Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elektrik enerjisi ixracının strateji əhəmiyyəti nədir?

Elektrik enerjisi ixracının strateji əhəmiyyəti nədir?

17.09.2021 [14:40]

Son vaxtlar ölkə üzrə elektrik enerjisi infrastrukturunun möhkəmləndirilməsinə dair yeni xəbərlər alırıq. Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib. Bundan bir neçə gün əvvəl - sentyabrın 3-də isə dövlətimizin başçısı Enerjisistemin Reabilitasiya Proqramı çərçivəsində inşa olunan “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışına qatılıb. Avqust ayında da bu qəbildən olan açılışlar baş tutub. Belə ki, Prezident İlham Əliyev avqust ayında əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” və 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyalarının açılışında iştirak edib. Bundan başqa, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərləri çərçivəsində 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışına qatılıblar. Səfər çərçivəsində dövlətimizin başçısı, həmçinin Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olub.

Bütün bunlar respublikamızda enerji təchizatı infrastrukturunun daha da möhkəmləndirilməsinə necə böyük diqqət göstərildiyi barədə konkret təsəvvür yaradır. Ölkəmizdə elektrik enerjisi sisteminin dayanıqlılığının davamlı şəkildə gücləndirilməsi isə heç də təsadüfi deyildir. Elektrik enerjisinə olan tələbatın yüksək səviyyədə ödənilməsi hər bir ölkənin iqtisadi gücünün artmasını şərtləndirən çox mühüm amillərdən biridir. Çünki müasir dövrdə sənayenin və kənd təsərrüfatının, xidmət sektorunun fəaliyyəti bilavasitə elektrik enerjisi ilə bağlıdır. Digər tərəfdən, enerji təchizatının həm də böyük sosial əhəmiyyəti var. Bu gün insanların həyatını, məişətini elektrik enerjisi olmadan təsəvvür etmək belə mümkün deyil.

Nəticə etibarilə son 18 ildə Azərbaycanın özünün enerji müstəqilliyini tam təmin etməsi böyük nailiyyətdir. Bəhs olunan dövrdə ölkə ərazisində böyük həcmdə dövlət investisiya qoyuluşu hesabına 30-dan çox elektrik stansiyası tikilib. Bunların sırasında 525 meqavat gücündə “Sumqayıt”, təxminən 800 meqavat gücündə “Cənub”, 400 meqavata yaxın gücü olan “Şimal-2”, generasiya gücü 300 meqavat olan “Səngəçal” elektrik stansiyaları xüsusi yer tutur. Eyni zamanda, respublikamızın müxtəlif bölgələrində modul tipli beş stansiya tikilib ki, onların da hər birinin generasiya gücü təxminən 90 meqavatdır. Hazırda respublikamızın enerji sisteminin ümumi generasiya gücü təqribən 7000 meqavat təşkil edir.

Enerji müstəqilliyinin təmin olunması Azərbaycanın iqtisadi gücünü və ölkədə vətəndaş məmnunluğunu artıran çox mühüm amil qismində çıxış edir. Bir vaxtlar paytaxt Bakıda və bölgələrdə xüsusən qış aylarında elektrik enerjisi verilməsinin tez-tez dayandırıldığı və bunun ciddi çətinliklərə səbəb olduğu, hətta fəsadlar yaratdığı hələ də yaddaşlardan silinməyib. Lakin belə hallar artıq keçmişdə qalıb. Ölkəmizin elektrik enerjisi ilə təminatı baxımından müasir mənzərəsi tamam fərqli rakursdan diqqət çəkir. Dayanıqlı infrastrukturun qurulması sayəsində respublikamızda əhalinin və iqtisadiyyatın elektrik enerjisinə getdikcə artan tələbatı yüksək səviyyədə ödənilir. Əlamətdar haldır ki, ölkə üzrə elektrik enerjisi təchizatı sisteminin yenidən qurulmasında respublikamızın müasirləşmə strategiyasının əlamətləri aydın şəkildə nəzərə çarpır. Belə ki, paylayıcı və magistral elektrik enerjisi verilişi xətlərinin çəkilməsində, stansiyaların yenidən qurulmasında dünyanın qabaqcıl şirkətlərinin innovativ avadanlıqlarından istifadə edilir ki, bunun da sayəsində enerjisistemin gücü artır və itkilər azalır. Qeyd edək ki, 2021-ci ilin 7 ayında respublikada elektrik enerjisinin istehsalı 15 milyard 845 milyon kilovat/saat olub. Bəhs olunan dövrdə ötən ilin müvafiq ayları ilə müqayisədə elektrik enerjisinin istehsalı İES-lərdə 395,9 milyon kilovat/saat artaraq 14 milyard 754,8 milyon kilovat/saat, SES-lərdə isə 102,9 milyon kilovat/saat çoxalaraq 877,4 milyon kilovat/saat təşkil edib.

Qısa müddətdə özünün enerji müstəqilliyini təmin edən və daxili tələbatı bütünlüklə yerli istehsal hesabına qarşılayan Azərbaycanı həmçinin elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Cari ilin yanvar-iyul aylarında ölkəmiz 822,4 milyon kilovat/saat elektrik enerjisini ixrac edib. Bəhs olunan dövrdə respublikamızın elektrik enerjisi ixracı ötən ilin müvafiq aylarındakı göstəricilərə nisbətdə 94,2 milyon kilovat/saat artıb. O cümlədən respublikamızdan İrana 152,3, Türkiyəyə 109,1, Rusiyaya 56,1, Gürcüstana 504,9 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub. Təbii ki, elektrik enerjisinin ixracı respublikamıza qeyri-neft sektoru üzrə əlavə gəlirlər qazandırır.

Ötən il işğaldan azad olunmuş ərazilərin bərpasında da elektrik enerjisi infrastrukturunun yaradılmasının prioritetliyi təmin edilir. Prezident İlham Əliyev qarşıya bəhs olunan ərazilərin elektrik enerjisi təchizatı şəbəkəsinin qurulması işlərinin cari ilin sonunadək yekunlaşdırılması ilə bağlı ciddi vəzifə qoyub. Hazırda “Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. Qısa müddətdə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının inşası tamamlanaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur. İşğaldan azad olunan ərazilərdə, həmçinin dövlət başçısının iştirakı ilə yeni tikilən 110/35/10 kilovoltluq “Füzuli” yarımstansiyası istifadəyə verilib. “Füzuli” yarımstansiyasının işə salınmasından sonra Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyasının da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını edib. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda, ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır.

Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31