Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan gəncləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər

Azərbaycan gəncləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər

10.09.2021 [09:45]

Prezident İlham Əliyev: Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır


Müstəqil Azərbaycanda gənclərə diqqət və qayğı göstərilməsi, onların yaxşı təhsil almaları və hərtərəfli inkişafı üçün lazımi şərait yaradılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyildir. Tarixə nəzər salsaq, görərik ki, bütün dönəmlərdə gənclərin üzərinə xüsusi missiyalar düşüb və onlar təmsil etdikləri ölkələrin, dövlətlərin inkişafına hər zaman özlərinin sanballı töhfələrini veriblər. Müasirlik, novatorluq bilavasitə gənclərin adı ilə bağlıdır. Deyilənlər baxımından Azərbaycanda ardıcıllıqla həyata keçirilən uğurlu gənclər siyasəti təqdirəlayiqdir. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənc nəslin fiziki və mənəvi baxımdan sağlam formalaşdırılması daim diqqət mərkəzində saxlanılır. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ölkəmizdə sağlam ruhlu gənclərin formalaşdırılması ilə bağlı məsələlərin aktuallığına bir daha diqqət çəkib. “Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Bundan sonra Azərbaycan gəncləri müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər


Bu gün biz Azərbaycan gənclərinin timsalında hansı üstün cəhətləri görürük? Dövlətimizin, xalqımızın gələcəyi hansı gəncliyin əlində olacaq? Azərbaycan gənclərinin müxtəlif sahələrdə - təhsildə, idmanda, dövlət idarəçiliyində, bir sözlə, onlara həvalə olunan bütün vəzifələrdə qazandıqları uğurlara, respublikamızın həyatına çoxsaylı yeniliklər gətirmələrinə istinadən deyə bilərik ki, müstəqil Azərbaycanın sabahı bu gün formalaşan etibarlı gəncliyin əlində olacaq. İndiki tarixi mərhələdə Azərbaycan gəncləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Bu gün Azərbaycan bütün dünyaya nümunəvi inkişaf modeli təqdim edir. İnovasiyalar, müasir texnologiyaların tətbiqi, elm tutumlu sənayenin inkişafı ölkəmizin həyatının ayrılmaz reallıqlarıdır. Yüksək vətəndaş məmnunluğu qazanan “ASAN xidmət”in timsalında Azərbaycan xarici ölkələrə özünün innovativ məhsulunu ixrac edir. Respublikamız qısa müstəqillik tarixində dünya kosmos ailəsinin layiqli üzvünə çevrilib və yenə də xarici bazarlarda həm də kosmik xidmətlərlə təmsil olunur. Bütün bu kimi innovativ, böyük perspektivə malik sahələri gənclərsiz təsəvvür etmək belə, mümkün deyil. Qürurverici haldır ki, həm “ASAN xidmət” şəbəkəsində həm milli kosmik sənayemizdə, həm də bu kimi digər müasir yanaşmaların və yeni texnologiyaların tətbiqini tələb edən sahələrdə məhz milli kadrlar - yüksək təhsilə, gələcəyə aydın baxışa malik gənclər çalışırlar.
Müstəqil Azərbaycanda qısa müddətdə belə kreativ gənclər ordusunun formalaşması isə ölkəmizdə aparılan məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Respublikamızda uğurlu gənclər siyasətinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı - Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndər 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti son 18 ildə eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər İli” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019 tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Məlumdur ki, ötən 18 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında “qara qızıl”ı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. O cümlədən ötən dövrdə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin olunur. İndiyədək, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə tamamlanıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla yerinə yetirilir. Bütün bunlar müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda “qara qızıl”ın insan kapitalına çevrilməsi siyasətinin ardıcıl səciyyə daşıdığını təsdiqləyir.
Ölkəmizdə ardıcıllıqla həyata keçirilən məqsədyönlü gənclər siyasəti öz bəhrəsini verir. Biz yuxarıda gənclərin hazırda ölkəmizin inkişafında mühüm rol oynadıqlarına dair bir sıra mühüm faktlara diqqət çəkdik. Müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik kifayət qədər yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlayan Silahlı Qüvvələrimiz bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirərək tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Vətən müharibəsində şanlı qələbənin təmin olunmasında, şübhəsiz ki, müxtəlif amillər öz müsbət təsirini göstərdi. Burada gənclərin rolu isə heç nə ilə müqayisə oluna bilməz. Verilən xəbərlərə görə müharibə dövründə işğalçı Ermənistanın hərbi birləşmələrinin təxminən 10 min üzvü fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycanda isə tamam fərqli mənzərə hökm sürürdü. Biz Vətən müharibəsi başlayanda gənclərin könüllü şəkildə orduya yazılmaq üçün növbəyə durduqlarının, eləcə də gənc əsgər və zabitlərin döyüş meydanında torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmələrinin şahidi olduq. Vətən müharibəsində müasir dövrümüzün yeni qəhrəmanları - gənclərimiz öz igidlikləri ilə adlarını tariximizə əbədi yazdılar. Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. “44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Azərbaycanda gənclərdən sui-istifadə etmək istəyən qüvvələr heç vaxt buna nail ola bilməyəcəklər


Müasir dövrdə Azərbaycanın gənclər siyasətində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bir mühüm xəttə xüsusi diqqət yetirmək istərdik. Dövlətimizin başçısı daim gənclərin milli ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırışlar edir ki, bu da müasir dünyanın reallıqları ilə bağlıdır. Bu gün biz internet əsrində yaşayırıq. Hazırda dünyada sürətli qloballaşma prosesləri gedir. Məhz internet sayəsində ayrı-ayrı ölkələrdə yaşayan insanlar arasında əlaqələr intensivləşib. Bu prosesdə gənclərin aktivliyi daha çox hiss olunur. Dünya üzrə insanlar arasında əlaqələrin intensivləşməsinin, fikir mübadiləsi imkanlarının genişlənməsinin, əlbəttə ki, müsbət tərəfləri çoxdur. Ancaq müəyyən qüvvələr internet kimi əvəzolunmaz ünsiyyət vasitəsindən sui-istifadə etməklə müxtəlif dağıdıcı niyyətlərini reallaşdırmağa çalışırlar. Bunun qarşılığında gənclərin milli ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Biz xalqımızın milli kimliyini şərtləndirən dəyərlərimizlə, ənənələrimizlə, zəngin dilimizlə qürur duyuruq. Bu dəyərlərin, ənənələrin qorunaraq müasir dövrədək gəlib çatması, eyni zamanda, məsuliyyətimizi də artırır. Biz ölkəmizin, xalqımızın sabahı naminə əcdadlarımızın milli ruhunu yaşadan dəyərlər sistemimizi yad təsirlərdən qorumalı və onları gənclərimiz vasitəsilə gələcəyə ötürməliyik. Prezident İlham Əliyev xüsusi olaraq diqqətə çatdırıb ki, gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. “Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur” deyən dövlətimizin başçısı vurğulayıb: “Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar”.
Xatırlayaq ki, qısa müstəqillik tariximizdə ayrı-ayrı xarici dairələr, anti-Azərbaycan mərkəzlər gənclərdən sui-istifadə etməklə ölkəmizdə təxribatlar törətməyə uğursuz cəhdlər göstəriblər. Lakin bu təxribatlar hər zaman iflasa uğrayıb və bundan sonra da belə olacaq. Azərbaycan gəncləri dövlətə, Prezident İlham Əliyevə öz sədaqətlərini nümayiş etdirməklə antimilli dairələrə layiqli cavablarını veriblər. Bundan sonra gənclərimiz xalqımızın tarixini mükəmməl şəkildə öyrənməklə özlərini daha da zənginləşdirməlidirlər.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31