Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Antimilli ünsürlər tarixin səhifələrində qınaq və ittiham obyekti olmağı özlərinə şərəf hesab edirlər

Antimilli ünsürlər tarixin səhifələrində qınaq və ittiham obyekti olmağı özlərinə şərəf hesab edirlər

08.09.2021 [09:09]

Milli Məclisin deputatı Məlahət İbrahimqızı www.yap.org.az saytına müsahibə verib:
- Məlahət xanım, Azərbaycan müstəqil siyasəti, dünyaya nümunə olan inkişaf modeli ilə daim diqqətdədir. Tarixi Zəfərimiz ədaləti bərpa etməklə yanaşı, ölkəmizlə bağlı daha hansı reallıqlara işıq saldı?
- Fəxr hissi ilə deməliyik ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Milli Ordumuzun 30 il işğal altında olan torpaqlarımızı azad etməsi beynəlxalq aləmdə, eləcə də dünya mətbuatında müzakirə olunmaqdadır. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən İkinci Qarabağ savaşı Azərbaycan xalqına və milli dövlətçilik tariximizə başucalığı, şərəf gətirməklə bərabər, bölgəmiz, dünya, xüsusilə də torpaqları işğal altında olan bir sıra yaxın və uzaq ölkələr üçün əvəzolunmaz stimul olaraq böyük siyasi, hüquqi, iqtisadi, etnokultural, tarixi və mənəvi əhəmiyyətə malikdir. Azərbaycan xalqının qazandığı bu Zəfərlə bölgənin taleyində yeni bir mərhələ və yeni reallıqlar yarandı. Azərbaycan bölgənin əsas söz sahibinə çevrildi. Bütün beynəlxalq norma və prinsiplər çərçivəsində aparılmış bu müharibə taktika və strategiyasına, metod və qaydalarına, eləcə də istifadə edilmiş müasir hərbi texnologiyalara görə artıq bir sıra, hətta inkişaf etmiş ölkələrin hərbi təhsil proqramlarına daxil edilmişdir. Bu mənada, dünya hərb tarixinə verdiyi töhfəsi baxımından xalqımızın haqq və ədalət uğrunda apardığı Qurtuluş savaşı və qazanılan Qələbə haqqında uzun illər danışılacaq və tədqiqatlar aparılacaqdır. XXI əsrin üçüncü onilliyində aparılan bu müharibə iki tərəf arasında baş vermirdi. İki yüz ildən çox tarixi olan bu münaqişənin bir tərəfi təcavüzkar Ermənistan və onu dəstəkləyən dünyanın ermənipərəst qüvvələri, bəzi riyakar mövqedə olan beynəlxalq təşkilatlar idisə, o biri tərəfdə ərazisi zaman-zaman işğal olunmuş Azərbaycan dövləti və xalqı idi. Şəhidlərimizin qanı ilə yazılan bu möhtəşəm Zəfər dövlətimizin gücünü, xalqımızın və onun Liderinin qətiyyətini, məğlubedilməzliyini bir daha bütün dünyaya sübut etdi. Qeyd etmək lazımdır ki, Vətən müharibəsi zamanı sosial və siyasi mənsubiyyətindən, yaşından, cinsindən asılı olmayaraq, bütün xalqımız bir yumruq kimi öz Liderinin, Milli Ordusunun arxasında dayandı. Ölkəmizdə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları, eləcə də siyasi partiyaların mütləq əksəriyyəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Milli Ordumuzun arxasında dayanaraq, həmrəylik və milli birlik nümayiş etdirdilər. Bu Zəfər bir daha sübut etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasətin alternativi yoxdur. Bu yol təkcə Azərbaycanı deyil, bütövlükdə, bölgə xalqlarını işıqlı gələcəyə aparan yoldur. Bu mənada, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin dəstəklənməsi təqdir olunmalıdır.
- Təəssüflər olsun ki, bəzi psevdosiyasətçilər hələ də populist, hətta böhtan və şər xarakterli, mənasız çıxışları ilə cəmiyyətdə katalizatorluqla məşğuldurlar. Buna münasibətinizi bilmək istərdik...
- Bir qrup hələ də dünyada, eləcə də bölgədə baş verən qlobal geosiyasi prosesləri başa düşmür və ya başa düşmək iqtidarında deyil. Ataların bu deyimini yada salmaq istərdim: “boş qazan daha çox səs çıxarar.” Son vaxtlar siyasi kursunun əsas istiqamətini dedi-qodu, qeybət, böhtan hesab edən, həyəcanlı və paradoksal çıxışları ilə özünə siyasətçi imici formalaşdırmağa çalışanlardan biri də Vətəndaş və İnkişafı Partiyası, onun sədridir. Gülünc doğuran məqamlardan biri də odur ki, dünyanın ən nüfuzlu ölkələrinin, eləcə də beynəlxalq təşkilatların istər Azərbaycan xalqının İkinci Qarabağ savaşında göstərdiyi rəşadət və şücaətdən, istərsə də bəşəriyyətin üzbəüz qaldığı COVID-19-la mübarizə sahəsində əldə etdiyi uğurları təqdir və təbliğ etdikləri halda bu psevdosiyasətçilər böhtan və şər kampaniyası ilə məşğuldurlar. Sözsüz ki, bu qəbildən olan ünsürlər anlamırlar ki, Azərbaycan xalqı öz taleyini bu cür “siyasətçilərə” etibar etməz. Ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan uğurlara imza atdıqca, bu uğurlara istər xaricdə, istərsə də daxildə qısqanclıqla yanaşan, ölkəmizin inkişafına, qələbələrinə sevinməyən qüvvələr fəallaşmağa çalışırlar. Əslində, bu qüvvələr üçün Azərbaycanın uğurları və ya inkişafı önəmli deyil. Onların missiyası iqtidarın hər bir yaxşı işinə qara eynəkdən baxmaqdır. Onlar dərk etmirlər ki, erməni faşizmi üzərində Qələbəmiz nə qədər möhtəşəm və əzəmətlidirsə, ondan sonrakı mərhələ, azad olunan torpaqlarımızda çox qısa müddətdə həyata keçirilən misli görünməmiş bərpa və quruculuq işləri miqyasına görə heç də müharibədə əldə edilən Zəfərdən az əhəmiyyət kəsb etmir. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan xalqı hər ötən gün böyük və tarixi uğurlara imza atır. Bu gün hər kəs möhtərəm Prezidentimiz İlham Əliyevin 44 günlük Vətən savaşında əldə edilən Qələbənin möhkəmləndirilməsi və tezliklə Böyük Qayıdışa nail olunması, bərpa-quruculuq sahəsində, yaşayış komplekslərinin inşası, infrastruktur layihələrinin həyata keçirilməsi, ərazilərin minalardan təmizlənməsi, diplomatiya, sərhədlərin delimitasiyası və demarkasiyası, beynəlxalq informasiya məkanında Azərbaycanın haqq işinə qarşı yönələn çirkin oyunların ifşa olunması istiqamətində yorulmadan çoxşaxəli fəaliyyət göstərdiyinin şahididir. Bununla bərabər möhtərəm Prezidentimizin bilavasitə rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyası ilə uğurlu mübarizə aparılır. Qürurla deməliyik ki, Vətən torpaqlarının azad olunması yolunda 3000-ə yaxın şəhid və 3000 yaxın qazi, eləcə də hərbçi və əsgər ailələrinin sosial problemlərinin həlli istiqamətində görülmüş, həmçinin görülən işlər həqiqi mənada dövlətimizin gücünü bir daha sübut edir. Bütün bu mənzərəni seyr və görülən işləri zamanla müqayisə etdikcə ölkəmizdə, sanki möcüzələrin baş verdiyi qənaətinə gəlirsən.
- Məlahət xanım, Azərbaycanın əldə etdiyi Qələbə və uğurla həyata keçirdiyi bərpa-quruculuq işləri erməniləri və onlara havadarlıq edən xarici gücləri narahat edir. Onların ölkəmizdəki əlaltılarının bu narahatlığa dəstəklərini necə şərh edərdiniz?
- Son günlərdə anti-Azərbaycan qüvvələrin yenidən daxildəki əlaltılarından alət kimi istifadə edərək, görülən bu əzəmətli işlərin əhəmiyyətini gözdən salmaq istiqamətində fəaliyyətləri müşahidə olunmaqdadır. Dünyada gedən qlobal maliyyə-iqtisadi çətinliklər və pandemiya fonunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, ölkənin və bölgənin gələcək dayanıqlı inkişafı, işğaldan azad edilən ərazilərdə çox sürətlə nəhəng işlərin görülməsi nəinki bu antimilli qüvvələri təəccübləndirir və ya narahat edir, hətta gözləri götürmür. Onlar üçün ancaq xaos və anarxiya lazımdır. Bu gün Qarabağın, işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişi üçün ən yüksək standartlarla inkişaf planı və proqram hazırlanmış, həyata keçirilməyə başlanmışdır. Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda inşası və yaxın vaxtlarda istifadəyə verilməsi, işğaldan azad olunmuş bütün ərazilərdə elektrik stansiyalarının qurulması, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, mədəniyyət paytaxtı Şuşanın dirçəldilməsi istiqamətində misilsiz işlərin görülməsi, sözün həqiqi mənasında, möcüzədir.
Bu bir gerçəklikdir ki, Vətən müharibəmizin hərb mərhələsi bitsə də, beynəlxalq aləmdə və mediada erməni faşizminin ifşası məqsədilə informasiya mübarizəmiz davam edir. Bu mənada, Şuşada möhtərəm cənab Prezidentimizin rəhbərliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpası Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət diplomatiyası sahəsində növbəti uğurudur. Əlbəttə, bütün bu görülmüş işlərin hər biri dünyaya Qarabağ torpaqlarının əsl sahiblərinin kimlər olması ilə bağlı verilmiş çox önəmli diplomatik mesajlardır. Bu mesajlarla bir daha bu torpaqların əzəli və əbədi sahibinin Azərbaycan xalqı olduğu sübut olundu. Bu gün 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin beynəlxalq səviyyədə möhkəmləndirilməsi istiqamətində çox ciddi diplomatik addımlar atılıb və bu istiqamətdə işlər davam edir. Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsi Şuşada imzalandı. Bu sənəd iki qardaş ölkə arasındakı sarsılmaz müttəfiqliyi, dostluğu və qardaşlığı əbədi etdi. Azərbaycanın üçtərəfli formatda - Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində məqsədyönlü və uğurlu addımları daha da genişlənir. Bu ilin iyul ayında Bakıda hər üç ölkənin parlament rəhbərləri səviyyəsində tarixi görüş keçirildi və birgə Bakı Bəyannaməsi imzalandı. Səfər çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Şuşaya birgə səfər etdilər. Erməni faşizminin dünyada ifşası məqsədilə davamlı olaraq xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki diplomatik missiyalarının nümayəndələrinin, müxtəlif dini icmaların təmsilçilərinin, xarici jurnalistlərin, hüquq müdafiəçilərinin, diaspor nümayəndələrinin işğaldan azad olunan bölgələrə səfərləri təşkil edilir. Bütün bu görülmüş və görülən işləri möhtərəm Prezidentimizin dəfələrlə səsləndirdiyi “bizim rəqibimiz vaxtdır” müdrik kəlamı baxımından dəyərləndirsək, işğaldan azad edilmiş ərazilərimizdə, sözün həqiqi mənasında, cənnət yaradılır desək, yanılmarıq. Təsəvvür edin ki, keçən ilin bu günlərində Tovuz hərbi təxribatının ağrı-acısını yaşayırdıq, Keçən il bu zamanlarda təcavüzkar dövlətin baş naziri Şuşada Cıdır düzündə Azərbaycan xalqının qədim rəqsi olan Zəngəzur yallısını oynayırdı. Bu gün isə Şuşada ali qonaqlar qəbul edilir, mötəbər tədbirlər təşkil olunur. Bu gün Qarabağın hər bir yerində Azərbaycan və Türkiyənin bayraqları qoşa dalğalanır.
Bu gün Azərbaycanın möcüzələr yaratması barədə nəinki dünya mediasında, beynəlxalq təşkilatlarda deyilir, hətta erməni mətbuatı, siyasətçiləri də etiraf edirlər. Sözsüz ki, məğlubiyyətlərini hələ də qəbul edə bilməyən düşmənlərimiz xislətlərinə uyğun olaraq təxribat törətməyə çəhd edirlər. Bu günlərdə dəmir yumruğu unudaraq Xankəndində erməni quldurlarının və revanşist qüvvələrin fiaskoya uğramış tədbirləri də məhz növbəti təxribat cəhdi idi. Çox təəssüflər olsun ki, xarici mətbuatda və erməni mətbuatında Xankəndində fiaskoya uğramış bu tədbir haqqında geniş məlumat verilsə də, eləcə də 30 il ərzində ilk dəfə olaraq təcavüzkar Ermənistanın yüksək rəsmilərinin bu tədbirə qatılmadıqları bildirilsə də, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev şər və yalan fikirlər səsləndirir.
- Siyasətdə olub, amma bu anlayışın mənasını belə dərk etməyən Əli Əliyev kimilərinin hakimiyyətə gəlmək sevdasına düşməsini necə cavablandırardınız?
- Vətəndaş və İnkişafı Partiyasının sədri kimi düşünən qüvvələr çox gözəl dərk edirlər ki, onlar heç vaxt hakimiyyətə gələ bilməyəcəklər. Görünür, bu qüvvələr konstruktiv əməkdaşlıq deyil, qaragüruhçu yolu daha üstün tuturlar. “Alətcik”lərə və ya “psevdosiyasətçi”lərə çevrilmiş bu siyasət alverçilərinin fikirlərinə diqqət yetirəndə bir daha onların milli maraqlardan çox uzaq olduqlarının şahidi olursan. Dünyada baş verən təhlükələrdən bixəbər olan bu qüvvələrin siyasi leksikonları ancaq dedi-qodu, qeybət, şər, böhtan, paradoksal fikirlərdan ibarətdir. Bu qüvvələr hələ də anlamaq istəmirlər ki, bugünkü qlobal siyasi proseslər fonunda siyasət, diplomatiya taftalogiya və ya tamadalıq peşəsi deyil, elmdir. Bəzən sükut diplomatiyası ən böyük uğur qazandırır. Diplomatiyadan çox uzaq olan bu qüvvələr üçün əsas fəaliyyət “qarayaxma diplomatiyası”dır. Danışıqlarında heç bir məntiqi ardıcıllıq olmayan, absurd fikirlərdən istifadə edərək “babam mənə kor deyib, hər yetəni vur deyib” prinsipinə arxalanan qüvvələr özləri haqqında çox böyük iddiadadırlar. Əslində, gündəmdə olmaq üçün lazımsız çıxışları, şər yanaşmaları ilə özlərini daha da ifşa edirlər. Ətrafına 3-5 nəfəri toplaya bilməyən VİP sədrinin bir neçə gün öncə ölkəmizə qarşı qərəzli mövqeyi dediklərimizin bariz nümunəsidir. Hər kəsin fərqli düşüncəsi və məsələlərə fərqli baxışı ola bilər. Təcrübəsiz və qeyri-peşəkar siyasətçi olmaq ayıb deyil .Təcrübə və peşəkarlıq üçün siyasət müəyyən zaman tələb edir. Bu, təbiidir. Amma bir siyasi partiyanın təməl prinsipi böhtan, şər, qərəz olarsa, bu, həm cəmiyyət, həm də onun özü üçün çox təhlükəlidir.
Yeni Azərbaycan Partiyası bütün partiyalara konstruktiv əməkdaşlıq üçün xoş niyyətlə əl uzatdı. Əlliyə yaxın siyasi partiya bu gün ümummilli maraqlar naminə bu əməkdaşlığı davam etdirir. Çox təəssüf ki, VİP və onun kimi bir qrup qüvvəni milli yox, cılız, bəsit və qərəzli maraqlar maraqlandırır. Bu qüvvələr Azərbaycan xalqı və dövləti qarşısında xəyal kimi görünən məsələlərin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həll edildiyini, xalqın Onun ətrafında daha sıx birləşərək “İlhamla İrəli” çağırışını eşitdikcə ölkəmizin ictimai-siyasi həyatında onlara yer olmadığını çox gözəl dərk edirlər. Ataların bu deyimini xatırlatmaq istərdim: “suda boğulan saman çöpündən yapışar”. Vətəndaş və İnkişaf Partiyasının sədri və onun kimi düşünənlər yaxşı anlayırlar ki, möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan hələ daha çox uğurlara imza atacaq, dünyanın ən nüfuzlu ölkələrindən birinə çevriləcək. Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. İllər keçəcək və gələcək nəsillər tərəfindən tariximizin bu şərəfli səhifələri vərəqləndikcə Vətən müharibəsinin qəhrəmanları minnətdarlıqla yad ediləcəklər. Görünür, daim cəmiyyətdə təxribat, dedi-qodu yaradan bu qüvvələr yaddaşlarda, tarixin səhifələrində qınaq və ittiham obyekti olmağı özlərinə şərəf hesab edirlər.

Paylaş
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31