Heydər Əliyev
yeni azerbaycan logo

Acgözlük

21.09.2021 [13:58]

Dədə-babadan çox eşitmişik ki, vəzifə həm yaxşı şeydir, həm də pis. Yəqin, bu cümləni oxuyanlar fikrə gedib bir az düşünməli olacaqlar. Düşünə-düşünə də öz-özlərinə sual verəcəklər ki, eyni bir şey necə həm yaxşı, həm də pis ola bilər? Yəqin ki, bu, çox düzgün sualdır. Çünki vəzifə ya yaxşı olmalıdı, ya da pis. İkisinin arasında çox girinc qala bilməz. Verilən bu düzgün sualı, elə düzgün də cavablandırmağa çalışacağam. Deməli, əgər vəzifəyə təyin olunan biri vəzifəyə xidmət edirsə, bu yaxşıdır. Yox əgər, vəzifəni döyə-döyə özünə xidmət elətdirirsə, bax bu pisdir.

Vəzifəni özünə xidmət elətdirməyin bir adı da acgözlükdür. Acgözlük sözünün də lüğətlərdə izahı gözü doymamazlıq kimi yazılıb. Məncə gözü doymamazlıq deyilən nəsnə də, ağır xəstəliyə bənzəyən heyvərə bir şeydir. Hələ vallah bəlkə də ondan da pisdir. Çünki hansısa bir xəstəliyin yaxşı-pis müalicəsi var. Acgözlüyün isə mən bilən müalicəsini həkimlər nə qədər axtarsalar da, hələ də tapa bilməyiblər. Bu gedişlə, yəqin ki, heç tapmayacaqlar da. Tapan olsaydılar, indiyə qədər bir xəbər eşidərdik.

Min təəssüflər ki, bu gün gözəl cəmiyyətimizdə vəzifədə çalışanların bəziləri vəzifəyə xidmət etmək əvəzinə, acgözlük edərək, vəzifəni özlərinə xidmət elətdirməyə çalışırlar. Bəzən buna nail olurlar, vəzifə çox dərinə getmədən onlarla razılaşır. Bəzən isə vəzifə o səfeh adamlara boyun əyməkdən qəti imtina edir, acgözlərlə mübarizə aparır. Birinci variant olanda, vəzifə acgöz adamların acgözlüyünü ildırım sürəti ilə artırır. Əllərinə bir balaca vəzifə keçən həmin acgöz adamlar başlayırlar bala-bala millətin, dövlətin əmlakını, pulunu, ərzağını mənimsəməyə. Mənimsədikcə mənimsəyir, yedikcə yeyirlər. Doymaq nə olduğunu bilmir. Sanki bu hissi itirir. Yedikcə yemək, tıxdıqca tıxmaq istəyir. Göz doyanda qarın doymur, qarın doyanda da göz doymur. Bəzən isə acgöz nə qədər yesə də, doymadığını hiss etməyib yediyini yalamağa başlayır. Düşünür ki, yeməklə doymadım, bəlkə yalamaqla doyaram. Amma yalamaqla da doymur ki, doymur. Bilmir ki, yeməklə doymayan yalamaqla da doymaz.

Acgözlükdən, gözü doymamazlıqdan söz düşəndə gözlərim önündə həmişə “Qafqaz əsiri” filmindən maraqlı və gülməli bir epizod canlanır. Yəqin ki, mənimlə bərabər o gözəl epizoda çoxları baxıb. Məşhur aktyor Nikulin və dostları “əsirlikdən” qaçan qızı tutmaq üçün ərzaq daşıyan soyuducu yük maşınına minirlər. Bir az gedəndən sonra maşını saxlatdırmaq üçün onu içəridən döyürlər. Sürücü maşını yolun kənarında saxlayır. Arxa qapını açıb maşına doluşanları düşürür. Nikulin yerə düşərkən maşındakı cəmdəklərdən birini də qamarlayıb özü ilə götürür. Bunu görən sürücü cəmdəyi onun əlindən alıb maşına atır. Anlayan və qanan üçün bu çox ibrətamiz səhnədir. Qanmayan üçün isə heç nə! Deməli, bu adamlar onlara tapşırılan işi yerinə yetirməyiblər. “Əsirin” keşiyini yaxşı çəkməyib, onu qoruya bilməyiblər, qız qaçıb. İndi onlar “əsiri” axtara-axtara həm də özlərinin olmayan cəmdəyə də göz dikirlər. Bu dar məqamda, necə olursa olsun, acgözcəsinə özlərinin olmayana da sahib çıxırlar. Amma sürücü başlarının üstünü kəsdirib cəmdəyi onlardan alır. Bizim bəzi acgöz vəzifə sahibləri də, əllərinə düşmüş vəzifə fürsətindən yararlanaraq özlərinin olmayanlara sahib çıxmağa çalışırlar. Amma çox çəkmir ki, atalar demiş, su səhəngi suda sınır. Bir gün acgöz vəzifə sahiblərinin qapısı astaca döyülür. Sandıqlar açılır, pambıqlar bala-bala çölə tökülür. Acgözün dövlətin və xalqın varını oğurlayan əlini tutub qandallayırlar. Sonra onu məhkəməyə çəkirlər, istintaq aparırlar, mənimsədiklərini geri qaytarırlar. Bu, bir növ filmdəki sürücünün oğruların əlindən cəmdəyi almağına bənzəyir.

Acgöz adamların başları o qədər vəzifələrindən istifadə edib yeməyə, mənimsəməyə qarışır ki, ətrafında baş verənlərdən də xəbər tuta bilmirlər. Bəlkə də xəbər tuturlar, sadəcə olaraq ibrət dərsi götürmürlər. Əgər gördüklərindən ibrət dərsi götürsələr, yəqin bir az utanar, bir az da qızararlar. Amma yox, bu acgözlər dünyanın gərdişinə fikir vermədən nəfslərinin əsirinə çevrilərək gözləri doymadan var-dövlət yığırlar. Təəssüflər ki, bu gözü doymayanlar özlərinin olmayan var-dövləti gec-tez əsl sahiblərinə qaytarmalı olacaqlarını unudurlar.

Yəqin ki, bu acgözlər özlərindən əvvəlki acgözlərin taleyindən xəbərsizdirlər. Əgər xəbərləri olsaydı, həmin acgözlərin başlarına gələnlərdən ibrət dərsi götürərdilər. Bütün acgözlərə müraciət edib demək istəyirəm ki, bu gün ətrafınızda baş verənlərdən ibrət götürməyin tam zamanıdır. Çalışın ki, zamandan geri qalmayasınız. Əgər geri qalsanız, bax həmin kinodakı sürücü böyürdən çıxıb mənimsədiklərinizin hamısını əlinizdən alıb maşınına atıb aparacaq. Siz də həm baxa-baxa, həm də yana-yana qalacaqsınız. Ona görə də, çalışın həyatdan ibrət dərsi götürün, yaşadığınız zamandan geri qalmayın. Acgözlükdən əl çəkin, yoxsa...

Vahid MƏHƏRRƏMOV

Paylaş
Baxılıb: 23 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31