Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Toivo Klaar Bakıda...

Toivo Klaar Bakıda...

16.09.2021 [14:09]

Avropalı komissarın səfəri nələri dəyişə bilər?

Xəbər verildiyi kimi, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib. Səfər çərçivəsində ölkə rəsmiləri ilə görüşdüyü bildirilən, amma bununla bağlı rəsmi informasiyası gizli saxlanılan Aİ nümayəndəsi ölkəmizə gəlib. T.Klaar xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüş zamanı tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, o cümlədən dövlət sərhədinin delimitasiya prosesi, kommunikasiyaların açılışı, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi apardılar. Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə məlumat verərək, bu xüsusda Ermənistanın vəziyyətin gərginləşdirilməsinə xidmət edən davranışı, əsassız iddialar və qeyd şərtlərlə çıxış etməsinin qəbuledilməz olduğunu vurğulayıb. Xüsusi nümayəndə Aİ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını qeyd etdi. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan və Aİ arasında yeni sazişi üzrə aparılan danışıqlar, həmçinin iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Bəs avropalı komissarın səfərindən gözləntilər nədir?

Qeyd etmək lazımdır ki, 2020-ci ildə baş vermiş və Azərbaycanın qəti qələbəsi ilə yekunlaşmış 44 günlük müharibədən sonra Aİ regionda yaranan yeni siyasi reallıqları diqqətlə izlədiyini bəyan edib. Ötən dövr ərzində mütəmadi şəkildə ölkəmizə səfər etmiş qurum rəsmiləri, o cümlədən bu ilin iyulunda Bakıya gəlmiş Aİ Şurasının prezidenti Şarl Mişel ölkəmizlə qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi istiqamətində birgə fəaliyyətdə maraqlı olduqlarını qeyd ediblər. Xüsusi olaraq vurğulanmalıdır ki, Şarl Mişel öz nitqində “status”, “Dağlıq Qarabağ” sözlərini işlətməməsi ilə diqqət çəkmişdi. Bu isə Aİ-nin həm Azərbaycanın qələbəsinə, həm də regiondakı yeni geosiyasi vəziyyətə münasibəti özündə əks etdirir.

Bəs Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın son səfəri hansı məqamları ilə diqqət çəkəcək və yeni dönəmdə Azərbaycanla Avropa təşkilatı arasındakı münasibətlərin inkişafı istiqamətində nələr gözlənilir?

Məsələ ilə bağlı qəzetimizə fikirlərini bölüşən Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Ramin Məmmədov bildirib ki, Azərbaycan - Avropa İttifaqı arasındakı münasibətlər kifayət qədər genişmiqyaslıdır. Hazırda mövcud gündəlikdə çoxşaxəli, eyni zamanda, müxtəlif sahələrə aid olan məsələlərin durduğunu deyən millət vəkili vurğulayıb ki,  müzakirə predmeti olan bütün məsələlər həm Aİ, həm də Azərbaycan üçün kifayət qədər böyük əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsindən sonrakı dönəmdə gündəlikdə olan əsas məsələ regionda sülhün və təhlükəsizliyin qorunub saxlanılmasıdır. Buna isə yalnız Azərbaycan prizmasından baxılmamalıdır. Belə ki, regionda sülhün bərqərar olması üçün bütövlükdə Cənubi Qafqaz ölkələri iradə nümayiş etdirməlidir. Region ölkələri bütövlükdə, bu prosesin təmin olunması üçün çalışmalıdır. Toivo Klaarın Ermənistana, ardından isə ölkəmizə səfərinə gəldikdə isə, vurğulamaq lazımdır ki, bu, onun regiona birinci səfəri deyil. Bundan əvvəliki səfərlərində də Aİ təmsilçisi münaqişənin həllindən sonrakı dönəmdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətini çox açıq şəkildə bəyan etmişdi”.

Bu ilin iyulunda Aİ Şurası prezidenti Şarl Mişelin ölkəmizə səfərinə toxunan R.Məmmədov qeyd edib ki, bu səfər zamanı da bölgədə sülhün təminatı ilə bağlı açıq mövqe və bəyanat ortaya qoyulmuşdur. Bu isə onu göstərir ki, istənilən təhdidlərə və ya hansısa təxribatçı addımların olmasına baxmayaraq, Aİ, ümumilikdə, bir təşkilat kimi əlaqələrin inkişafında maraqlıdır. “Bu, eyni zamanda, qurumda təmsil olunan ölkələrin ümumi mövqeyi kimi izah edilə bilər. Bu gün dünyanın əksər dövlətləri Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələrin, əməkdaşlığın inkişafında, genişlənməsində maraqlıdır. Fikrimcə, qarşılıqlı səfərlər və görüşlər faydalı əməkdaşlığa əsaslanan münasibətlərin davamlılığına və inkişafına böyük təkan olacaq. Cənubi Qafqaz regionunda mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivləri nöqteyi-nəzərdən önəmli dividendlər vəd etməkdədir”, - deyə R.Məmmədov əlavə edib.

Pərviz SADAYOĞLU

Paylaş
Baxılıb: 224 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31