Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Monitor arxası “qəhrəman”ların yalan dünyası

Monitor arxası “qəhrəman”ların yalan dünyası

20.09.2021 [14:06]

Yalan dünyanın real cinayətləri – sosial şəbəkə intriqaları

İnternet, xüsusən sosial şəbəkələr həyatımıza daxil olandan sonra özü ilə həm komfort, həm də müəyyən narahatlıqlar gətirdi. Öncələri sosial şəbəkələri rahat ünsiyyət vasitəsi kimi görənlər zaman keçdikcə şəxsi həyata müdaxilənin çoxalmasından narahat olmağa başladılar. İlk başlarda bu, bəlkə də reklam idi. Amma necə deyərlər, artıq içiləndə dərd verir su da. Zamanla sosial şəbəkələr müxtəlif fərdlərin, qrupların reklam bazarına, döyüş meydanına, təbliğat maşınına çevrildi. Elə ondan sonra da hər kəs başladı bu sehirli aləmdən öz əxlaqına uyğun şəkildə istifadəyə. Sosial şəbəkələr gözəl informasiya məkanı olmaqla yanaşı, bəziləri üçün sanal savaş meydanına dönməkdədir.

Sosial şəbəkələrdə son zamanlar tez-tez yalan və böhtan xarakterli xəbərlərlə yanaşı, hər hansı subyektə qarşı yönəlmiş təhqiramiz çıxışlar da yer alır. Hər hansı fikrə və şəxsə qarşı hücuma keçən “troll ordusu” da sosial şəbəkələrin yeni bəlasına çevrilib. Bəzən eyni şəxs onlarla saxta profil yaradır. Bu hansısa üzdə olan, populyar şəxsin müdafiəsinə yönəlmiş bir addımdır. Həmin şəxsin barəsində hansısa neqativ fikir səslənərsə, tərif dolu cümlələrlə izləyicilərin fikrini dəyişdirməyə çalışır, yaxud həmin şəxsin barəsində xoş olmayan fikir söyləyənləri söyərək susdururlar.

Saxta profil arxasında gizlənən klaviatura “qəhrəmanları” hədəfləri haqqında etikaya sığmayan ifadələr işlətməyi sözün kəsəri hesab edirlər. Xüsusən bu gün özünü “müxalifət qüvvələri” adlandıranlar, xarici ölkədə oturub maliyyələşdiyi təşkilatın sifarişi ilə məmurlara, ölkə rəhbərinə və onların ailə üzvlərinə qarşı hədyan danışmağı igidlik hesab edirlər. Təbiidir ki, sadə vətəndaş çox zaman küləyin hansı tərəfdən əsdiyini bilmir, səsləndirilən heyrətamiz “faktları” dodaquçuqladan rəqəmləri, korrupsiya barədə informasiyanı dinləyib şoka düşür, nəyin doğru, nəyin yalan olması barədə düşünmür. Bu mənada, media savadlılığının önəmi ortaya çıxır.

Bu kimi çıxışların, əslində, xalqın narazılığını artırmağa, bölücülüyə yönəldiyini demək üçün xüsusi analizə ehtiyac yoxdur.

Demokratik cəmiyyətlərdə fikir və söz azadlığının olması vacib elementlərdəndir. Lakin tənqidi fikirlərə təhqiramiz ifadələrin işlədilməsini, məhəllə səviyyəli şayiələrlə siyasi etiketi qarışdırmaq bu söhbətləri dilə gətirən, özünü ziyalı hesab edən müxalifətin elə özünə yönəlmiş aykido döyüş tryukuna bənzəyir. Başqa sözlə, coşub-daşıb, hər nə qədər ağır və yaramaz ifadələr işlədirlərsə, özlərini bir o qədər gözdən salırlar, yenik düşürlər. Ağıllı müxalifət təhiqrə yox, sanballı faktlara söykənməlidir ki, arxasınca çəkib apardığı insanlar da qaragüruhçu kütlə deyil, intellektual insanlar olsun.

Saxta profillərdən vətəndaşlara qarşı təhqir və böhtan xarakterli informasiyanın yayılmasının cəzası var, qanunlarla tənzimlənir. Lakin bu profillər xarici ölkələrdə xarici domenlərdən açılmışdırsa, izlənməsində problemlər yaranır. “Youtub”, “Facebook”, “Twitter” kimi sosial şəbəkələrin idarəçiliyi ölkəmizin təsir dairəsində olmadığına görə xaricdən qoşulan ptrofil sahiblərinə əlçatanlıq mürəkkəbdir. Lakin ölkə daxilində cinayətxarakterli paylaşımların mənbəyinə çatmaq mümkün olur. Əgər bunu çox istərsək. İki nümunəni yada salmaq istərdim. Ötən il bir vətəndaş “Facebook” sosial şəbəkəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevi öldürməklə hədələmiş, çox keçmədən həmin şəxs tapılaraq cəzalandırılmışdı. Lakin dəfələrlə “məni öldürəcəklər” deyib həyəcan təbili çalan iki xanımı hədələyənlər barəsində tədbir görülməmiş, son olaraq faciəvi hadisələrin şahidi olmuşduq. Və ya sosial şəbəkələrdə narkotik vasitələri satan şəxslər. Yəqin ki, tapılmayacaqlarına əmin olmasalar bu qədər riskli hərəkət etməzdilər. Əslində, polis sosial şəbəkələr vasitəsilə çoxlu sayda cinayətləri önləyə və ya açılmamış cinayətlərə aydınlıq gətirə bilər.

Maraqlıdır, sosial şəbəkələrdə, yalan informasiya yayanlar necə cəzalandırılır?

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, yalan informasiya yaymaq qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur: “KİV haqqında qanuna görə, yalan informasiya əgər şəxslərə zərər verirsə, bu zaman cəzalandırılmalıdır. Əgər yalan informasiya şəxsin işgüzar nüfuzunu və şəxsi həyatını zədələyirsə, bu zaman həmin şəxs məhkəməyə müraciət etməlidir. Əgər bunu mülki qaydada mübahisələndirirsə, Mülki Məcəllənin 23-cü maddəsinə görə, ona dəyən maddi və mənəvi zərərlərin konpensasiyasını məhkəmədən tələb edə bilər. Əgər bu yalan cinayətdə ittiham etmə ilə bağlıdırsa, o zaman Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir. Məhkəmə əsaslı görsə, işi qəbul edib mühakimə prosesini apara bilər”.

Son zamanlar tanınmış şəxslərin yalan xəbərləri yayılır. Müsahibimizin sözlərinə görə, haqqında yalan ölüm xəbəri yayılan şəxsin özünə və ya yaxınlarına mənəvi zərər dəymiş olur: “Əgər şəxs ölməyibsə, onu ölmüş kimi təqdim edirlərsə, Mülki Məcəllənin 23-cü maddəsi çərçivəsində mülki konpensasiya yoluna gedilə bilər”.

Sosial şəbəkələr ağıllı bir cəmiyyət üçün özünü ifadə etməyə əvəzsiz platforma, kinlə, qəzəblə, cinayətkar fikirlərlə dolu insanlar üçün yeni cinayətlərə fürsət verən məkandır. Baxır ondan kim hansı məqsədlərlə istifadə edir. Hələlik sosial şəbəkələrdə təhlükəsizliyimizi təmin edəcək qanunlarda boşluqlar olduğuna görə, vətəndaş özü-özünü qorumaq məcburiyyətindədir.

Ümumilikdə, geri dönüşü olmayan bir yolun başlanğıcındayıq. Elm, texnologiya inkişaf etdikcə internetin verdiyi sonsuz imkanlardan istifadə artıq seçim yox məcburiyyət olacaq. Pandemiya, karantin günləri bizə bunun əlifbasını öyrətdi. Yəqin ki, zaman keçdikcə internet resurslardan istifadə qaydaları təkmilləşəcək, qanunlar da işlənib hazırlanacaq. Başqa yol yoxdur, çünki qarşıdan 6G gəlir.

Müşfiqə

Paylaş
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31