Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İqtisadi qloballaşmada Azərbaycan iqtisadiyyatı

İqtisadi qloballaşmada Azərbaycan iqtisadiyyatı

10.09.2021 [10:14]

Cəmil Tağıyev

Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı

Açar sözlər: Beynəlxalq ticarət, logistika,iqtisadi qloballaşma, birbaşa xarici investisiya

Müstəqillik qazandıqdan sonra dünyaya inteqrasiya yolunu seçən Azərbaycan bazar iqtisadiyyatına keçid dövrünə qədəm qoydu. Bu çərçivədə dünya ölkələri ilə diplomatik və iqtisadi əlaqələr yaradılmağa, regional və beynəlxalq təşkilatlara üzv kimi qəbul edilməyə başlanıldı. Ümumilli Lider Heydər Əliyevin həyata keçirdiyi strateji kurs nəticəsində bu istiqamətdə mühüm nailiyyətlər əldə edildi. “Əsrin müqaviləsi” ilə Azərbaycana xarici investisiyalar cəlb edildi, ticarət əlaqələri artmağa başladı, iqtisadi inkişaf artdı, ölkə inkişaf səviyyəsinə görə dünya ölkələri arasında beynəlxalq hesabatlarda ilk yerlərə yüksəldi.

                                                    Giriş

       Birinci sənaye inqilabı ilə başlayan və bu günə qədər davam edən son iki yüz illik dövrdə  iqtisadi, sosial, mədəni və siyasi strukturlar əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Bu müddətdə, başda texnoloji inkişaflar olmaqla bir çox faktorun təsiri ilə 1980-ci illərdən sonra tədricən güclənən iqtisadi, siyasi, sosial və mədəni inteqrasiya prosesi baş verib və hələ də davam edir. Hər sahədə inteqrasiyanın artması fenomeni və prosesi “qloballaşma” olaraq təyin olunur. Qloballaşma dünya iqtisadiyyatının strukturunda, fəaliyyətində və daxili əlaqələrində əhəmiyyətli dəyişikliklərə səbəb olmaqla yanaşı iqtisadiyyatların daha çox inteqrasiyasına və onların qarşılıqlı asılılığını artırmaqdadır.  Ümumiyyətlə, mal, xidmət, kapital, maliyyə bazarları və daha dar əmək bazarları bütün dünyada daha da inteqrasiya olunur.

Texnologiya, rabitə, nəqliyyat və beynəlxalq kapitaldakı inkişaflar beynəlxalq maliyyə bazarları, hərəkətlərinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi nəticəsində, demək olar ki, vahid bir bazara və iştirakçıların iştirak etdiyi, əməliyyatların 24 saat ərzində aparıldığı bir arenaya çevrildi.

        Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qlobal iqtisadiyyata inteqrasiya etməyə başladı. Xarici iqtisadi siyasətinin əsas istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etdi. Beləliklə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf  Bankına, İslam İnkişaf Bankına və Asiya İnkişaf Bankına üzv qəbul olunub. Regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirdi. İslam Əməkdaşlıq Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının üzvüdür.

     1994-cü ilin “Əsrin müqaviləsi” ilə dünyaya açılan Azərbaycan Respublikası Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi ölkə iqtisadiyyatının beynəlxalq bazara inteqrasiyasına mühüm töhvə verdi. Əlverişli coğrafi mövqeyi, yeraltı sərvətlərlə zəngin olması Azərbaycanın Asiya ilə Avropa arasında bir körpü rolu oynaması ilə bərabər logistika mərkəzi olmasını ladüb edir.

      Çinin təşəbbüsü ilə Asiyanı Avropaya birləşdirən “Bir Kəmər, bir yol” Yeni İpək Yolu layihəsi həyata keçirilir ki, ölkəmiz də bu layihədə iştirak edir.Bu layihənin dünyanın ən böyük regional işbirliyi platforması olma potensialına sahib olduğu düşünülür. Layihədə iştirak edən  ölkələrə baxıldıqda, layihə dünya əhalisinin 65 faizlik hissəsini, qlobal ÜDM-nin üçdə birini, dünya ticarət həcminin dörddə birini təşkil edir və layihəyə daxil olan ölkələrin maddi varlığının 21 trilyon dolların üzərində olduğu hesablanmışdır. Çindən başlayaraq Asiyadan Avropaya qədər uzanacaq “Bir kəmər-bir yol” layihəsindəki ən önəmli ölkələrdən biri də Azərbaycandır. Tarixi İpək Yolunun üzərində yerləşməsi, əlverişli coğrafi mövqeyi Azərbaycanın əsas nəqliyyat dəhlizlərindən biri olmasına şərait yaradıb. Bu səbəbdəndir ki, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri də məhz Azərbaycan olmuşdur.  Bakı-Tbilisi-Qars dəmiryolunun da “Bir kəmər, bir yol” layihəsinin bir parçası olmaq özəlliyi ölkəmizin nüfuzunu və önəmini daha da artırır. Bu layihə ilə Azərbaycan məhsullarının şərqə və qərbə ixracı iqtisadi-ticari əməkdaşlığın inkişafının yeni müstəviyə keçməsinə müsbət təsir edəcək.

Şimal-Cənub, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin də Azərbaycandan keçməsi Azərbaycan üçün yeraltı təbii sərvətləri ilə birlikdə yerüstü sərvətinin-coğrafi mövqeyinin potensialını reallaşdırması deməkdir.

         İqtisadi qloballaşmanın Azərbaycan iqtisadiyyatına təsiri

Modelskiyə görə, qloballaşmanın iqtisadi, mədəni, politik kateqoriyaları var.[1,s.75-80] İqtisadi qloballaşma ölkə iqtisadiyyatlarını bir-birindən ayıran gömrük divarları, tariflər, kvotalar, sərmaye məhdudiyyətləri kimi əngəllərin getdikcə azaldılması ilə malların, xidmətlərin və sərmayenin ölkələr arasında daha sürətli və daha asan dövredərək dünyanın iqtisadi olaraq bütünləşməsini ifadə edir. İqtisadi qloballaşma əsas olaraq 3 mərhələdə gerçəkləşir. Bu mərhələlərdən birincisi ticari sərbəstlik, ikincisi investisiya sərbəstliyi, üçüncüsü isə maliyyə sərbəstliyidir. Bu konteksdə iqtisadi qloballaşma 3 yerə ayrılır;[2, s. 156-157]

  1. 1.    Ticarətin qloballaşması

İqtisadi qloballaşma deyilincə ilk ağla gələn beynəlxalq ticarətdəki böyümə və inkişafdır. Ticarətin qloballaşmasını ölçməkdə istifadə edilən ən populyar üsullardan biri idxalat və ixracatın ümumi cəminin ÜDM-yə bölünməsidir. Düstur olaraq ;

                  Açıqlıq indeksi = [İxrac + İdxal] / ÜDM

 

                Cədvəl 1.  Azərbaycan iqtisadiyyatı üçün seçilmiş illərdə açıqlıq indeksi   

İllər

Xarici ticarət həcmi(mlrd ABŞ dolları)

ÜDM(mlrd ABŞ dolları)

Açıqlıq indeksi

2016

17,67

37,87

46,66

2017

22,59

40,87

55,27

2018

30,92

47,11

65,63

2019

33,30

48,05

69,30

2020

24,47

42,61

57,42

 

                           Mənbə: DGK-nin məlumatlarından istifadə etməklə müəllif  tərəfindən hazırlanıb.

Cədvəl 1-dən göründüyü kimi 2016-2019-cü illər ərzində ölkənin açıqlıq indeksi artan xətlə davam etmişdir. 2020-ci ildə ölkəmizdə COVİD-19 virusuna görə pandemiya şəraitində açıqlıq indeksi azalmışdır. Buna baxmayaraq 2020-ci il üzrə ixracat ÜDM-nin 23,93 faizini təşkil etmişdir. Dünyanın 183 ölkəsinin 45462 xarici ticarət iştirakçıları ilə ticarət dövriyyəsi aparılıb və ümumi ticarət dövriyyəsi 24,47 milyard dollar olub. Xarici ticarətin gömrük statiskasına əsasən 2020-ci ildə 13,74 milyard ABŞ dolları həcmində ixrac olmuş, 3045 çeşiddə məhsul ixrac edilmiş, 10,73 milyard dollar həcmində idxal olmuş, saldo müsbət 3 milyard olmuşdur.  İxracın 49,49 faizi Avropa İttifaqı ölkələri ilə, 9,51 faizi MDB ölkələri ilə, 41 faizi isə digər ölkələrlə aparılmışdır. Azərbaycanın ixracında əsas ölkələr İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Xorvatiya, Gürcüstan, Hindistan, İsrail, Çin, Ukrayna, İspaniya, Tunis, Portuqaliya, Almaniya və Çexiya olmuşdur. İxracın 11,89 milyard dolları, yəni 86,53 faizi neft-qaz sektoruna daxil olan mallar üzrə, 1,85 milyard dolları, yəni 13,47 faizi isə neft-qaz sektrouna daxil olmayan mallar üzrə olmuşdur. İdxalın 26,11 faizi MDB, 23,59 faizi Aİ ölkələrindən, 50,30 faizi isə digər ölkələrdən olmuşdur.

          Qrafik 1. Azərbaycanın xarici ticarət əməliyyatlarında ixrac və idxalın illər üzrə

                          həcmi(mlrd ABŞ dolları ilə)

     

         Mənbə: DGK-nin məlumatları əsasında müəllif tərəfindən hazırlanıb.

Qrafik 1-dən göründüyü kimi göstərilən illər üzrə ixrac idxaldan çox olmuş, xarici ticarət balansında müsbət saldo yaranmışdır.

  1. İnvestisiyaların qloballaşması

İnvestisiyaların qloballaşması ilə nəzərdə tutulan əslində Birbaşa Xarici İnvestisiya(Foreign direct investment) olub digər bir yönüylə istehsalın qloballaşmasıdır. Azərbaycan iqtisadiyyatına BXİ-nin daxil olması 1994-cü ildə ölkənin ilk beynəlxalq neft sazişi olan “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə “Əsrin Müqaviləsi”nin imzalanması ilə 1995-ci ildən başladı. Əsasən neft-qaz sektorunda BXİ-lərin həcmi daha çoxdur. Statistika Komitəsinin məlumatına əsasən 1995-2017-ci illəri ərzində ümumilikdə ölkə iqtisadiyyatına 125,5 milyard dollar xarici investsiya daxil olub ki, bunun 120,6 milyard dolları 2000-2017-ci illərdə daxil olub. Həmin dövrdə 120,6 milyard dollarlıq investisiyanın 77,8 milyardı BXİ-lər olub. 2000-2017-ci illər üzrə Azərbaycan iqtisadiyyatına daxil olan  77,8 milyard dolların 66,8 milyard dolları(85,9%) neft-qaz sektoruna, 19,9 milyard dolları isə qeyri neft-qaz sektoruna qoyulub. Qeyri-neft sektorunun,xüsusilə də emal sənayesinin daha da inkişaf etdirilməsi, ÜDM-dəki payının artırılması, BXİ-lərin bu sektora cəlb edilməsi dövlətin əsas hədəflərindən biridir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmişdir. Strateji Yol Xəritəsində ölkənin 2025-ci ilə qədər hədəf indikatorlarından biri qeyri-neft sektoruna yönəldilmiş  BXİ-nin qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılmasıdır. Hədəflərə çatmaq üçün yaradılan iqtisadi zonalardan biri olan Ələt Azad İqtisadi Zonasının təməli qoyulmuşdur. Təməlqoyma mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bilirik ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə bizim üstünlüyümüz göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, baxın, Azərbaycan hansı yerlərə layiq görülüb. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar bizim əldə etdiyimiz böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir - investisiya iqlimi, infrastruktur layihələri.”[9]

Qeyd edək ki, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə üzrə Azərbaycan 28-ci yerə layiq görülüb. Bu, bir çox inkişaf etmiş ölkələri parametrlər üzrə Azərbaycanın qabaqlaması deməkdir.

  1. Maliyyə qloballaşması

Maliyyə bazarlarının inteqrasiyası və kapital hərəkətlərinin liberallaşdırılması kimi bilinən maliyyə qloballaşması həm qloballaşmanın bir elementi, həm də qloballaşmanı sürətləndirən bir faktordur. Maliyyə qloballaşması şəraitində tətbiq olunan maliyyə açıqlığı siyasəti həm valyuta məzənnəsinə, həm də milli pul siyasətinə təsir göstərir. Azərbaycanın pul siyasəti Mərkəzi Bank tərəfindən aparılır. Mərkəzi Bankın yürütdüyü pul siyasəti makroiqtisadi stabilliyin təmin olunmasına və ölkənin əlverişli beynəlxalq rəqabət qabiliyyətinin qorunub saxlanmasına yönəlib. Strateji valyuta ehtiyyatlarının ildən-ilə artması Azərbaycanın maliyyə təhlükəsizliyini və yüksək beynəlxalq ödəmə qabiliyyətini ifadə edir. Əgər 2015-ci ildə strateji valyuta ehtiyatları 37 milyard idisə, 2020-ci ildə 49.93 milyard dollar təşkil edir. Bu isə o deməkdir ki, 2020-ci ilin pandemiya şəraitində dünya iqtisadiyyatında durğunluq və azalmaya baxmayaraq ölkənin iqtisadi sabitliyi qorunub və valyuta ehtiyatları artıb.

                                                    

 

                                         Nəticə

1994-cü ildən etibarən qlobal iqtisadiyyata inteqrasiya olan Azərbaycan iqtisadiyyatını daha çox iqtisadi qloballaşma çərçivəsində incələməyimizə əsasən Azərbaycanın iqtisadi qloballaşmanın hər üç növünə inteqrasiyası hədəflənmişdir. Bu konteksdə xarici ticarət, birbaşa xarici investsiya, kapital bazarlarında lazımi işlər görülüb və görülür. 1994-cü ildən neft kontraktlarının imzalanmasıyla sürətlənən xarici ticarət həcmi böyümüşdür. Bu artımda son 5 ilin məlumatlarına baxıldıqda ixracın idxaldan çox olması görülməkdədir. BXİ-lər üzrə qeyri-neft sektoru üzrə hədəflənən hissəyə çatılması, əlverişli investisiya mühitinin yaradılması, eyni zamanda 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilən Qarabağ və ətraf rayonların iqtisadiyyatının inkişafı üçün böyük potensial var. Bu potensialların reallaşması ilə Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya günəş kimi doğacaq.

                                                   Ədəbiyyat

1.MODELSKİ, George (2008);”Küreselleşme”,içinde Küresel Dönüşümler (Ed.: D.Held ve A. McGrew), Phonix Yayınevi, Ankara

2.O LOUGHLİN, J., L. STAEHELİ And E. GREENBERG (2004): ““Economic Globalization, Political Changes And Social Outcomes“ İçində Globalization And Its Outcomes, (Ed. J. O’loughin, L. Staeheli And E. Greenberg), The Guilford Press, New York, 2004

3.James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005.

4.P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.

5. H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2013.

6. https://customs.gov.az/modules/pdf/pdffolder/93/FILE_E7B3B9-B46FB9-AA0331-12CB1C-A0451C-E46BD4.pdf

7. https://customs.gov.az/az/faydali/gomruk-statistikasi/xarici-ticaretin-veziyyeti-haqqinda/

8. https://azertag.az/store/files/untitled%20folder/_STRATEJI%20YOL%20XERITESI_.pdf

9. https://president.az/articles/52363

Paylaş
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31