Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hansı sahədə 40 faizədək artım oldu?

Hansı sahədə 40 faizədək artım oldu?

14.09.2021 [10:35]

2020-ci ilin əvvəlindən etibarən koronavirus pandemiyasının (COVİD-19) meydana çıxardığı çətinliklər qlobal iqtisadiyyata öz mənfi təsirlərini göstərməkdədir. Dünyada mal və xidmətlərə istehlakın azalması fonunda istehsal həcmi də adekvat şəkildə aşağı düşüb, iqtisadi aktivlik səngiyib, iş qabiliyyətli insanların əmək bazarına inteqrasiyası zəifləyib. Dünyada müşahidə edilən belə kədərli mənzərə fonunda Azərbaycan iqtisadiyyatı özünün rəqabətqabiliyyətliliyini qoruyub saxlayır. Müqayisə üçün bildirək ki, qlobal pandemiya şəraitində dünyanın təxminən 150 ölkəsi artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərinə görə Beynəlxalq Valyuta Fondundan və Dünya Bankından kömək istəyib və özlərinin bir sıra sosial proqramlarını ixtisara salıblar. Azərbaycan isə pandemiya səbəbindən artan xərclərini sırf daxili imkanları hesabına qarşılayır. Qeyd etmək yerinə düşər ki, pandemiya şəraitində Azərbaycan dövləti vətəndaşların yanında olmaq ənənəsinə sadiq qalaraq ölkə əhalisinin yarısını əhatə edən böyük sosial paket reallaşdırıb.

Əlavə edək ki, Azərbaycanın ötən il sentyabrın 27-dən noyabrın 10-dək işğal altında olan torpaqlarını azad etmək üçün Ermənistana qarşı apardığı və şanlı Qələbə ilə yekunlaşdırdığı 44 günlük müharibənin də ağırlığı, ilk növbədə, milli iqtisadiyyatımızın üzərinə düşüb. Prezident İlham Əliyev dəfələrlə bu fikri ifadə edib ki, müharibənin zəfərlə başa çatmasını şərtləndirən əsas amillərdən biri məhz ölkəmizin güclü iqtisadiyyata və geniş maliyyə imkanlarına malik olması ilə bağlıdır. Hazırda güclü iqtisadiyyata malik dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Ölkəmiz öz gücünə arxalanaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir.

Sevindirici haldır ki, arzuolunmaz mənfi xarici təsirlərə baxmayaraq, hazırda da Azərbaycan iqtisadiyyatında müsbət meyillər müşahidə edilməkdədir. 2021-ci ilin əvvəlindən respublikamızın müsbət xarici saldoya malik olması deyilənləri bir daha təsdiqləyir. Bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 337 milyon dollar təşkil edib. Bu həcmin 11 milyard 39 milyon dollarını ixrac, 6 milyard 297 milyon dollarını isə idxal təşkil edib. Rəqəmlərin müqayisəsindən də göründüyü kimi, bəhs olunan dövrdə respublikamız 4 milyard 741 milyon dollar həcmində müsbət saldoya malik olub.

Xarici ticarət dövriyyəsinin strukturunda bir sıra məqamlar xüsusi diqqət çəkir. Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliya birinci yerdə gəlir. Respublikamızdan bu Avropa ölkəsinə əsasən neft məhsulları ixrac edilir. Bu sıralamada ikinci yeri isə 13,5 faiz paya malik Türkiyə tutur. İki qardaş ölkə arasında ticarət dövriyyəsinin perspektivdə daha da artacağı gözlənilir. Belə ki, ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Azərbaycanın xarici ticarət dövriyyəsində böyük paya malik ölkələr arasında, həmçinin Rusiya, İsrail, Gürcüstan və digər dövlətlər də yer alırlar.

Azərbaycanın xarici ticarət dövriyyəsində diqqətçəkən əsas məqamlardan biri isə bəhs olunan dövrdə ölkəmizdən qeyri-neft məhsulları ixracının artması ilə bağlıdır. Düzdür, Azərbaycanın ixracında hələ də neft və neft məhsulları üstünlük təşkil edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nın sentyabr sayında işıq üzü görən məlumatlara əsasən, 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 milyard ABŞ dollar təşkil edib. Bəhs olunan dövrdə ölkəmizdən qeyri-neft sektoru üzrə ixracın həcmi isə 1,6 milyard ABŞ dollarına bərabər olub. Respublikamızdan qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 milyon ABŞ dolları və ya 37,1faiz artıb. 2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5, pambıq iplik 3,1, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68, pambıq lifi 88,5, alüminium və ondan hazırlanan məmulatlarda isə 45 faiz artım qeydə alınıb. 2021-ci ilin əvvəlindən bəri respublikamızın qeyri-neft sektorundan ən yüksək ixrac dinamikası isə avqust ayında qeydə alınıb. Avqust ayı üzrə ölkəmizin ümumi ixracı 1,6 milyard ABŞ dolları təşkil edib. Bir ay ərzində qeyri-neft sektoru üzrə ixracda artım 230,4 mln ABŞ dolları olmaqla 95,3 faiz təşkil edib.

Təqdim olunan statistik rəqəmlərdən də göründüyü kimi, milli iqtisadiyyatımızda normallaşma prosesinin tempi getdikcə daha da artır. Bütövlükdə, qeyri-neft ixracının artım dinamikası ölkəmizdə aparılan siyasəti əks etdirir. Məlum olduğu kimi, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq milli iqtisadiyyatımızda ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçirilməsini hədəfləyib. Bu məqsədlə ötən dövrdə ölkəmizə gələn neft gəlirlərindən məqsədyönlü şəkildə neftdənkənar iqtisadiyyata böyük həcmlərdə investisiyalar yönəldilib və ardıcıl islahatlar aparılıb. Davamlı şəkildə həyata keçirilən belə məqsədyönlü siyasət isə hazırda öz bəhrəsini verir.

Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31