Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa dağlarını daha heç vaxt qara buludlar almayacaq

Şuşa dağlarını daha heç vaxt qara buludlar almayacaq

07.09.2021 [17:14]

“...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir...”. Ulu Öndər Heydər Əliyevin bu fikirləri söylədiyi o gün - 1982-ci il yanvarın 14-ü Şuşanın dağları ağ örpəyə bürünmüşdü. Şuşaya qar yağırdı, soyuq adamın iliklərinə qədər işləyirdi. Həmin şaxtalı gün böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin açılışı oldu. 

Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə olunmuşdu. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 

Qeyd edilməlidir ki, Şuşada yaşayıb, yaratmış M.P.Vaqifin məqbərəsinin açılışı təkcə ədəbi-mədəni hadisə deyildi. Ona görə ki, Ümummilli Lider Heydər Əliyev məqsədyönlü şəkildə 1923-cü ildə dağlıq və aran hissələrinə bölünmüş Qarabağın təsərrüfat və iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Çünki erməni millətçiləri bölgənin Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaq üçün Dağlıq Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaları genişləndirmək lazım gəlirdi. Ümummilli Liderin iştirakı ilə 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Ulu Öndər Heydər Əliyevin strateji addımı və böyük tarixi xidməti idi. 

Həmin gün Şuşaya gələn Ümummilli Lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına ayrıca diqqət ayrılması barədə xüsusi göstəriş verdi. Ulu Öndər Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşadığı yerləri ziyarət etdikdən sonra Şuşa rayonunun rəhbərliyinə demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Bundan az müddət sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu. 1982-ci il iyulun 29-dan - avqustun 2-dək Qarabağa bir il ərzində ikinci dəfə səfər edən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Şuşada şair Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Ulu Öndər Şuşada “Poeziya evi”nin açılışında, Vaqif Poeziya Günlərində iştirak etdi, Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu, onların qorunmasına dair tapşırıqlar verdi. 

Ancaq təəssüf ki, 1988-1993-cü illərdə Dağlıq Qarabağ və ətrafındakı yeddi Azərbaycan rayonu Ermənistan silahlı güvvələri tərəfindən işğal edildi. Qarabağdakı, o cümlədən Şuşadakı bütün tarixi, dini, mədəni abidələrin hamısı erməni vandalları tərəfindən darmadağın edildi. 

Zaman keçdi, tarixi ədalət öz yerini aldı. Şuşa işğaldan azad edildi. Qələbədən sonra yanvarın 14-də Şuşada Vaqifin məqbərəsinin qalıqlarını ziyarət edən ölkə rəhbəri onun bərpa olunması barədə göstəriş verdi. 2021-ci il avqustun 29-da Şuşada Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Molla Pənah Vaqifin bərpa edilmiş möhtəşəm məqbərəsinin açılışı oldu. 

Xatırladaq ki, məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. Məqbərənin bərpasını həyata keçirənlər ərazidə məqbərədən qalan hər xırda detaldan istifadə ediblər. Şairin ruhunu özündə daşıyan hər bir daş parçası yenidən onun məqbərəsinə hörülüb. Abidənin ətrafında 39 il il əvvəl də olduğu kimi, qızılgül kolları əkilib.

Məqbərənin bərpadan sonra açılış mərasimi həm də Vaqif Poeziya Günlərinin bərpa olunması ilə müşayiət olundu. Dövlət başçısının ətrafında 39 il əvvəl Ümummilli Lider Heydər Əliyevin yanında olduğu kimi Azərbaycanın ədəbiyyat, mədəniyyət və sənət adamları toplanmışdı. Şairlər Vaqifin və özlərinin şeirlərini səsləndirib, Tanrının lütfünə şükranlıqlarını bildirdilər. Yazıçı Anar dövlət başıçısından Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayının Şuşada keçirilməsinin xeyir-duasını aldı. Deməli, irəlidə Şuşada hələ çox sənət və ədəbiyyat bayramları olacaq. Şuşa dağlarını daha heç vaxt qara buludlar almayacaq, o dağlar yalnız təbii ağ dumana, təbii ağ örpəyə bürünəcək. 

 

Mətləb Hüseynov,

YAP Göygöl rayon təşkilatının Kərəmli  kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri

Paylaş
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31