Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pekində Qarabağın və Şərqi Zəngəzurun investisiya imkanlarından danışılıb

Pekində Qarabağın və Şərqi Zəngəzurun investisiya imkanlarından danışılıb

07.09.2021 [16:33]

Çinin paytaxtı Pekində davam edən Çin beynəlxalq xidmət ticarəti sərgisi (CIFTIS) çərçivəsində “Azərbaycanda investisiya və ticarət” seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin və CIFTIS təşkilat komitəsinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə keçirilən seminarda Çinin dövlət qurumlarının məsul işçiləri və iş adamları iştirak edib.

Seminarın Azərbaycanın biznes mühiti, sərmayə və ticarət potensialı, ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əhəmiyyəti barədə çinli sahibkarları məlumatlandırmaq məqsədi daşıdığını bildirən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iki ölkə arasında qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq münasibətlərinin dövlət başçılarının iradəsi ilə getdikcə daha da möhkəmləndiyini deyib. Bu cür münasibətlər iki ölkə və iş adamları arasında iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar yaradır.

Ticarət nümayəndəsi T.Nadiroğlu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin qarşıdakı onillikdə Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərini müəyyən etdiyini bildirib. Bu prioritetlər əsasında qeyri-neft sektoruna daha çox xarici sərmayələrin, o cümlədən Çin investisiyalarının cəlb olunması istiqamətində iş aparılır.

T.Nadiroğlu bildirib ki, Azərbaycandakı siyasi və iqtisadi sabitlik, inkişaf etmiş infrastruktur və coğrafi yerləşmə, əlverişli sərmayə mühiti Azərbaycanı investisiya yatırmaq baxımından cəlbedici edir. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard ABŞ dolları sərmayə qoyulub ki, bunun da 100 milyarddan çoxu xarici sərmayələrdir.

Seminarda beynəlxalq maliyyə qurumlarının da yüksək qiymətləndirdiyi Azərbaycandakı biznes və sərmayə mühiti barədə ətraflı məlumat verilib, sənaye parklarında, yeni yaradılan Ələt Azad İqtisadi Zonasında investorlar üçün güzəştlər barədə, habelə Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb. Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumu arasında imzalanan razılaşma əsasında MDB məkanında ilk dəfə olaraq Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzi (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) fəaliyyətə başlayıb.

Qeyd olunub ki, “Bir kəmər, bir yol” təşəbbüsünün yeni imkanlar açdığı Azərbaycan-Çin iqtisadi-ticari əməkdaşlığının genişlənməsi hər iki tərəf üçün faydalıdır. Azərbaycanın nəqliyyat-logistika imkanları, o cümlədən ölkəmizdəki beynəlxalq hava limanları, dəmir və avtomobil yolları şəbəkəsi yüklərin Çindən Avropaya daha tez və etibarlı formada daşınmasını təmin edir.

T.Nadiroğlu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan Qarabağı və Şərqi Zəngəzuru azad etməsindən sonra həmin ərazilərin bərpası və müvafiq iqtisadi fəaliyyətlərin yaradılması üçün böyük imkanları yarandığını bildirib, habelə Zəngəzur koridorunun regional əməkdaşlığa verəcəyi töhfələri vurğulayıb. Diqqətə çatdırılıb ki, artıq Qarabağın və Şərqi Zəngəzurun bərpası işlərinə başlanılıb. İşğaldan azad olunandan sonra qısa müddət ərzində Füzulidə inşa olunmuş beynəlxalq hava limanı iki gün əvvəl sınaq uçuşları ilə ilk təyyarələri qəbul edib.

Ticarət nümayəndəsi Çin iş adamlarını Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işlərində fəal olmağa, həmin ərazilərdə yaradılacaq logistika və sənaye parklarında istehsal sahələrini yaratmağa çağırıb.

Çin Kommersiya Nazirliyinin Ticarətin İnkişafı Bürosunun direktor müavini Çen Huamin Azərbaycanın Avrasiyada və “Bir kəmər, bir yol” təşəbbüsü üzrə Çinin vacib tərəfdaşı olduğunu, diplomatik münasibətlərin qurulmasından sonra digər sahələrdə olduğu kimi iqtisadi-ticari əlaqələrin də davamlı inkişaf etdiyini bildirib. O, iyunun 2-də telefon danışığı zamanı dövlət başçıları Si Cinpin və İlham Əliyevin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılması, Çin şirkətlərinin Azərbaycana daha çox investisiya qoyuluşununun təşviqi barədə fikir mübadiləsi apardıqlarını xatırladaraq, ölkələrimizin müvafiq qurumlarının bu istiqamətdə fəaliyyətlərini vurğulayıb.

Çen Huamin 2019-cu ildə Şanxayda 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində təmsil etdiyi Büronun Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə anlaşma memorandumu imzaladığını vurğulayaraq, ötən müddətdə sərmayələrin cəlb olunması istiqamətində fəal iş aparıldığını diqqətə çatdırıb.

Seminarda İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin icraçı direktoru vəzifəsini icra edən Tamerlan Tağıyevin, AZPROMO prezidentinin müavini Zöhrab Qədirovun, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun baş müşaviri Rəşad Kərimovun videoçıxışları dinlənilib. Bundan başqa, Çindao şəhərindəki Çin-Şanxay Əməkdaşlıq Təşkilatının Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Nümayiş zonasının direktor müavini Sian Cıçian, Çinin kosmik sənayesinin kommersiya fəaliyyətini həyata keçirən yüksək texnologiya şirkəti olan “Satelliteherd”ın vitse-prezidenti Don Vey, Azərbaycan şərablarının Çində təşviqi ilə məşğul olan Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun professoru Huan Yüton çıxış ediblər. Bundan başqa, Azərbaycan Turizm Bürosunun Çin nümayəndəliyi ölkəmizin turizm potensialına, Azərbaycanın qida məhsullarının Çinə idxalı ilə məşğul olan “Çin-xarici iqtisadi əməkdaşlıq elm və ticarət” şirkətinin baş meneceri Van Doncian “Made in Azerbaijan” brendli məhsulların Çin bazarındakı satış imkanlarına, “Silk Way West Airlines” şirkətinin Tiencin ofisinin rəhbəri Asif Həsənzadə təmsil etdiyi qurumun beynəlxalq yükdaşımalardakı mövqeyinə dair təqdimatlar ediblər.

Paylaş
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31