Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Məktəblərin açılmadığı ilk Bilik Günü

Məktəblərin açılmadığı ilk Bilik Günü

15.09.2021 [13:11]

Təhsil ekspertinin fikrincə, ali və orta ixtisas təhsil müəssisələrin tələbələrinin ənənəvi formada tədrisə qayıtması bir qədər təhlükəlidir

Bu gün Azərbaycanda Bilik Günüdür. Məlum olduğu kimi, ölkəmizdə Bilik Günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Bütün dünyada müşahidə olunan qlobal istiləşmənin ölkəmizə təsiri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Bununla da artıq 17 ildir ki, 15 sentyabr ölkəmizdə Bilik Günü kimi qeyd olunur.

Lakin ötən ilin əvvəlindən bütün dünyanı cənginə alan koronavirus pandemiyası ölkəmizdə təhsil sahəsinə də təsirsiz ötüşmədi. Düzdür, ötən il 15 sentyabrda məktəblər açılsa da, Bilik Günü bir qədər fərqli qeyd edildi. Belə ki, 2020-ci ilin 15 sentyabrında şagirdlər pandemiya səbəbindən məktəbə xüsusi qaydalara uyğun olaraq yollandılar. Lakin sonradan yoluxma sayının artması təhsil ocaqlarının fəaliyyətinin yenidən distant formaya keçməsinə məcburiyyət yaratdı. Bu il isə pandemiya ilə mübarizə ilə əlaqədar ilk dəfə olaraq orta məktəblərin qapıları Bilik Günündə açılmadı. Belə ki, 2021-2022-ci dərs ilində ümumi təhsil müəssisələrinin I-IV sinifləri sentyabrın 22-dən ənənəvi şəkildə tədrisə başlayacaq. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədrisə ənənəvi şəkildə start veriləcək.

Buna baxmayaraq, demək olar ki, Azərbaycanın hər bir ailəsinin əlaqəli olduğu təhsil sahəsində mövcud olan problemlərə pandemiya səbəbindən əlavə olunan çətinliklərə görə hazırda cəmiyyətimizi çoxsaylı suallar narahat edir. Onlardan ən əsası pandemiya səbəbindən distant təhsilə keçməyə məcbur olan Azərbaycanda təhsilin səviyyəsinin əvvəlki illərə nisbətən ürəkaçan olmamasıdır. Belə ki, məktəbdən uzaq düşən şagird, ali təhsil müəssəsinin az qala yolunu unudan tələbənin distant təhsillə bilikləri hansı səviyyədə qazandığı da qeyri-müəyyən olaraq qalır. Digər tərəfdən, həm ötən ilin, həm də builki qəbul imtahanlarında abituriyentlərin əldə etdikləri göstəricilərin nisbətən aşağı olması Azərbaycanda uzaqdan təhsilin uğurlu olduğunu, daha doğrusu müvəffəqiyyətlə həyata keçirildiyini deməyə əsas vermir. Sentyabrın 29-dan sonra ölkədəki yoluxmadan asılı olaraq bu sahədə yenidən qapanmalara gediləcəyi sualı da hələlik açıq olaraq alır. Çünki yeni tədris ilinin başlanması ilə bağlı keçirilən brifinqdə bu suala təhsil naziri Emin Əmrullayev cavab verib. Daha doğrusu, cavab verməkdən yayınıb.

Öz növbəsində məsələ ilə bağlı  “Yeni Azərbaycan” qəzetinə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda ölkəmizdə peyvənd olunan vətəndaşların içərisində müəllimlərin sayının daha çox olduğunu nəzərə alsaq, tədris müəssisələri fəaliyyətə başladıqdan sonra təhsil prosesinin yenidən distant formaya keçirilməsi gözlənilmir: “Birincisi, ona görə ki, Azərbaycan təhsil sistemi pandemiya dövründə iki dəfə ənənəvi təhsilə qayıdıb. Hələ vaksinasiya prosesindən əvvəl daha dəqiq desək, 2020-ci il sentyabrın 15-də və bu il fevralın 1-də hibrid formada, həmçinin əyani sistem əsasında tədrisin təşkili mümkün olub. Hazırkı durum isə əvvəlki dövrlər üçün daha əlverişlidir. Çünki rəsmi verilən məlumata görə, artıq müəllimlərin 160 mindən çoxu, yəni 85 faizi peyvənd olunub. Digər tərəfdən, biz artıq pandemiya dövründə davranış qaydalarını bilirik və onlara əməl etmək üçün müvafiq şərait də yaradılıb. Buna görə də indiki vaxtda tədris prosesinin qapanmalara gedəcəyini gözləməməliyik. Hesab edirəm ki, orta təhsil müəssisələri ən təhlükəsiz ərazilərdir. Ona görə ki, həmin obyektlərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Eyni zamanda, şagirdlər məktəbə daxil olanda onların bədən temperaturları ölçülür, əlamətləri yoxlanılır”.

Təhsil ekspertinin sözlərinə görə, təhsil müəssisələri mütləq açıq olmalıdır ki, hər hansı yoluxma əlaməti olan şəxsləri müəyyən edib, cəmiyyətdən təcrid etmək mümkün olsun: “Belə ki, əgər tədris prosesi dayandırılsa, bizim 4447 orta təhsil müəssisəsində təhsil alan 1,6 milyon şagird nəzarətdən kənarda qalacaq. Yəni onlarda yoluxma əlaməti müşahidə olunsa da, cəmiyyətdə rahat şəkildə hərəkət edəcəklər. Amma təhsil müəssisələrində təhsil aldıqları zaman məktəbin inzibati binasında yoxlamadan keçəcəklər və təcrid olunacaqlar. Yoluxma sayı daha çox olan ərazilərdə məktəblərin lokal şəkildə bağlanması mümkün ola bilər. Amma vaksin olunanların sayının artması, habelə yolxumaların sayında  bir qədər azalma tədris prosesinin ənənəvi formada tədris ilinin sonuna qədər davam edəcəyinə inamı artırır. Bütün bunlar onu deməyə əsas verir ki, məktəblər bundan sonra bağlanmayacaq!”.

K.Əsədov məktəblərin ənənəvi təhsilə qayıtmasını bir də ona görə vacib hesab edir ki, onlayn formada tədris prosesində çatışmazlıqlar şagirdlərin bilik əldə etməsinə mənfi təsir göstərib: “Pandemiya dövründə onlyan tədris zamanı ortaya çıxan çatışmazlıqlarla yanaşı, əhalinin bütün sakinlərində kompüter, planşet, telefon və ya internetin olmaması kimi ciddi problemlərin də şahidi olduq. Hətta bu cihaz və alətlər olsa belə, elə texniki və təbiət fənləri var ki, onların onlayn formada tədrisi və şagirdin gərəkli biliyi qavraması mümkün deyil”.

Ali və orta ixtisas məktəblərində tədris prosesinin ənənəvi qaydada davam etdirilməsi perspektivlərinə gəlincə, K.Əsədov bildirib ki, orta ümumtəhsil məktəblərindən fərqli olaraq ali, orta ixtisas təhsil müəssisələrində tələbələrin ənənəvi formada tədrisə qayıtması bir qədər təhlükəlidir: “Məsələn, ali təhsil müəssisələrində 186 min tələbə təhsil alır, onların əksəriyyəti yaşayış yerini tərk edir və tədris ocaqlarına uzun yol qət edərək çatır. Bu zaman onların yolda yoluxma təhlükəsi artır. Digər tərəfdən, orta məktəblərdə şagird sıxlığı maksimum 30-35 nəfərə çatırsa, ali təhsil müəssisələrində mühazirələrdə bu sıxlıq daha çox olur. Ona görə də tədris prosesində auditoriyalarda 60-70 nəfərin iştirakına yol vermək olmaz. Çünki bu halda yarana biləcək problem təlim-tədrisin təşkili prosesində çətinliyə səbəb olacaq. Universitetlərin müəllim kontingentinin azlığını da nəzərə alsaq, ali məktəblərin üzərinə individual yanaşma tələbi qoyulmalıdır. Ona görə ki, şagirdlərdən fərqli olaraq tələbələr daşıyıcı yox, yoluxma riski artıq olan kontingentə aiddirlər. Təhsil müəssisələrində temperaturu müəyyən edən aparatlardan istifadə və digər qabaqlayıcı tədbirlər həyata keçirilsə, ali məktəblərdə də tədrisi normal qaydada davam etdirmək mümkün ola bilər”.

Beləliklə, ənənəvi təhsilə qayıtmaq barədə qərar qəbul olunsa da, bütün dünyada olduğu kimi, Azərbaycanda da karantin rejiminin yenidən sərtləşməsi halında distant tədrisə qayıtmaq təhlükəsi hələ də mövcuddur. Bu məsələdə ekspertlərin nikbinliyi də təhsilin gələcəyinə təhlükə olan problemlərin aradan qalxdığını deməyə əsas vermir.       

P.S. Mövzunu davam etdirəcəyik!

Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31