Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Füzuli Beynəlxalq Hava Limanı bütün növ təyyarələri qəbul etmək imkanına malik olmaqla Böyük Qayıdış üçün etibarlı hava körpüsü rolunu oynayacaq

Füzuli Beynəlxalq Hava Limanı bütün növ təyyarələri qəbul etmək imkanına malik olmaqla Böyük Qayıdış üçün etibarlı hava körpüsü rolunu oynayacaq

09.09.2021 [09:09]

Prezident İlham Əliyev: Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq


Bu günlərdə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq və şanlı Qələbə qazanaraq tarixi ədaləti, özünün ərazi bütövlüyünü təmin edən qalib Azərbaycanın həyatında daha bir əlamətdar hadisə yaşandı. Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etdi. Həmin təyyarəyə simvolik olaraq “Qarabağ” adı verilib. Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub. Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də həmin gün Füzuli Beynəlxalq Hava Limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.


İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının inşası qalib Azərbaycanın gücünü təcəssüm etdirir


Postmüharibə mərhələsində Azərbaycanın qarşısında duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərin bərpası və oraya Böyük Qayıdışı təmin etməklə bağlıdır. Ölkəmiz Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, bəhs olunan ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılması ölkəmizin niyyətini bir daha təcəssüm etdirir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası planlı şəkildə həyata keçirilir. İlkin mərhələdə əsas diqqət minalardan təmizlənmiş ərazilərdə Böyük Qayıdış üçün zəruri olan infrastrukturun yaradılmasına yönəldilib ki, bu da təsadüfi deyildir. Zəruri infrastruktur yaradılmadan işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə etmək, həmçinin orada qaçqın və məcburi köçkün soydaşlarımızın məskunlaşmasını həyata keçirmək mümkün deyil. Ölkəmiz ötən il işğaldan azad edilmiş ərazilərin enerji resurslarından istifadə etməklə özünün enerji potensialını daha da gücləndirmək niyyətindədir. Prezident İlham Əliyev bəhs olunan əraziləri “yaşıl enerji” zonası elan edib. Qısa müddətdə 110/35/10 kilovoltluq “Füzuli” və eyni gücə malik “Şuşa” və “Kəlbəcər” yarımstansiyalarının tikintisi yüksək keyfiyyətlə tamamlanaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə enerji təchizatı sisteminin qurulması işlərinin 2021-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan infrastruktur layihələrinin böyük bir qismi burada müasir yol-nəqliyyat şəbəkəsinin qurulmasını əhatə edir. Hazırda Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər intensiv şəkildə davam etdirilir. Məlumat üçün bildirək ki, 4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Artıq Zəfər yolunda asfaltlama işləri aparılır. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yol layihələrinin statistikası kifayət qədər zəngindir. Yuxarıda bəhs olunan layihələrlə paralel şəkildə hazırda işğaldan azad edilmiş ərazilərdə 72,3 km uzunluğunda Kəlbəcər-Laçın, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd (123,8 km), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 km), Xudafərin-Qubadlı-Laçın (83 km), Şükürbəyli-Cəbrayıl-Hadrut (43 km), Füzuli-Hadrut (13 km), Bərdə-Ağdam (45 km) və digər yollar çəkilir.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulmasına kompleks yanaşma sərgiləyir. Belə ki, burada avtomobil yolları ilə paralel şəkildə Horadiz-Ağbənd dəmir yolunun inşasına da start verilib. Eyni zamanda, bəhs olunan ərazilərdə üç hava limanının tikintisi həyata keçirilir. Xatırladaq ki, Füzuli Beynəlxalq Hava Limanının təməli 2021-ci il 14 yanvar tarixində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Hava limanının inşasının qısa müddətdə həyata keçirilməsi qalib Azərbaycanın gücünü və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin miqyasını təcəssüm etdirir. Xəbər verildiyi kimi, birinci xanım Mehriban Əliyeva bir qədər bundan əvvəl Füzuli Beynəlxalq Hava Limanının videogörüntüsünü paylaşıb. Paylaşımda bu sözlər qeyd olunur: “İşğaldan azad olunmuş ərazilərə növbəti səfərimiz. Şuşaya gedərkən”.
Avtomobildə çəkilən videogörüntüdə Prezident İlham Əliyev deyir: “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.


Füzuli Beynəlxalq Hava Limanının inşasında ən müasir standartlar tətbiq olunur


Füzuli Beynəlxalq Hava Limanından sonra yenə də Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunda beynəlxalq hava limanının təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərdə daha bir beynəlxalq hava limanının inşası isə Laçın rayonunun ərazisində nəzərdə tutulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini cari ilin avqust ayında qoyublar. Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün rayonun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, buradan Laçın şəhərinə məsafə 30 kilometrdən, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Beləliklə, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
Mütəxəssislərin qənaəti belədir ki, işğaldan azad edilmiş ərazilərdə üç hava limanının inşası bu bölgənin iqtisadi inkişafına güclü təkan verəcək. Hava nəqliyyatından istifadə etməklə bəhs olunan ərazilərə insanların, o cümlədən də turistlərin gediş-gəlişi və yüklərin daşınması asanlaşacaq. Digər bir amilə də diqqət yetirək. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər dağlıq relyefə malikdir. Yol olmadığına görə Kəlbəcərin, Laçının bir sıra yaşayış məntəqələrinə qış aylarında getmək mümkün deyil. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar və bu yollarla inteqrasiya olunan hava limanları işğaldan azad olunmuş ərazilərə qış aylarında da rahat gediş-gəlişi təmin edəcək. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə qatıldığı Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması mərasimindəki çıxışında işğaldan azad edilmiş ərazilərdə beynəlxalq səviyyəli hava limanlarının inşa olunmasının önəminə xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini bildirən dövlətimizin başçısı “Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”, - deyə vurğulayıb.
Məlum olduğu kimi, son illərdə ölkəmizdə yaradılan bütün infrastruktur obyektlərinin inşasında ən yüksək standartlar tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq səviyyəli hava limanlarının inşasında da bu ənənə gözlənilir. Görülən işlərdən məmnunluğunu bildirən Prezident İlham Əliyev bildirib: “Yeni inşa edilən və ediləcək hər üç hava limanında uçuş-enmə zolağı üç kilometrə bərabərdir. Yəni, bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək”.
Qeyd edək ki, artıq Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri ilə tam təchiz olunub. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi də başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 223 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31