Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərdoğan Paşinyanın qarşısında şərt qoydu...

Ərdoğan Paşinyanın qarşısında şərt qoydu...

21.09.2021 [13:55]

Ermənistan Türkiyə və Azərbaycana yalvarır

Ötən ilin noyabrından bu yana “üçtərəfli bəyanat”ın icrasını yubatmağa çalışan Ermənistan artıq dalana dirəndiyinin fərqindədir. Baş nazir Nikol Paşinyanın “araçılar” vasitəsilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyini dilə gətirməsi bu faktı bir daha təsdiqləyir. Ölkəsindəki iqtisadi tənəzzülün günü-gündən daha da dərinləşdiyini yaxşı anlayan Paşinyan, Ermənistanda proqnozlaşdırılan sosial partlayışı və onun doğura biləcəyi mənfi tendensiyaları aradan qaldırmaq üçün Türkiyəyə, dolayısı ilə, Azərbaycana “yalvarmağa” başlayıb. Belə ki, BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında çıxış edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, Nikol Paşinyan Gürcüstanın Baş naziri vasitəçiliyi ilə görüşmək niyyətini ona çatdırıb. Öz növbəsində Türkiyə lideri Paşinyana məsələlərin çözülməsi yollarını da açıqlayıb. R.T.Ərdoğan bunun üçün Ermənistanın müsbət addımlar atmasının lazım olduğunu diqqətə çatdırıb. R.T.Ərdoğan bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur dəhlizinin açılması ilə həll oluna bilər.

Ekspertlər də Paşinyanın görüş arzusunun Ermənistanın çıxılmaz vəziyyətindən irəli gəldiyi qənaətindədirlər. Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistan ilə Türkiyə arasında sərhədlərin bağlanması 30 ilə yaxın davam etmiş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədardır. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayan millət vəkili post-müharibə dövründə R.T.Ərdoğanın regionun gələcək inkişafı ilə bağlı təklifləri sırasında “altılıq platforması”nın da yer aldığını xatırladıb. Onun sözlərinə görə, Cənubi Qafqazda Türkiyə, Azərbaycan, İran, Rusiya, Gürcüstan və Ermənistanın iştirakı ilə belə bir platformanın yaranması, eyni zamanda iqtisadi problemlərin həllində yeni bir mərhələ ola bilər: “Bu, Azərbaycan və Türkiyə tərəfindən Ermənistana qarşı bir humanist addım idi. Ermənistan iqtisadiyyatı tənəzzülə uğrayıb və bu dövlət adi sosial problemlərini həll etmək iqtidarında deyil. Amma noyabrın 10-dan sonra Ermənistan kommunikasiyaların açılması, delimitasiya və demarkasiya ilə bağlı hər hansı bir addım atmadı. İndi isə baş nazir Paşinyan kritik vəziyyətdən çıxmaq, iqtisadi problemləri həll etmək istəyir. Çünki sosial problemlər öz həllini tapmasa, ölkədə etirazların başlaması qaçılmaz olacaq”.

A.Nağıyevin fikrincə, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bunun üçün isə, ilk növbədə Zəngəzur dəhlizi və digər kommunikasiyalar açılmalıdır. “Bu görüşdə Azərbaycanın və Türkiyənin maraqları mütləq şəkildə öndə olmalıdır, nəzərə alınmalıdır. Yəni, görüş xatirnə görüş olmamalıdır. Cənab Ərdoğan öz çıxışında bu məsələyə toxunub. Ümumiyyətlə, Türkiyənin regionun həm iqtisadi, həm də siyasi təhlükəsizliyinin təmininə qarşı yönələn təhdidlərin aradan qaldırılmasında rolu danılmaz və müstəsnadır. Fikrimcə, əlaqələrin qurulması üçün ilkin addım məhz Zəngəzur dəhlizinin açılması olmalıdır. Bundan sonra Paşinyan Türkiyə Prezidenti ilə görüşə bilər”, - deyə A.Nağıyev əlavə edib.

Politoloq Yeganə Hacıyevanın fikrincə də, Türkiyə Ermənistanla yalnız rəsmi İrəvanın müəyyən şərtlər əsasında regionda nəqliyyat dəhlizlərinin açılmasında göstərəcəyi iradə qarşılığında dialoqa hazırdır. İlk növbədə isə, Zəngəzur dəhlizi açılmalıdır: “Paşinyan Türkiyə Prezidenti Ərdoğanla danışıqlar arzusundadırsa, bu addımı atmalıdır. Bununla yanaşı, görüş təklifi iki ölkə arasında diplomatik əlaqələrin yaranması, sərhədlərin açılması kimi mövzuları da əhatə edir. Paşinyan ilin sonunda parlamentdə hökumətin hesabatını təqdim etməlidir və fakt qarşısında qalıb. O baxımdan, regional kommunikasiyaların açılması ilə bağlı addımlar atmaq məcburiyyətindədir”.

Y.Hacıyeva onu da bildirib ki, 10 noyabr razılaşması həm iqtisadi, həm təhlükəsizlik, həm də siyasi aspektlər üzrə kompleks şəkildə reallaşmalıdır. “Ermənistan ilə Türkiyə sərhədlərinin açılması təşəbbüsü müəyyən mənada Azərbaycan üçün də faydalıdır. Bu, Ermənistanı uzunmüddətli perspektivdə iqtisadi baxımdan Türkiyədən asılı vəziyyətə salacaq. Azərbaycandan və Türkiyədən asılı olan Ermənistan faktoru isə regionda sülhün və təhlükəsizliyin davamlılığına mane ola bilməyəcək”, - deyən politoloq onu da əlavə edib ki, bu görüş həm də kənar qüvvələr tərəfindən Türkiyə üçün təzyiq və təsir vasitəsi kimi düşünülmüş qondarma “erməni soyqırım”ı məsələsinin həllində dönüş yarada bilər. Bu baxımdan, Ermənistan istər Azərbaycanla sərhədlərin müəyyənləşməsi və dəhlizlərin açılması, istərsə də Türkiyə ilə münasibətlərin normallaşması məsələsində sağlam düşüncə ilə addım atmağa məcburdur.

Pərviz SADAYOĞLU

Paylaş
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31