Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəxsi maraq, yoxsa ictimai nəzarət?

Şəxsi maraq, yoxsa ictimai nəzarət?

15.09.2021 [13:07]

Fikrət Yusifov: Bir nəfərin 5-6 qurumda təmsilçiliyi varsa, o, ictimai nəzarət işini effektiv şəkildə icra edə bilməz

- Fikrət müəllim, bu gün cəmiyyətimizdə ictimai nəzarətlə bağlı müxtəlif rəy və fikirlər səslənir. Ümumiyyətlə, ictimai nəzarət nə deməkdir və onun əhəmiyyəti nədən ibarətdir?

- Ölkəmizdə ictimai nəzarət məsələlərinin, onun mahiyyətinin təbliğinə çox böyük ehtiyac var. Müşahidələrimə əsasən, deyə bilərəm ki, cəmiyyətimizdə bir çox insanlar bu barədə geniş məlumatlı deyil, o cümlədən ictimai nəzarət sferası ilə məşğul olanların bəziləri, əslində, bu nəzarətin mahiyyətini dərindən dərk etmirlər.

İctimai nəzarət dünyada, inkişaf etmiş ölkələrdə hakimiyyətlərin öz funksiyalarını yerinə yetirməsi işində cəmiyyətin hakimiyyətlə əməkdaşlığı, dəstəyi kimi xarakterizə olunur. İctimai nəzarət hər bir vətəndaşın dövlətin idarə olunmasında iştirakının təmin edilməsi də hesab oluna bilər. Siz bu gün haradasa qanun pozuntusu görürsünüzsə və buna qarşı etiraz səsinizi qaldırırsınızsa, qanun pozuntusunun aradan qaldırılmasına cəhd göstərirsinizsə, mahiyyət etibarilə dövlət idarəçiliyində vətəndaşlıq borcunuzu yerinə yetirmiş olursunuz.

Bilirsiniz ki, ölkə Prezidenti İlham Əliyevin son on ildən artıq bir dövrdə ictimai nəzarətlə bağlı çağırışları cəmiyyətimiz tərəfindən yüksək səviyyədə dəstəkləndi. Prezident dövlətin idarə olunmasında vətəndaş iştirakçılığının maksimum təmin olunmasını tələb edir. Dövlətin uğurla idarə olunması üçün mövcud neqativlərə qarşı səmərəli mübarizənin bu şəkildə təşkilindən yaxşı nə ola bilər ki? Prezidentin çağırışları, sadəcə sözdə qalmadı, bu nəzarəti həyata keçirmək üçün Onun təşəbbüsü ilə real hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Dövlət başçısının təşəbbüsü ilə 2013-cü il noyabrın 23-də qəbul edilmiş və 2014-cü il iyunun 1-dən qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda bu nəzarəti həyata keçirməyin bütün yolları öz əksini tapdı.

- İctimai nəzarətlə bağlı yaradılan bəzi təşkilatların fəaliyyətində də xeyli neqativ halların olması haqda məlumatlar var. Bu barədə nə deyə bilərsiniz?

- Müəyyən təşkilatların birləşərək özlərinin ictimai nəzarət qurumu yaratmaları barədə faktlar var. Hansı ki, onların heç biri Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçməyib. Son 5-6 ayda apardığım müşahidələrə əsasən deyə bilərəm ki, belə qurum yaradanlar ictimai nəzarətlə deyil, neqativ işlərlə məşğul olurlar. Azərbaycan elə də böyük ölkə deyil. Kim nə edirsə çox qısa zamanda müəyyən informasiyalar cəmiyyətdə yayılır. Belə neqativ hallar isə cəmiyyətdə ictimai nəzarətə olan münasibəti aşağı salır. Ona görə də hesab edirəm ki, ictimai nəzarəti həyata keçirmək üçün təsis olunmuş təşkilatlar mütləq Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. İctimai nəzarət müvafiq qanunvericilik və dövlətimizin başçısının tövsiyələri əsasında həyata keçirilməlidir.

Əks halda, bəzi təşkilatların bir araya gələrək ictimai nəzarət qurumu yaratması və həmin nəzarəti xaos şəklində həyata keçirməsi heç də yaxşı hal deyil. Bunu təcrübə də göstərir. Onların ictimai nəzarət əvəzinə, neqativ işlərlə məşğul olması qəbuledilməzdir.

- Yeri gəlmişkən, vaxtilə sizin də təmsil olunduğunuz İctimai Nəzarət Mərkəzinin adı da neqativ fəaliyyətdə, “reket”likdə hallanıb. Bu nə dərəcədə doğrudur?

- Bəli, belə faktlar var. Mən cəmi iki ay İctimai Nəzarət Mərkəzinin icraçı direktoru vəzifəsini icra etdim. Bu qurum aprel ayında yaradıldı. Hazırda fəaliyyət göstərib-göstərməməsi barədə məlumatım yoxdur. Qeyd edim ki, mənimlə bərabər cəmiyyətdə tanınmış, nüfuzlu 6 nəfər də həmin qurumu tərk etdi. Səbəb isə digərləri ilə ictimai nəzarətlə bağlı baxışlarımızın üst-üstə düşməməsi idi. Mən təfərrüatlara varmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, bir nəfərin 5-6 qurumda təmsilçiliyi varsa, o, ictimai nəzarət işini effektiv şəkildə icra edə bilməz. Həm də, ictimai nəzarət olan yerdə şəxsi maraq haqqında düşünülürsə, demək ki, orada həqiqi ictimai nəzarət mümkün deyil. Bu səbəblərdən, biz həmin qurumu tərk etdik.

- Fikrət müəllim, necə hesab edirsiniz, ictimai nəzarəti hamının hamıya nəzarəti kimi səciyyələndirmək olarmı?

- Hesab edirəm ki, belədir. İctimai nəzarət geniş məfhumdur, fəaliyyətimizin bütün istiqamətlərini əhatə edə biləcək bir anlayışdır. Məsələn, hansısa qaydanı kimsə pozursa, insanlar da buna münasibət bildirirsə, bu fakt həmin vətəndaşa nəzarətimizdir. Mən Avropada şahidi olduğum bir faktı deyə bilərəm. Bir sürücü küçədə maşınını düzgün park etmədiyi üçün ətrafdakı insanların hamısı ona etiraz etdilər. Bu, ictimai nəzarətdir. Amma bizdə bu səviyyədə ictimai nəzarət yoxdur.

Əlbəttə, ötən illər ərzində biz böyük inkişaf yolu keçmişik, çox işlərə nail olmuşuq. Bu baxımdan, biz cəmiyyət olaraq ictimai nəzarəti də yüksək səviyyədə təmin etməliyik. Dövlətin idarə olunmasında, hakimiyyətin idarəçilik funksiyasının həyata keçirilməsində vətəndaş kimi öz töhfəmizi verməliyik.

Nardar BAYRAMLI

Paylaş
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31