Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturu qurulur

İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturu qurulur

07.09.2021 [09:31]

Prezident İlham Əliyev: Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır


Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Postmüharibə mərhələsində isə qalib Azərbaycanın qarşısında yeni çağırışlar durur. Bu çağırışlar, ilk növbədə, işğaldan azad edilmiş ərazilərin bərpası və oraya Böyük Qayıdışı təmin etməklə bağlıdır. Respublikamız bəhs olunan ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydanına çevrilib. Burada Böyük Qayıdışı təmin etmək üçün əvvəlcə ərazilər minalardan təmizlənir. Bunun ardınca isə həm şəhər və kəndlərin bərpası həyata keçirilir, həm də müxtəlif istiqamətlərdə zəruri infrastrukturun yaradılması ilə bağlı layihələr reallaşdırılır. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasına və burada zəruri infrastruktur quruculuğuna böyük önəm verir. Dövlət başçımız müharibə başa çatandan sonra birinci xanım Mehriban Əliyeva ilə birlikdə dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər edərək, burada çoxsaylı infarstruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərinə qatılaraq Özünün dəyərli tövsiyələrini verib.


Yeni çəkilən yollar işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunmasını təmin edəcək


İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir. O cümlədən bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır. Digər bir amilə də diqqət yetirək. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər dağlıq relyefə malikdir. Yol olmadığına görə Kəlbəcərin, Laçının bir sıra yaşayış məntəqələrinə qış aylarında getmək mümkün deyil. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar işğaldan azad olunmuş ərazilərə qış aylarında da rahat gediş-gəlişi təmin edəcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə çəkilən yollar həm iqtisadi, həm də sosial baxımdan böyük önəm daşıyır.
İşğaldan azad edilən ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrin sayı da kifayət qədər çoxdur. Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə yeni avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayırıb. Dövlətimizin başçısı bir qədər bundan əvvəl birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlinin qoyulması mərasimindəki çıxışında işğaldan azad olunan ərazilərdə müasir yol infrastrukturunun qurulmasının önəmindən bəhs edərək bildirib: “Kəlbəcər-Laçın avtomobil yolunda tunel tikiləcək və beləliklə, ikinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi gediş-gəlişi daha da rahat edəcək. Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır”.
Hazırda Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər intensiv şəkildə davam etdirilir. Qeyd edək ki, Vətən müharibəsində igid hərbçilərimiz bizim hamımız üçün əziz olan Şuşaya məhz Zəfər yolunun keçdiyi ərazidən daxil olublar və misilsiz şücaətlər göstərərək şəhəri işğaldan azad ediblər. Məlumat üçün bildirək ki, 4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Artıq Zəfər yolunda asfaltlama işləri aparılır. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin də təməlini qoyub. Yol üzərində, ümumilikdə, iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr təşkil edəcək.
İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Bəhs olunan avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır. Bu ərazilərdə sürüşməyə meyillilik yüksək olduğuna görə 31,5 km uzunluqda yolun tikilməsi əvəzinə, bu hissənin Murovdağ silsiləsinin altından 11,7 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yolboyu ümumi uzunluğu 15 km-ə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 2575 metr olan 103 dairəvi boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 450 metr olan 5 yeni avtomobil körpüsünün inşası işləri də icra olunacaq. Göygöldən Ömər aşırımı üzərindən çəkilən yol Kəlbəcərə rahat gediş-gəlişi təmin edəcək. Bəhs olunan yolun əhəmiyyəti həm də ondan ibarətdir ki, Göygöl də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turizm məkanları ilə bağlanmış olacaq.
İşğaldan azad edilmiş ərazilərdə müasir yol infrastrukturu quran Azərbaycan, həmçinin ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, yaradılacaq Zəngəzur dəhlizi boyunca da avtomobil yollarının inşasına nail olmağa çalışır. Bu, Zəngəzur dəhlizinin funksionallığı baxımından çox önəmlidir. Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib ki, yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. “Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.


İşğaldan azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun yaradılması qalib Azərbaycanın sərhəd bölgələrində daha da möhkəmlənməsi baxımından böyük önəm daşıyır


Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yol layihələrinin statistikası kifayət qədər zəngindir. Yuxarıda bəhs olunan layihələrlə paralel şəkildə, hazırda işğaldan azad edilmiş ərazilərdə 72,3 km uzunluğunda Kəlbəcər-Laçın, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd (123,8 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43km), Füzuli-Hadrut (13km), Bərdə-Ağdam (45 km) və digər yollar çəkilir. Biz yuxarıda işğaldan azad edilmiş ərazilərdə qurulan müasir yol infrastrukturunun sosial-iqtisadi önəmindən bəhs etdik. Yeni çəkilən yollar, həmçinin qalib Azərbaycanın Ermənistanla sərhəd bölgələrində daha da möhkəmlənməsi baxımından da böyük önəm daşıyır. Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında işğaldan azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun qurulmasının əhəmiyyətindən bəhs edərkən bu məsələyə də diqqət çəkib. “Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Onu da vurğulayaq ki, işğaldan azad edilmiş ərazilərdə yeni yol layihələrinin icrası heç də asanlıqla başa gəlmir. Ərazinin dağlıq relyefi, həmçinin bəzi sahələrdə sürüşməyə meyilliliyin yüksək olması müxtəlif əməliyyatların həyata keçirilməsini çətinləşdirir. Lakin bütün bu kimi çətinliklər inşaatçıların əlini işdən soyutmur. Əlamətdar haldır ki, mürəkkəb relyefə malik ərazilərdə yolların çəkilməsində qardaş Türkiyənin inşaatçıları ilə yanaşı, yerli şirkətlər də yüksək fəallıq nümayiş etdirirlər. Zəfər yolunun inşası buna misaldır. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq Zəfər yolunun tikintisinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, “7 N-li Magistral Yolların İstismarı” MMC, “23 N-li Yol İstismarı” MMC və “43 N-li Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti də cəlb olunublar. Bəhs olunan yolun inşasında, həmçinin Azərbaycanın şirkətləri olan “Azvirt” MMC və “Körpü Bina Tikinti” MMC də iştirak edirlər. İşğaldan azad olunan ərazilərdə bir sıra digər yolların inşasında da belə əməkdaşlıq qurulub. Həm yerli, həm də xarici şirkətlər layihələrin icrasında yüksək peşəkarlıq göstərirlər. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu yaradılarkən ən müasir standartlar tətbiq olunur. Digər bir mühüm amil ondan ibarətdir ki, yeni yolların çəkilməsində əsasən yerli materiallardan istifadə olunur.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 400 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30