Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dövlət naziri: Qətər şirkətlərinin azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə cəlb edilməsində maraqlıyıq

Dövlət naziri: Qətər şirkətlərinin azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə cəlb edilməsində maraqlıyıq

07.09.2021 [14:00]

Sentyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir Ceyhun Bayramov dost Qətər ölkəsinin nümayəndə heyətini məmnuniyyətlə salamlayıb və iki ölkəni birləşdirən dərin mədəni, dini əlaqələrdən bəhs edib. Nazir tərəflər arasında həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb və ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirib. Həm ikitərəfli, həm də çoxtərəfli platformalarda Azərbaycan ilə Qətər arasında əməkdaşlıq və dialoqun mövcud olduğu qeyd edilib.

Dövlət naziri Sultan bin Saad Al-Mureyxi səmimi görüşə görə təşəkkürünü bildirib, Qətər Dövlətinin xarici işlər naziri Şeyx Mohammed bin Abdulrəhman Al-Taninin salamlarını nazir Ceyhun Bayramova çatdırıb. O, iki ölkənin Xarici İşlər nazirlikləri arasında həyata keçirilən məsləhətləşmələrin Bakıda təşkil olunan növbəti mərhələsi çərçivəsində əməkdaşlıq gündəliyinin bir sira məsələləri üzrə ətraflı müzakirələrin aparıldığını söyləyib.

Nazir Ceyhun Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin olunması baxımından siyasi məsləhətləşmələrin mütəmadi şəkildə keçirilməsinin vacibliyini qeyd edib. Nazir Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi davamlı dəstəyi, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində illik əsasda ölkəmizlə bağlı qəbul edilən qətnamələri birmənalı şəkildə dəstəklədiyi üçün Qətər Dövlətinə təşəkkürünü bildirib. C. Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, habelə azad olunmuş torpaqlarda aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, ölkəmizin beynəlxalq hüququn prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğu və bu mövqeyimizin dövlət rəhbəri tərəfindən səsləndirildiyi qeyd edilib.

Görüş zamanı Qətər Dövlətinin rəsmisinə, həmçinin Ələt Azad İqtisadi Zonası haqqında məlumat verilib, Qətər şirkətlərinin buraya cəlb olunması imkanları qeyd edilib. Habelə hər iki ölkənin XİN-ləri arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti səsləndirilib.

Qətərin dövlət naziri Azərbaycanın qonşu dövlətlə münasibətlərin normallaşdırılması və sülhün təmin olunmasına dair mövqeyinin təqdir edildiyini vurğulayıb. O, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi çərçivəsində layihələrin icrasına Qətər şirkətlərinin də cəlb edilməsində maraqlı olduqlarını bildirib. İnformasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi qeyd olunub.

Sonda Qətər Dövlətinin rəsmisi Azərbaycan xalqına və dövlətinə rifah və inkişaf arzu edib.

Paylaş
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31