Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ölkəmizdə uşaq və gənclərin həm fiziki, həm də mənəvi inkişafı üçün hər cür şərait yaradılıb

Ölkəmizdə uşaq və gənclərin həm fiziki, həm də mənəvi inkişafı üçün hər cür şərait yaradılıb

10.09.2021 [09:37]

Məlum olduğu kimi, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu da təsadüfi deyil. Çünki məhz Ulu Öndərin 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra idmana münasibət də kökündən dəyişib, bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Eyni zamanda, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Bütün bunlar isə öz müsbət nəticəsini verir. Belə ki, idmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunu daha da artırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məqama geniş toxunub. Dövlət başçısı qəbuldakı çıxışında bəyan edib ki, bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edib və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər.
Dövlət başısı həmin çıxışında digər bir məqama da toxunub. Qeyd edilib ki, idman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Bütövlükdə, gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır.
Öz növbəsində, qəzetimzə açıqlamasında Bakı Karagümrük Uşaq Futbol Məktəbinin məşqçisi Afin Bağırov bildirib ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Bir sözlə, ölkəmizdə uşaq və gənclərin həm fiziki, həm də mənəvi inkişafı üçün hər cür şərait yaradılıb.
Onun sözlərinə görə, bu baxımdan, futbol idman növünün də özünəməxsus rolu və yeri var. Hazırda Azərbaycanda uşaq futbolunun inkişafı istiqamətində müsbət işlərin görüldüyünü deyən Afin Bağırov bu işdə hər kəsin fəal olmasının vacibliyini də önə sürüb. Onun sözlərinə görə, məşqçisi olduğu Bakı Karagümrük Uşaq Futbol Məktəbi də məhz bu məqsədlə yaradılıb.
Afin Bağırov deyib ki, Bakı Karagümrük Uşaq Futbol Məktəbi iki tərəf arasında bağlanan müqavilə əsasında bu il iyulun 1-dən Azərbaycanda fəaliyyət göstərir: “Hazırda Bakı Karagümrük Uşaq Futbol Məktəbində 30-dan çox uşaq futbolun sirlərini öyrənir. Həmin uşaqlarla 3 məşqçi işləyir”.
Onun sözlərinə görə, gələcəkdə bu cür uşaq futbol məktəblərinin rayonlarda da yaradılması nəzərdə tutulub: “Onu da deyim ki, mən özüm də hələ uşaq olarkən idmanın futbol növü ilə məşğul olmuşam. Belə ki, 9 yaşımda Tovuz rayonunda Usaq Gənclər İdman Məktəbində futbolun sirlərini öyrənməyə başladım. İlk məşqçim Hikmət Nəsirov olub. Sonra “Turan” PFK ( peşəkar futbol klubu) məni 15 yaşlılardan ibarət heyətinə dəvət etdi. Burada da uğurlu fəaliyyətim öz nəticəsini verdi və 18 yaşımdan etibarən o vaxt 1-ci divizionda istirak edən “Turan” komandasının heyətində 5 il peşəkar futbolla məşğul oldum. Daha sonra isə Bakıya gələrək 1-ci divizionda mübarizə aparan “Rəvan” və “Sabah”komandalarında iştirak etdim”.
2017-2018-ci il mövsümündə İmişlinin “MKT-Araz” kulubunda oynayan Afin Bağırov sonra məşqçilik fəaliyyətinə başlamağa qərar verib. Bu il martın 25-də AFFA-nın təşkil etdiyi lisenziyalı kursları müvəffəqiyyətlə bitirən A.Bağırov Türkiyə Super Liqasında mübarizə aparan “Fatih Karagümrük” futbol klubunun Azərbaycanda yaratdığı usaq futbol məktəbində məşqçi işləmək təklifini qəbul edib.
Bakı Karagümrük Uşaq Futbol Məktəbinin rəhbəri Salman Atluxanov isə öncə onu deyib ki, Azərbaycan dövləti ölkə idmanının inkişafı üçün konkret addımlar atıb və hazırda da atmaqdadır.
Qəzetimizə açıqlamasında müasir dövrdə fiziki tərbiyə və idmanın öz aktuallığını qoruyub saxladığını deyən Salman Atluxanov əlavə edib ki, idman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli-mənəvi dəyərlərimiz idmançılara, uşaqlara aşılanır. Onun sözlərinə görə, uşaq və yeniyetmələr arasında fiziki tərbiyə ilə bağlı iş müntəzəm və məqsədyönlü aparılarsa, o zaman onun keyfiyyət və səmərəsi xeyli yüksək olar: “Təbii ki, bu sırada futbol da var. Yəni biz bilirik ki, uşaq yaşlarında əksər uşaqlar futbola meyilli olurlar. Biz bu meyili, bu istəyi düzgün dəyərləndirərək, ölkəmizdə həm uşaq futbolunun inkişafına dəstək olmaq, həm də uşaqların mənəvi və fiziki inkişafı işinə öz dəstəyimizi vermək üçün addımlar atırıq. Mənim futbola maraq göstərməyim isə heç də təsadüfi deyil. Çünki uşaq yaşlarımdan Qusarda “Şahdağ” uşaq futbol klubuna yazıldım. İlk məşqçim Şərafəddin Məmmədovdan futbolun sirlərini öyrəndim. 2011-ci ildə Bakı Futbol Akademyasına seçildim və 2016-cı ilə qədər burada futbolun sirlərini daha da yaxşı öyrənərək təkmilləşdim”.
2016-cı ilin yayından başlayaraq 5 il müddətində Türkiyənin müxtəlif futbol klublarında oynayan müsahibimiz sonra Vətənə dönərək Bakı Karagümrük Uşaq Futbol Məktəbinin yaradılmasına rəhbərlik edib.
Hazırda ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman komplekslərinin tikildiyini, idman mərkəzlərinin uğurla fəaliyyət göstərdiyini deyən müsahibimiz bunun öz bəhrəsini verdiyini bildirib. Onun sözlərinə görə, bütün bunlar ölkəmizi beynəlxalq yarışların, Dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib: “Təbii ki, bu sırada futbol yarışları da var. Bildiyiniz kimi, bu yay Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin üç oyunu və dörddəbir final mərhələsinin bir qarşılaşması keçirildi. Mən birmənalı olaraq vurğulamaq istəyirəm ki, Avropa çempionatının oyunlarının Bakıda keçirilməsi Azərbaycan idmanının beynəlxalq səviyyədə qazandığı uğurun növbəti bariz nümunəsidir. Onu da deyim ki, bu nüfuzlu beynəlxalq çempionatın oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın verilməsi də təsadüfi deyil. Əvvəla, Azərbaycan bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Eyni zamanda, FIFA U-17 Qadınlararası Dünya çempionatı 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixləri arasında keçirilmiş və yarışda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak etmişdir. Bu, Azərbaycanda keçirilən ilk FIFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 Qadınlararası Dünya çempionatı olmuşdur. Həmin vaxt da ölkəmizin uğurlu ev sahibliyi beynəlxalq aləmin diqqət mərkəzində oldu”.


Nadir AZƏRİ
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdırMəqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır

Paylaş
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31