Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəngəzur dəhlizi reallaşır

Zəngəzur dəhlizi reallaşır

20.09.2021 [13:59]

Azərbaycan Prezidenti: “Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”

2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanat İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini təsdiq etməklə yanaşı, regionda yeni geostrateji reallıqların yaranmasını şərtləndirdi. Belə ki, Bəyanatda siyasi məqamlarla yanaşı, həm də iqtisadi münasibətlərin gələcək yol xəritəsi öz əksini tapdı. Bəyanatın 9-cu maddəsində yer alan “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir” ifadələri Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir. Amma 2020-ci ilin noyabrından ötən 9 ayda Ermənistan bu bəndin icrası ilə bağlı hər hansı bir addım atmayıb. Təbii ki, Ermənistan üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməyə məcburdur. Yeri gəlmişkən, Prezident İlham Əliyev bildirmişdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik: “Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”, - deyə dövlət başçısı vurğulamışdı.

Bu dəfə isə məsələ ilə bağlı Rusiya tərəfi öz mövqeyini yenidən açıqlayıb. Belə ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə növbəti dəfə bildirib ki, üçtərəfli Bəyanata uyğun olaraq RF regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində səylərini davam etdirəcək. Bu isə o deməkdir ki, artıq Ermənistan Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyaları heç bir nəticə verməyəcək və regionun inkişafında yeni bir mərhələnin başlanğıcını qoyacaq bu layihə reallaşacaq. Bunu siyasi ekspertlər də təsdiqləyir.

Qəzetimizə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın qələbəsini təsdiqləməklə yanaşı, həm də bölgənin iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Belə ki, qeyd edilən Bəyanatın doqquzuncu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması ilə yanaşı, Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin bərpası da nəzərdə tutulur: “Bu, Zəngəzur dəhlizi layihəsidir və həmin layihə gələcəkdə regional inkişafın mühüm elementlərindən birinə çevriləcək. İkinci bir tərəfdən, bu layihənin reallaşması Ermənistan üçün bir öhdəlikdir. Cənab Prezidentin də dediyi kimi, Ermənistan istəsə də, istəməsə də, bu layihə reallaşacaq”.

K.Bayramov onu da qeyd edib ki, Rusiyanın səlahiyyətli nümayəndələri daim üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsinin prioritet olduğunu dilə gətirirlər. Azərbaycan dövlətinin Bəyanatla bağlı bütün lazımi addımları atdığını önə çəkən millət vəkili vurğulayıb ki, bununla yanaşı, digər tərəflər də üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. “Təəssüfləndirici haldır ki, Ermənistan bu Bəyanatın icrası ilə bağlı məsələdə “taym aut” götürmüş kimi görünür, müəyyən bəyanatlarla vaxt udmaq istəyir. Bu biri-birinə zidd bəyanatlar isə 10 noyabr sənədinin icrası niyyətindən xəbər vermir. Hər bir halda Azərbaycanın haqlı mövqeyi və tələbləri aktualdır. Bu gün ərazi bütövlüyümüz bərpa olunandan sonra bölgədə sülhün və təhlükəsizliyin hökm sürməsi üçün öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Siyasi münasibətlərdən başqa iqtisadi məsələlərin həlli istiqamətində də səylərimiz göz önündədir. Azərbaycan bölgədə yeni əməkdaşlıq platformaları yaratmaq niyyətini dilə gətirib. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması, bütün ticarət və iqtisadi əlaqələrin bərpası Azərbaycanın olduğu qədər həm Ermənistanın, həm də bölgə dövlətlərinin marağında olmalıdır. Düşünürəm ki, bu məsələyə laqeyd yanaşan dövlət yalnız Ermənistandır. Amma bütün hallarda Ermənistan bu öhdəliyi üzərinə götürüb və icra etməlidir. Məğlub ölkənin başqa yolu yoxdur”, - deyə K.Bayramov əlavə edib.

Pərviz SADAYOĞLU

Paylaş
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31