Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb

ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb

06.09.2021 [17:37]

Sentyabrın 6-da ADA Universitetində Avropa İttifaqı üzrə Bilik Mərkəzi, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbi, NATO Enerji Təhlükəsizliyi Mərkəzi, “BP Azerbaijan” və SOCAR-ın birgə əməkdaşlığı ilə keçirilən Regional Enerji Təhlükəsizliyi Simpoziumu işə başlayıb. Simpozium sentyabrın 10-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinin Enerji məsələləri üzrə Akademik Qrupunun direktor müavini Alan Hovard, NATO Enerji Təhlükəsizliyi Mərkəzinin tədqiqat şöbəsinin müdir müavini Kol Kristof Nave açılış nitqi ilə çıxış ediblər.

Bildirilib ki, simpoziumun keçirilməsində məqsəd qarşılıqlı əlaqələrin qorunub saxlanılmasının və ən yaxşı təcrübələrlə bağlı məlumat mübadiləsinin əhəmiyyətini vurğulayaraq regional, qurumlararası, eləcə də sektorlararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsidir.

Daha sonra Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Sultanovun və SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun məruzələri dinlənilib.

Simpoziumun birinci günündə ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinin Enerji məsələləri üzrə Akademik Qrupunun direktor müavini Alan Hovard “Enerji təhlükəsizliyi və hibrid müharibə”, ABŞ səfirliyinin enerji məsələləri üzrə əməkdaşı Kortni Brazier “ABŞ-ın enerji təhlükəsizliyi gündəliyi”, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şaffer “Yenilənmə: geosiyasət/təhdidlər”, BP-dən Maykl Denison “Qabaqcıl tədqiqat metodları: enerji təhlükəsizliyi (virtual)” mövzularında çıxış və təqdimatlar ediblər. Həmçinin ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Daniel Templin rəhbərliyi ilə qrup işi aparılıb.

Tədbirə ADA Universitetində fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin direktoru Nərgiz İsmayılova moderatorluq edib.

Qeyd edək ki, simpozium nazirliklərin yüksək səviyyəli mütəxəssislərini və qərar qəbul edənlərini, səfirləri, akademik qurumların, beynəlxalq təşkilatların və dövlət, eləcə də özəl sektorun ekspertlərini bir araya gətirəcək. Azərbaycan, ABŞ, Türkiyə və Ukraynadan olan əsas məruzəçilər regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, hibrid müharibəsi və terror hücumlarına qarşı mübarizə və digər geniş spektri əhatə edən spesifik mövzulara toxunacaqlar.

Simpozium çərçivəsində tanınmış mütəxəssislərin rəhbərliyi ilə təqdimatlar, müzakirələr, qrup işləri, tematik tədqiqat işləri və çalışmaları təşkil olunacaq.

Paylaş
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31