-ci ilin əvvəlindən bəri milli şirkətlərimiz bir neçə beynəlxalq sərgiyə qatılıblar. Cari ilin sonunadək Azərbaycan şirkətlərinin məhsullarının daha üç beynəlxalq sərgidə nümayiş olunacağı gözlənilir. Bunlar Çinin Şanxay şəhərində təşkil olunacaq “Çin Beynəlxalq İdxal Sərgisi” (CIIE), həmçinin  Rusiyanın Moskva şəhərində keçiriləcək “Heimtextil Russia 2021” və “WorldFood 2021” sərgiləridir. Azərbaycan şirkətləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə öz məhsullarını bəhs olunan beynəlxalq sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcəklər.

 

Qaşqay RAMAZANOV

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31