Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanda əhalinin etiraz aksiyaları genişlənməkdədir

Ermənistanda əhalinin etiraz aksiyaları genişlənməkdədir

08.09.2021 [09:04]

Xəbər verildiyi kimi, sosial-iqtisadi tənəzzül içində olan məğlub Ermənistanda vətəndaşların regionlarda etiraz aksiyaları daha da genişlənməkdədir. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan əhali dövlətin onlara heç bir yardım göstərməməsi, əksinə, maneələr yaratması səbəbindən əsas beynəlxalq və magistral yolları bağlayır. Ermənistan mətbuatının yazdığına görə, son günlər ölkənin müxtəlif vilayətlərinin bir çox rayonlarında, o cümlədən Əştərək, Vedi və digər rayonların kəndlərinin sakinləri bu yolla hökumətə öz etirazlarını çatdırmaq istəyirlər.
Qeyd edək ki, son günlər Ararat (Vedi) vilayətinin bir çox rayonlarında üzümün alınması ilə bağlı problemlər səbəbindən bölgənin bir çox kəndlərinin sakinləri ərazidən keçən magistral yolları bağlayıblar. “Sputnik Ermənistan” aksiyalarla bağlı yayılan xəbərləri təsdiqləyib, eyni zamanda, kəndlərin sakinlərinin narazılıqlarının səbəbini göstərib. Məlumata görə, fermerlər əsasən üzümün alış qiymətindən narazıdırlar. Aksiyaya qatılan fermerlər “Sputnik Ermənistan”ın müxbirinə bildiriblər ki, problem təkcə alış qiymətinin aşağı olmasında deyil, həm də şərab zavodları və konyak fabriklərinin məhsullarını qəbul etməkdən imtina etməsindədir.
Xatırladaq ki, ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan hökumətin sentyabrın 2-də keçirilən iclasında bu il ölkədə üzüm alınması ilə bağlı heç bir problem olmayacağını bəyan etmişdi.
Bu arada, Ermənistan Üzümçülər Birliyinin sədri Artak Sarkisyan “News.am” saytına açıqlamasında bildirib ki, bu il məhsul yığımı 2020-ci ildən çox olmayacaq, çünki keçən il bu rəqəm təxminən 160 min ton olub. A.Sarkisyan əlavə edib ki, Ermənistanda yetişdirilən üzümün qiyməti, adətən, 1 kiloqram üçün 100-110 dram (təxminən 20 sent) təşkil edir: “Bu səbəbdən fermerlərin bu işlə məşğul olması üçün alış qiyməti ilkin dəyərdən ən az 50 dram yüksək olmalıdır. Ötən il üzümün 80-100 dram qiymətinə alındığını hesablasaq, fermerlərin vəziyyətini təsəvvür etmək olar. Fermerləri kəndləri tərk etməyə məcbur edirlər, üzümçülük sahəsinin tənəzzülünə şərait yaradırlar. Budur hökumətin proqramı?”
Bu arada, Ermənistanda ərzaq məhsulları və əsas istehlak mallarının qiymətlərinin artması da əhali arasında narazılıq yaradır. Məsələn, “Newsarmenia.am”ın yaydığı rəsmi məlumata görə, 2021-ci ilin avqust ayında ərzaq məhsullarının və sərinləşdirici içkilərin qiymətləri 2020-ci ilin avqust ayı ilə müqayisədə 15,1 faiz artıb. Ermənistanın Statistika komitəsinin hesabatında qeyd edilir ki, ət, balıq və dəniz məhsulları, həmçinin tərəvəzlərdə müşahidə edilən artıma 0,7-5,1 faizlik inflyasiya səbəb olub. Sayt yazır ki, 2020-ci ilin avqust ayına nisbətən 2021-ci ilin avqust ayında qiymətlərdə ən böyük artım tərəvəzdə qeydə alınıb. Eyni zamanda, 2021-ci ilin avqust ayında süd məhsulları və yumurtada qiymətlər 2020-ci ilin avqust ayı ilə müqayisədə 12,2 faiz, donuz əti qiymətləri 40,3 faiz artıb.
Beləliklə, məğlub ölkədə bütün sahələrdə davam edən böhran həm inflyasiya və qiymət artımına, həm də əhalinin sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Məğlub ölkədə mövcud olan acınacaqlı vəziyyətə görə əlacsız qalan əhalinin müxtəlif tələblərlə keçirdiyi etiraz aksiyalarının genişlənməsi də bu səbəbdən qaynaqlanır.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31