Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ölkəmizdə milli medianın inkişafının dövlət tərəfindən dəstəklənməsi strateji əhəmiyyət daşıyır

Ölkəmizdə milli medianın inkişafının dövlət tərəfindən dəstəklənməsi strateji əhəmiyyət daşıyır

14.09.2021 [10:41]

Azərbaycan müstəqillik əldə etdikdən, daha doğrusu 1993-cü ilin iyunundan sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində də mühüm addımlar atılıb və uğurlar əldə edilib. Belə ki, ötən dövr ərzində aparılan köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, redaksiyaların maddi-texniki bazasının və iqtisadi müstəqilliyinin gücləndirilməsi və digər istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib.

Eyni zamanda, Azərbaycan mediası ölkəmizdə və dünyada baş verənlər haqqında informasiyaların cəmiyyətimizə, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Buna baxmayaraq, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların və iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulur. Məhz bu baxımdan, milli-tarixi ənənələr və modern çağırışlar, habelə müasir medianın özəllikləri də nəzərə alınmaqla hazırda bu sahədə yeni islahatların reallaşdırılması prosesi gedir.

Öz növbəsində, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, professor Həmid Vəliyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonrakı 30 il ərzində bütün sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafında da mühüm addımlar atılıb: “Müstəqilliyin ilk illərində milli mətbuatın inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb. Ancaq təbii olaraq, SSRİ dövründə uzun müddət avtoritar rejimin diktəsi altında fəaliyyət göstərən mətbu orqanlarda çalışan peşəkar jurnalistlərimizin yeni dövrə adaptasiya olunmasına, senzuranın ləğv edilməsinə qədər mediamızın inkişafında müəyyən çətinliklər də mövcud olub. Senzuranın ləğv edilməsindən sonrakı dövrdə də müstəqil millli mətbuatımızın inkişafı yönündə axtarışlar davam edib. Son illərdə bu sahədə dövlət tərəfindən atılan bir sıra addımlar isə medianın inkişafında yeni mərhələnin başlanmasına təkan verib. Belə ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, eyni zamanda, milli-tarixi ənənələrin və mütərəqqi çağırışların nəzərə alınması şərti ilə mətbuatda növbəti islahatların reallaşdırılması üçün yeni konseptual baxış və fərqli tənzimləmə mexanizmi tələb olunur. Məhz bu amilləri nəzərə alan Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı mühüm əhəmiyyət daşıyır. Həmin sənəd Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasını, MEDİA-nın Nizamnaməsinin təsdiq edilməsini, “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanmasını nəzərdə tutur”.

Kafedra müdirinin sözlərinə görə, ölkəmizdə milli medianın inkişafının dövlət tərəfindən dəstəklənməsi strateji əhəmiyyət daşıyır: “Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılan MEDİA-nın missiyası da çoxşaxəlidir. Məsələn, informasiya təhlükəsizliyinin qorunması, fikir plüralizminə əsaslanan informasiya mühitinin formalaşdırılması, jurnalistlərin peşə nüfuzunun artırılması, media təmsilçilərinin sosial müdafiəsinin gücləndirilməsi, qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkili və digər mühüm vəzifələr MEDİA-nın fəaliyyətinə daxildir. Yeni yaradılmış qurumun Nizamnaməsində dövlətin informasiya siyasətinə dair məsələlərin nəzərdə tutulması da təqdirəlayiqdir. Belə ki, müvafiq sahələrdə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak, dövlət orqanları ilə əməkdaşlıq və digər məsələlərlə bağlı təkliflərin işlənib hazırlanması nəzərdə tutulur. Ümumiyyətlə, Agentliyin Nizamnaməsində əksolunan bu müddəalar onu göstərir ki, icra hakimiyyəti strukturlarının media qurumları ilə əlaqələrinin tənzimlənməsi üçün də mühüm işlər görülməsi və bununla da dövlətin infromasiya siyasətinə dəstəyin təmin edilməsi planlaşdırılır”.

H.Vəliyev deyib ki, MEDİA yeni yaransa da, son bir neçə ayda media sahəsində mütəxəssislərin hazırlanması və kadrların peşəkarlığının artırılması istiqamətində atılan mühüm addımlar bu qurumun fəaliyyətini müsbət qiymətləndirməyə imkan verir: “Agentlik son aylarda xarici mütəxəssislərin iştirakı ilə müxtəlif tədbirlərin, treninq və seminarların təşkil edilməsində mühüm rol oynayır. Məsələn, ötən ay jurnalistlərin Türkiyədə təlimə göndərilməsi sübut edir ki, media savadlılığının və müvafiq sahələr üzrə peşəkarlığın artırılması yönündə ciddi işlər görülür. Digər tərəfdən, media subyektlərinə dövlət dəstəyinin təmin olunması həm çap mediasının tarixi ənənələrinin qorunmasına, həm də müasir informasiya orqanlarına dəstək baxımından çağdaş tendensiyalara uyğunlaşmağa real zəmin yaradır. Belə ki, onlayn medianın inkişafının stimullaşdırılması mətbuatımızın yeni çağırışlara cavab verməsinə əhəmiyyətli töhfə verə bilər”.

Jurnalistlərin peşəkarlığının artırılması sahəsində görüləcək işlərə diqqət yönəldən kafedra müdiri onu da əlavə edib ki, dövlətin 3 ali təhsil ocağında fəaliyyət göstərən müvafiq fakültələrdə jurnalist ixtisası üzrə mütəxəssislər hazırlansa da, xarici ekspertlərin və mütəxəssislərin iştirakı ilə əlavə təhsilin və təlimin həyata keçirilməsi ümumi işimizə böyük töhfə ola bilər.

Agentliyin fəaliyyətinin genişləndirilməsinə paralel olaraq “Media haqqında” Qanun layihəsinin hazırlanması prosesinin getdiyini xatırladan Həmid Vəliyev deyib ki, yeni qanunun qəbulu Azərbaycan jurnalistikasında sağlam mühitin formalaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir: “MEDİA-nın yaradılması ilə Azərbaycan mediasında inkişafa və yeni çağırışlara hazırlıq prosesinin başlandığını görürük, eyni zamanda, media sahəsində islahatların dərinləşdirilməsinin mühüm tərkib hissəsi olan “Media haqqında” Qanun layihəsinin hazırlanmasını da müsbət dəyərləndirmək mümkündür. Belə ki, jurnalistlər, sahə mütəxəssisləri və media ekspertlərinin iştirakı ilə “Media haqqında” Qanun layihəsinin üzərində ciddi işlər aparılır, geniş müzakirələr təşkil olunur. Müzakirələr zamanı bütün detalların təhlili və mühüm aspektlərin nəzərə alınması mətbuatımızın gələcəyinə təkan verə biləcək yeni qanunun qəbulunu şərtləndirir”.

 

Qaşqay ZİYƏDDİNOĞLU

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31