Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev COVID-19 peyvəndinin əlçatan olmasını daim diqqətdə saxlayır

BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev COVID-19 peyvəndinin əlçatan olmasını daim diqqətdə saxlayır

06.09.2021 [12:28]

Malayziyanın “BERNAMA” milli informasiya agentliyində Qoşulmama Hərəkatı (QH) barədə geniş məqalə dərc edilib. Məqalədə Qoşulmama Hərəkatının fəal üzvü kimi Azərbaycana və hazırda təşkilata sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin nümunəvi siyasi davranışına xüsusi yer ayrılıb.

AZƏRTAC xəbər verir ki, məqalə Hərəkatın 1961-ci ilin sentyabrın 1-də Belqrad şəhərində keçirilmiş ilk konfransının 60 illiyi münasibətilə hazırlanıb.

Malayziya agentliyinin diplomatik xəbərlər üzrə peşəkar jurnalisti Rjaminakam Raviçandra tərəfindən qələmə alınmış məqalədə bildirilib ki, hazırda digər vacib məsələlərlə yanaşı, Qoşulmama Hərəkatının gündəliyində duran ən aktual çağırışlardan biri də COVID-19 pandemiyası, virusa qarşı peyvəndlərin ölkələr arasında bölgüsü ilə əlaqədardır. Müəllif Azərbaycan Prezidenti, eyni zamanda, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin ötən müddət ərzində peyvəndlərin beynəlxalq bölgüsü ilə bağlı mövqeyini qətiyyətli siyasi davranış nümunəsi kimi xarakterizə edib. Malayziyalı jurnalist Azərbaycan Prezidentinin bəzi inkişaf etmiş dövlətlərin qeyri-adekvat davranışları səbəbindən peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölgüsündə yaranmış vəziyyəti tənqid etdiyini vurğulayıb.

Yazıda Ermənistan ilə Azərbaycan arasında ötən ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsinə də nəzər salınıb. Müəllif bildirib ki, tarixən təşkilata üzv dövlətlərlə bağlı həlledici məqamlar meydana gəldikdə Qoşulmama Hərəkatının dəstəyinə zərurət yaranır. O, belə bir dəstəyin Ermənistan-Azərbaycan müharibəsi zamanı qeydə alındığını, Azərbaycan Prezidentinin göstərilən dəstəyə görə təşkilata üzv dövlətlərə təşəkkür etdiyini vurğulayıb. Qeyd edib ki, müharibə dövründə Qoşulmama Hərəkatına üzv dövlətlər BMT-nin 1993-cü ildə qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan qətnamələrini kölgələmək məqsədi daşıyan yeni bir sənədin qəbuluna imkan verməyiblər.

Məqalədə, həmçinin Qoşulmama Hərəkatının bu günə qədər keçdiyi vacib mərhələlərdən, o cümlədən beynəlxalq təhlükəsizlik və əməkdaşlıq mühitinə verdiyi töhfələrdən bəhs olunub. Xüsusilə soyuq müharibə dövründə, ideoloji mübarizənin ən kəskin mərhələsində Hərəkatın yaranması beynəlxalq siyasətdə yeni müstəqil cərəyan kimi qiymətləndirilib.

Paylaş
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31