Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin kollektivinə təqdim edilib

Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin kollektivinə təqdim edilib

08.09.2021 [12:40]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün imzaladığı Sərəncama əsasən, gənclər və idman naziri vəzifəsinə təyin edilmiş Fərid Qayıbov sentyabrın 8-də kollektivə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, yeni naziri kollektivə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev təqdim edib.

Əvvəlcə uzun illər Gənclər və İdman Nazirliyinə rəhbərlik etmiş, ölkəmizdə gənclər və idman sahəsinin inkişafında mühüm xidmətləri olmuş sabiq nazir Azad Rəhimovun xatirəsi anılıb.

Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək dövlətimizin başçısının sentyabrın 7-də imzaladığı müvafiq Sərəncamı diqqətə çatdırıb, Fərid Qayıbovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Fərid Qayıbov idman ictimaiyyətində kifayət qədər yaxşı tanınır. O, uzun müddət Azərbaycan Gimnastika Federasiyasında bir sıra məsul vəzifələrdə çalışıb, Avropa Gimnastikasının prezidenti vəzifəsinə seçilib. İlk dəfə azərbaycanlı mütəxəssis beynəlxalq federasiyada rəhbər vəzifəyə təyin olunub. Fərid Qayıbov ölkə daxilində, eləcə də beynəlxalq miqyasda bir sıra uğurlar qazanıb. Onun idman sahəsində biliyi, təcrübəsi ölkə rəhbəri tərəfindən layiqincə qiymətləndirilib və ona bu yüksək etimadın göstərilməsində həlledici rol oynayıb. Prezident Fərid Qayıbovu məsul vəzifəyə təyin edərkən gənclər siyasəti və idman sahəsindəki prioritet istiqamətləri bir daha müəyyənləşdirdi və müvafiq tapşırıqlarını verdi.

Diqqətə çatdırılıb ki, ölkəmizdə idman sahəsi sürətlə inkişaf edir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, bizi qürurlandırır. Lakin qazanılan uğurlara baxmayaraq, mövcud olan bəzi çatışmazlıqlar aradan qaldırılmalıdır.

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər və idman siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə yanaşı, dövlət siyasətinin prioritet sahəsi olaraq qalmaqdadır. Hər iki sahədə əldə olunan nailiyyətlər bunun əyani təzahürüdür. Hamımız gənclər və idman sahələrində həyata keçirilən bu uğurlu siyasət nəticəsində əldə olunan səmərəli nəticələrin şahidiyik. Gənclərimiz ənənəvi və milli dəyərlər əsasında tərbiyəsi nazirliyin fəaliyyətinin əsas istiqaməti olmalıdır. Qloballaşma şəraitində gənc nəslin mənfi xarici təsirlərdən qorunması, onların savadlı, bilikli yetişməsi dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan ən önəmli tapşırıqdır.

“Vətənpərvər ruhda yetişmiş gənclərimiz 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Şanlı Qələbədə aparıcı rol oynadılar. Gənclərimizin bundan sonra da qalib xalqın nümayəndələri kimi, vətənpərvərlik ruhunda və müasir zamanla ayaqlaşan fərdlər kimi yetişdirilməsi nazirliyin qarşısında duran vacib vəzifələrdəndir. Əminəm ki, nazirliyin yeni rəhbəri və kollektiv bu məsul vəzifənin öhdəsindən uğurla gələcək və yeni nailiyyətlər əldə edəcək”, - deyə Y.Məmmədəliyev vurğulayıb.

Təqdimat mərasimində çıxış edən Fərid Qayıbov göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi bacaracağıma inanıram. Dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi. Qarşıya qoyulan vəzifələri yerinə yetirməyə, Azərbaycan idmanındakı çətinlikləri aradan qaldırmağa hazır olmalı, bu sahədə strategiya müəyyənləşdirməliyik”.

Nazir bildirib ki, Azərbaycanda idman sahəsində müəyyən uğurlu nəticələr olsa da, bununla kifayətlənmək olmaz. Azərbaycanda idmanın daha da inkişafı üçün yeniliklərə ehtiyac duyulur. Bunun üçün də ciddi səy göstərilməlidir.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, idman federasiyalarının rəhbərləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Paylaş
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31