Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanda siyasi böhran və sosial-iqtisadi tənəzzül davam edir

Ermənistanda siyasi böhran və sosial-iqtisadi tənəzzül davam edir

07.09.2021 [09:06]

Ermənistanda hökumətin formalaşdırılmasının başa çatmasına, həmçinin baş nazir Nikol Paşinyanın yeni hökumətin 5 illik proqramını təsdiq etdirməsinə baxmayaraq həm siyasi, həm də sosial-iqtisadi böhran davam edir. Ermənistan mediası yazır ki, ölkə vətəndaşlarının paytaxtda yerləşən parlament, hökumət binaları qarşısında olduğu kimi, regionlarda da müxtəlif tələblərlə keçirdikləri etiraz aksiyalarının sayı artmaqdadır.
Bu arada, “Past” qəzeti yazır ki, parlamentdə hökumətin proqramı müzakirə edilərkən baş verən əlbəyaxa davadan sonra hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları təhlükəsizliklərinin təmin edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Erməni mətbuatı onu da yazır ki, vətəndaşların yaşayış şəraiti hər keçən gün daha da ağırlaşır. Məsələn, “Joğovurd” qəzetinin yazdığına görə, Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın yaratdığı “Menu.am” şirkəti çatdırılma xidmətlərinin qiymətini 400 dram artırıb: “Qeyd edək ki, taksi xidmətlərinin qiymət artımı həm də tıxacla əlaqələndirilir. Belə bir əsaslandırma isə ölkədə bütün sahələrdə bahalaşmaya rəvac verə bilər. Digər tərəfdən, iqtisadiyyat nazirinin qurduğu şirkətin bunu etməsi diqqət çəkir. Belə ki, bir tərəfdən iqtisadiyyatda guya vəziyyətin yaxşılaşacağından danışan nazir digər tərəfdən xidmətlərin qiymətlərini artırır. Belə çıxır ki, iqtisadiyyat naziri vətəndaşların sosial vəziyyətini asanlaşdırmaq əvəzinə onların büdcəsinə ciddi zərbə vurmaqla məşğul olur”.
“Shamshyan.com” isə xəbər verir ki, bu günlərdə bir neçə kəndin sakinləri üzüm tədarükü prosesində yaranan problemlərlə əlaqədar Vedi rayonunun inzibati ərazisində İrəvan-Arazdəyən magistral yolunun bir hissəsini bağlayıblar. Bundan sonra çoxsaylı polis əməkdaşları aksiya yerinə gətirilib. Fermerlər vilayət qubernatoru və hökumət nümayəndəsi ilə görüş tələb ediblər. Halbuki bundan əvvəl erməni mediası xəbər vermişdi ki, baş nazirin müavini Suren Papikyan hökumətin son iclasında şərab istehsalçılarının yolları bağlaması üçün əsas yarada biləcək heç bir hal olmayacağı barədə vəd verib.
Göründüyü kimi, Ermənistanda sosial-iqtisadi sahədə də tənəzzül dərinləşməkdə davam edir. Əhalinin yolları bağlaması, hökumət binası qarşısında mütəmadi aksiyalar keçirərək ciddi narazılıq bildirməsi məğlub ölkədə vəziyyətin acınacaqlı olmasından xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31