Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xaricdə tibbi məntəqə...

Xaricdə tibbi məntəqə...

16.09.2021 [14:06]

Bizdə niyə mühafizəçi, yaxud ilkin yardım çantası?

İctimai yerdə insanın qəfil halının pisləşməsi zamanı zəruri məsələ ilkin tibbi yadımın göstərilməsi üçün ətrafda mövcud şəraitin olmasıdır. Bəzən eşidirik ki, halı pisləşən şəxsə ya yanlış müdaxilə edilir, ya da ilkin tibbi yardım üçün artıq çox gec olur. Dünyanın bir çox inkişaf etmiş ölkələrinə nəzər yetirsək, görərik ki, mərkəzi küçələrdə, parklarda, iri ticarət mərkəzlərində ilk yardım köşkləri yerləşdirilib. Məsələn, Böyük Britaniyada səyyar “St John Ambulance” yaradılıb. Parkda yürüyüş zamanı özünü narahat hiss edən şəxslərə burada ilkin müdaxilə edilir. Hər bir köşkdə çalışması üçün tibb bacısı ayrılıb. Burada həm tibbi ləvazimatlar, həm də xəstənin istirahət etməsi üçün şərait yaradılıb.

Hətta texnika o qədər inkişaf edib ki, xəstələrə virtual müdaxilə etmək belə mümkündür. Bir çox ölkələrdə “Walk-In Care” köşkləri sayəsində həkim ilə monitor vasitəsilə əlaqə yaratmaq olur. Özünü narahat hiss edən şəxsə virtual ilkin tibbi yardım göstərməklə yanaşı, onunla psixoloji söhbətlər də aparılır.

Həmçinin qonşu İran İslam Respublikasında da bu məsələyə çox ciddi yanaşılır. Yerli sakinlər və turistlər üçün ilkin tibbi yardım köşkləri fəaliyyət göstərir. Halı qəfildən pisləşən şəxsə dərhal ilkin tibbi yardım göstərilir. Xəstəyə lazım olan dərman preparatları və hətta lazım gəldikdə personal ayrılır.

Bakıda vəziyyət necədir?

Xarici ölkələrə virtual ekskurs etdikcə, bizdə də belə bir xidmətin olması ilə bağlı istəklərimizin nə dərəcə real olduğunu düşündük. Elə bu məqsədlə də şəhərimizin hər ay on minlərlə turist qəbul etdiyini nəzərə alaraq, adətən, əhalinin sıx olduğu Milli Parkda ilkin tibbi yardım köşkü axtarışına çıxdıq. Bir dənə də olsun köşk gözə dəymədi. “Dənizkənarı Milli Parkda insanların qəfil halı pisləşəndə kim müdaxilə edir?” sualını Dənizkənarı Bulvar İdarəsinin əməkdaşı Könül İmamverdiyevaya ünvanladıq. Aldığımız cavab, gördüklərimizin, daha doğrusu, görə bilmədiklərimizin bir növ təsdiqi oldu. Onun sözlərinə görə, Milli Parkda ilkin tibbi yardım köşkü yoxdur. Bu azmış kimi, ilk yardım göstərmək üçün tibb bacısı da ayrılmayıb. Yaxın gələcəkdə bu tipli köşklərin quraşdırılması nəzərdə tutulmur. Çarə təcili tibbi yardım çağırmağa qalır.

İdarədən aldığımız məlumata görə, təkcə avqust ayında 365 min 330 nəfər Milli Parkın ərazisində istirahət edib.

Vaxtilə qoyulan köşklər də yığışdırılıb...

Son vaxtlar pandemiya ilə əlaqədar ziyarətçi sayının az olmasını nəzərə alsaq, hər gün yüzlərlə insanın alış-veriş etdiyi ticarət mərkəzlərində də halın qəfil dəyişməsi baş verə bilər. Bu vəziyyətdən çıxmaq üçün isə həmin iri ticarət mərkəzlərində lazımi tibbi avadanlıqla təchiz edilmiş məntəqələrin olması vacibdir. Tutaq ki, alış-veriş edirsiniz və qəfildən halınız pisləşir. Bu zaman kimə müraciət edəcəksiniz? Mühafizəçi axtarışına çıxacaqsınız? Qardaş Türkiyədə bu məsələyə daha həssas yanaşılır. Belə ki, iri ticarət mərkəzlərinin çoxunda “Sensormatic” şirkətinə məxsus olan ilkin tibbi yardım köşkü yerləşdirilib. Qurğunun üzərindəki düyməciyi sıxdıqda, dərhal hadisə yerinə mütəxəssis gəlir və ilkin tibbi yardım göstərir. Ehtiyac yaranan anda təcili tibbi yardım briqadası dəvət edilir.

Bəs, tibbi yardımla bağlı ölkəmizdəki ticarət mərkəzlərində vəziyyət necədir? Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən “Park Bulvar” Ticarət Mərkəzinin  mətbuat katibi Günay Novruzqızı ilə danışdıq. Mərkəzin ilkin tibbi yardım ilə bağlı vətəndaşlara necə xidmət göstərdikləri ilə maraqlandıq. Onun sözlərinə görə, yaxınlıqda təcili tibbi yardım yerləşdiyi üçün ilk yardım köşkləri daha fəaliyyət göstərmir: “Məlumat üçün bildirim ki, “Park Bulvar” Ticarət Mərkəzində ilkin tibbi yardım ilə bağlı köşklər yoxdur. Vaxtilə fəaliyyət göstərirdi, amma indi yığışdırılıb. Buna baxmayaraq, ticarət mərkəzində təcili tibbi yardım çantası var. Qəfildən halı pisləşən şəxs olarsa, bizim xanım və bəylərdən ibarət mühafizə işçilərimiz dərhal ilkin tibbi yardım göstərirlər. Lazım olan anda təzyiqi ölçmək, ürək masajı etmək və yaxud dil qatdalanması zamanı şəxsə ilkin yardım göstərməklə bağlı onlara təlimlər keçirilib. İlkin müdaxilədən dərhal sonra isə yaxınlıqdakı təcili tibbi yardıma və 1 saylı şəhər poliklinikasına müraciət edilir. Şükürlər olsun ki, hələ bu kimi bədbəxt hadisə ilə qarşılaşmamışıq”.

İnsanların əsasən çox üz tutduqları  məkanlardan biri də teatr və kinoteatrlardır. Hazırda pandemiya ilə bağlı bu qurumlar fəaliyyətini dayandırıb.

Olduğumuz məkanlarda aldığımız cavablardan belə qənaətə gəlmək olar ki, gərək, hansısa bədbəxt hadisə baş versin ki, sonra tədbir görülsün? Bu, insan həyatını heçə saymaq deyil, bəs nədir?

P.S. Biz insanların hər an qarşılaşa biləcəyi xoşagəlməz hallara qarşı hansı qabaqlayıcı tədbirlərin olduğunu öyrənmək və bunun vacibliyini ictimaiyyətə, həmçinin müvafiq təşkilatlara çatdırmaq istədik. İndi növbə sizindir. Mövzunu diqqətdə saxlayacağıq.

Müşfiqə BAYRAMLI

Paylaş
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31