Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Siyasi məsuliyyətsizlik, yoxsa məqsədyönlü təxribat?

Siyasi məsuliyyətsizlik, yoxsa məqsədyönlü təxribat?

17.09.2021 [14:39]

Məlum olduğu kimi, ABŞ-ın Ermənistandakı səfiri Linni Treysi İrəvanda qərəzli açıqlamalar verib. Azərbaycanın rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsinin bitdiyini, tarixə qovuşduğunu bəyan etməsinə baxmayaraq, səfir Linni Treysi bu mövqeyə zidd olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinin yenidən canlandırılması təşəbbüsü ilə çıxış edib. O, həmçinin qondarma status məsələsini gündəmə gətirməklə beynəlxalq hüquq normalarına zidd mövqe ifadə edib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva mətbuata açıqlamasında bildirib ki, ABŞ-ın Ermənistandakı səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir: “Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”.

Ekspertlər də ABŞ-ın Ermənistandakı səfirinin fikirlərinin əsassız olduğunu hesab edirlər. Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün vasitəçilik mandatı o dövrdə ATƏT-in Minsk qrupu həmsədrlərinə verilsə də, onlar tərəfindən bu istiqamətdə konkret bir iş görülmədi, işğalçı siyasət yürüdən və hərbi cinayət törətmiş Ermənistana qarşı heç bir təzyiq göstərilmədi: “Bildiyimiz kimi, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdi. Amma işğalçı ölkə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamış, hətta buna görə heç qınaq obyektinə də çevrilməmişdi. Prezident İlham Əliyev Azərbaycanın işğal faktı ilə heç vaxt barışmayacağını dəfələrlə qeyd etmişdi. Məhz elə bu cür oldu. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və müharibə yolu ilə torpaqlarını işğaldan azad etdi. Bununla da erməni terroristləri, faşistləri ərazilərimizdən qovuldu. Göründüyü kimi, 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupunun edə bilmədiyini Azərbaycan Ordusu 44 gün ərzində etdi. Beləliklə, ərazi bütövlüyümüz bərpa edildi. Bütün bunlarla yanaşı, biz Azərbaycan ərazisində məskunlaşan erməni əsilli vətəndaşlara da ölkəmizin qanun və qaydaları çərçivəsində yaşamaq hüququ veririk. Sözsüz ki, burada onların yeganə çıxış yolu məhz Azərbaycana sığınmaq və dövlətimizin qanunları çərçivəsində yaşamaqdır”.

Onun sözlərinə görə, Ermənistan tərəfi məğlubiyyətlə barışmaq istəməsə də, başqa yolu yoxdur: “Ermənilər hər vəchlə müxtəlif versiyalar, lüzumsuz ideyalar irəli sürməkdədirlər. Xüsusilə də, ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən canlandırmağa cəhd göstərirlər. Ancaq bildiyimiz kimi, Azərbaycan mövqeyini ortaya qoyub. Ən əsası da, Azərbaycan Vətən müharibəsində nəyə qadir olduğunu nümayiş etdirib. Artıq Azərbaycan qalib və diktə edən tərəfdir. Bu baxımdan, ABŞ-ın Ermənistandakı səfirinin səsləndirdiyi fikirlər heç də reallığı əks etdirmir və bizim tərəfimizdən də ciddi qəbul edilmir. Artıq regionda yeni reallıqlar yaranıb. Bu reallıqlar Azərbaycanın da təklif etdiyi kimi, “3+3” formatında daha real inkişaf edə bilər. Sözsüz ki, burada Ermənistanın da yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, ölkəmizin sərhədlərinin tanınması prosesinə start vermək və sülh müqaviləsini imzalamaqdır”.

“ABŞ-ın İrəvandakı səfiri Linni Treysi mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədinə səfərlər edir, bu səfərlərdə dövlət sərhədi boyu Azərbaycan ordusunun mövqelərinin müşahidəsini aparır, Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını ifadə edir. Dəfələrlə ABŞ-ın İrəvandakı səfiri Linni Treysi tərəfləri ən qısa zamanda Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırıb, dəfələrlə də status ilə bağlı müzakirələrin aparılması üçün təşəbbüslər irəli sürüb və s. Bu istiqamətdə səfir Treysin canfəşanlığı digər həmsədr ölkə Fransanın səfirinin açıqlamalarını da keçir. Bir sözlə, Minsk qrupu ölkələrinin Ermənistandakı səfirləri özlərini, sanki, bir ölkənin səfiri kimi deyil, Cənubi Qafqazdakı nümayəndəsi kimi görürlər. Verdikləri mesajlar isə, sanki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dilindən səslənir kimi görünür”. Bu fikirləri isə politoloq Yeganə Hacıyeva deyib.

Y.Hacıyeva bildirib ki, ABŞ-ın Ermənistandakı səfirinin Qarabağın gələcək statusu ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Məsələ bundadır ki, 10 noyabr razılaşmasında Qarabağdakı ermənilərə statusun verilməsilə bağlı bənd yoxdur. ATƏT-in Minsk qrupu formatı həmsədr ölkələrin qərəzli mövqeyinə görə öz etimadını zədələyib.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi ilə, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü-özünü proseslərdən kənarlaşdırdı: “Bu isə həm də onun səylərini dəstəkləyən instansiyaları da prosesdən kənarda qoymaq idi. ATƏT-in Minsk formatı həm də ATƏT coğrafiyasında konfliktlərin həlli istiqamətində bir mexanizm kimi nəzərdə tutulurdu. Bu mexanizm isə heç bir konfliktin həllində özünü doğrultmadı, faydalı format kimi özünü təsdiqləmədi. 28 ildən sonra Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək 44 gün ərzində torpaqlarını işğaldan azad etməyə müvəffəq oldu. Torpaqları azad edəndən sonra aydın oldu ki, ATƏT-in Minsk qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terrorlar həyata keçirilib. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk qrupu cinayətləri görməzdən gəldi. Bütün bunlar qeyd etdiyim kimi, ATƏT-in Minsk qrupunun üzvlərinin deyil, həm də onların səylərini dəstəkləyən instansiyaların reputasiyasına zərbə vurdu. Konkret status haqqında danışırıqsa, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Prezident İlham Əliyev Qarabağda ermənilərə hər hansı statusun verilməsinin mümkünsüzlüyü ilə bağlı dəfələrlə fikrini söyləyib.

Azərbaycan quruluşuna görə unitar dövlətdir və ölkəmizdə vahid konstitusiya, vahid qanunverici və icraedici hakimiyyət mövcuddur. Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya, yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi və ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası və vahid hüquqi sistem mövcuddur. Ərazinin istənilən xüsusi statusu konstitusion əsaslarda müəyyənləşə biləcək bir qərardır, burada yalnız konstitusion əsaslar və referendum rol oynaya bilər. Bu proses isə başlamadan bitib, Qarabağ Azərbaycanın iqtisadi rayonlarının siyahısına əlavə olunub. ABŞ-ın İrəvandakı səfiri Linni Treysin status haqqında açıqlaması beynəlxalq hüquqla təmin olunan, ölkələrin hüquqi quruluşuna dair suveren qərarvermə proseslərinə uğursuz təsir cəhdləridir”.

Nardar BAYRAMLI

Paylaş
Baxılıb: 226 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31