Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Məktəb zamanı gəldi...

Məktəb zamanı gəldi...

17.09.2021 [14:41]

Yeni dərs ilinin gəlişinə sayılı günlər qalıb. Hər il olduğu kimi, indi də valideynlər məktəbə gedən övladları üçün alış-veriş təlaşına düşüblər. Mövzuya yeni rəng qatmaq üçün “28 May” metrostansiyasının yaxınlığındakı məktəb ləvazimatları satan mağazalara üz tutduq. Mağazalarda canlanma müşahidə olunsa da, alıcıların üzündən narazılıq sezilirdi. Valideynlərin mimikalarından məhsulun həm qiymətindən, həm də keyfiyyətindən razı qalmadıqları açıq-aşkar hiss olunurdu. Təbii ki, bu narazılığın əsas səbəbi qiymətlərin ötən illə müqayisədə daha baha olması ilə əlaqədar idi. Eyni zamanda, o da məlum oldu ki, pandemiya ilə əlaqədar ötən il distant təhsil forması tətbiq olunduğu üçün çaşqınlıq içində qalan valideynlər bu il az alış-veriş etməyə üstünlük verirlər.

Ləvazimatların qiyməti 30-35 faiz bahalaşıb

Satıcılarla söhbət əsnasında aydın oldu ki, ibtidai siniflər üçün test kitabçaları, dəftərlər, xətkeş, qələm və s. ləvazimatların qiyməti 30-35 faiz bahalaşıb.

Piştaxtalarda məktəblilərə aid bir çox ləvazimatlara rast gəlmək olar. İlk olaraq çantaların qiymətini soruşduq. Satıcılar qiymətin 10 manatdan 100 manatadək dəyişdiyini bildirdilər. Qiymət çantanın keyfiyyətindən və ölçüsündən asılı olaraq dəyişir. Bir-birindən rəngarəng qələm qablarının qiyməti isə 2-10 manat təşkil edir.

Daha sonra dəftərlərin qiyməti ilə maraqlandıq.  20 vərəqli ana dili və riyaziyyat dəftəri 20 qəpiyə, 40 vərəqli dəftər isə 35 qəpiyə satılır. Dəftər üzləri isə 40 qəpikdən satılır. Rəngli qələmləri 10 qəpikdən  başlayaraq 1 manata dəyişən qiymət aralığında almaq olar. Karandaş yonan 40 qəpikdən - 3 manata qədər, xətkeşlərin qiyməti isə bir-iki manat arasında dəyişir. Qovluğun qiyməti isə 2 manatdır. Bundan başqa, yağlı boyaların qiyməti 2-12, ağardıcı 3 manat, yapışdırıcı 1 manat 50 qəpik, marker 1 manat, qayçı isə 2-4 manat arası dəyişir.

Uşaqlar üçün istifadə edilən su və yemək qablarının qiyməti keyfiyyətindən asılı olaraq dəyişir. Uşağınız üçün daha keyfiyyətli qab almaq üçün nə az, nə çox - düz 20 manat ödəməlisiniz. Uşaqlar üçün bir-birindən rəngli və müxtəlif dizaynda olan qoruyucu maskalar isə 50 qəpik təşkil edir.

Valideynlər nə qədər pul xərcləyirlər?

Daha sonra sorğumuza valideynlər ilə davam etdik. İki övladı üçün alış-veriş edən Samirə Tağıyeva ilə söhbətləşdik. Bir səbət dolusu məktəbli ləvazimatı alan valideynin nə qədər pul xərclədiyini soruşduq. Onun sözlərinə görə, iki uşaq üçün 100 manatdan çox pul xərcləyib: “Övladlarımın biri dördüncü, biri isə beşinci sinifdə oxuyur. Hələ ki, 100 manatdan çox pul xərcləmişəm. Buraya dərsliklərin qiyməti daxil deyil. Əgər olsaydı, 500 manatdan da çox olardı. Ən çox pulu əlavə test kitablarına verdim. Kitabların qiyməti 6-11 manat arası dəyişir. Baxıram, çantalar da olduqca bahadır. 19 manata da, bundan ucuz çantalar var, amma keyfiyyəti yaxşı deyil. Uşaqların məktəbli formasını da hələ almamışam. Yəqin ki, ötənilki formaları yenidən geyinəcəklər”.

Məktəbli formaları neçəyə olacaq?

Məktəbli formaları məsələsinə gəlincə, hələ ötən ildən vahid məktəbli formasının eskizləri hazırlanmış, təsdiq edilmədiyindən istehsal olunmamışdı. Buna baxmayaraq, hələ bir neçə il vahid məktəbli formasının tətbiqi məcburi deyil. Bu barədə ötən həftə Bakı Şəhər Təhsil İdarəsinin rəsmisi məlumat vermişdi.

“Bakı Tikiş Evi”nin (BTE) Satış Şöbəsinin müdiri Etibar Əzimov qəzetimizdə açıqlamasında bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. “Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir: “26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan gödəkçələr də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”.

Valideynlər Türkiyədən sifarişlə gətirirlər

Əksər valideynlər isə uşaqları üçün məktəbli geyimlərini Türkiyədən sifariş verdiklərini deyirlər. Belə valideynlərdən biri də Sevil Hacıyevadır. O, övladı üçün Türkiyədən məktəb ləvazimatları sifariş verdiyini, çatışmayan xırda ehtiyacları isə buradan aldığını deyir. Buna baxmayaraq, məktəbliyə lazım olan xırda ləvazimatlara 50 manata yaxın pul xərclədiyini söyləyir.

MÜŞFİQƏ

Paylaş
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31